Azərbaycan Mərkəzi Bankı (AMB) davranış modelləri əsasında kreditləşməyə dair prudensial tənzimlənmə çərçivəsini qəbul edib.
Bu barədə "APA-Economics"ə AMB-dən bildirilib. Qeyd edilib ki, müasir dövrdə banklarda proseslərin avtomatlaşdırılması, müştəri yönümlü olması, süni intellekt həllərin tətbiqi nəticəsində proqnozlaşdırılan məlumatların dəqiqliyinin daha da artımı ənənəvi bank xidmətlərinin alternativ kanallarla daha aşağı xərc və yüksək sürətlə təklif edilməsi imkanlarını artırır. Davranış modelləri üzrə qəbul edilmiş yeni prudensial tənzimlənmə çərçivəsi də bu imkanlardan istifadə edərək fərdi sahibkarlara və fiziki şəxslərə banklar tərəfindən onların proqnozlaşdırılan gəlirləri əsasında kredit verilişini təmin edəcəkdir. Qəbul edilmiş dəyişikliklərdə davranış modelinin hazırlanması prosesinə, bankda bu sahədə potensialın artırılmasına, modelin validasiyasına və hesabatlığına dair tələblər, habelə davranış modeli əsasında verilmiş kreditlər üzrə risklərin azaldılması məqsədilə limitlər, daha sərt təsnifləşdirmə tələbləri və artırılmış kapital tələbləri müəyyən edilmişdir. Belə ki, banklar məcmu miqdarı bankın kredit portfelinin 10%-dən artıq olmamaq şərti ilə davranış modelləri əsasında kredit verilişini həyata keçirə biləcəkdir. Bununla belə, davranış model əsasında verilmiş və 90 gündən çox gecikdirilmiş kreditlərin həcmi həmin kredit portfelinin 10%-nə çatdıqda model əsasında kreditlərin verilməsi dayandırılacaqdır.
Bütövlükdə, kreditləşmə prosesində davranış modellərindən istifadə müştərilərin bank kreditlərinə əlçatanlığının artırılmasına xidmət edəcəkdir. Bu isə, öz nəvbəsində kiçik və orta sahibkarlığın maliyyə və məşğulluq imkanlarının genişlənməsinə, eləcə də resursların daha məhsuldar bölgüsünə köməklik edəcəkdir. Həmçinin modellər vasitəsilə daha dəqiq və yeni məlumatlardan istifadə imkanı bankların biznes proseslərinin optimallaşdırılmasına, əməliyyat xərclərinə qənaətə, kredit anderraytinqi və skorinq proseslərinin sürətləndirilməsinə, dəqiqliyinin artırılmasına, bununla da kredit risklərinin azaldılmasına töhfə verəcəkdir.
Qeyd olunan müvafiq dəyişiklikləri aşağıdakı link üzərindən nəzərdən keçirmək mümkündür:
https://e-qanun.az/framework/58591