Nikol Paşinyanın 1994-cü ildən bəri Bakı ilə danışıqların yalnız Qarabağın Azərbaycana qaytarılması məsələsi üzərində aparıldığı barədə bəyanatı ATƏT-in Minsk Qrupunun buraxılması üçün zəmin hazırlayır.
Axar.az xəbər verir ki, bunu erməni politoloq Qriqor Balasanyan deyib.
“95% əminəm ki, bu bəyanatlarla Paşinyan Minsk Qrupunun buraxılması üçün hazırlıqlara başlayır. Bu, həm də Prezident İlham Əliyevə Ermənistanın onun növbəti tələbini təmin etməyə hazır olduğuna işarədir”, - o bildirib.
Balasanyanın fikrincə, Qarabağ münaqişəsinin əslində aşkar həlli yox idi:
“Ermənistan və “artsax” Azərbaycanın ərazi bütövlüyünü əsas götürməkdən imtina edirdi, Azərbaycan isə Qarabağ xalqının öz müqəddəratını təyinetmə hüququnu tanımağa razı olmurdu. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin mövqeyi isə münaqişənin uzunmüddətli dondurulması idi”.
Qeyd edək ki, Paşinyan sosial şəbəkə səhifəsində 1994-cü ildən atəşkəs sazişi bağlanandan sonra danışıqlar prosesinin yalnız Qarabağın Azərbaycana geri qaytarılması ətrafında getdiyini yazıb. Ermənistan Baş nazirinin sözlərinə görə, danışıqların başqa məzmunu olmayıb və bütün digər proseslər yalnız daxili siyasi məqsədlər üçün istifadə edilib.
Paşinyan bunu sübut etmək üçün əvvəlki prezidentləri debata çağırsa da, Ter-Petrosyan, Köçəryan və Sərkisyan təklifi qəbul etməyiblər.