Ərdoğan Novruz bayramıyla əlaqədar İlham Əliyevə təbrik ünvanlayıb

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

Sherg.az-ın xəbərinə görə, təbrikdə deyilir:

"Cənab Prezident, Əziz Qardaşım.

Təbiətin yenidən canlandığı, torpağın oyandığı və ümidlərin çiçəkləndiyi Novruz bayramı münasibətilə Zati-alinizə və dost Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

Çoxəsrlik qədim ənənəmiz olan Novruz bu il də sülhün, qardaşlığın, həmrəyliyin əhəmiyyətini xatırlamağımıza vəsilə olur. Ümid edirəm ki, Novruz dünyada sülhlə bağlı ümidlərin bəsləndiyi, beynəlxalq dialoq və əməkdaşlığın yeni səviyyələrə çatdığı bir dövrün müjdəçisi olacaq. Ölkələrimiz arasında dərin köklərə malik dostluq və qardaşlıq tellərinin möhkəmlənməsi, əməkdaşlığımızın daha da güclənməsi bu Novruz bayramında da səmimi arzumuzdur.

Bu mənalı gün münasibətilə Zati-alinizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına sülh, rifah və firavanlıq dolu gələcək arzulayıram".