Abutalıb Səmədov: “Rusiya Azərbaycanın böyük və kifayət qədər təhlükəli qonşusudur”

“Biz bunu heç vaxt unutmuruq”


Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomatik münasibətlərin qurulmasının 33 illiyi ilə əlaqədar iki ölkənin xarici işlər nazirləri arasında məktub mübadiləsi olub.
XİN-dən verilən məlumata görə, 4 aprel tarixində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomatik münasibətlərin qurulmasının 33 ili tamam olur.
Bu münasibətlə, Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyası xarici işlər naziri Sergey Lavrov arasında təbrik məktublarının mübadiləsi baş tutub.
Azərbaycan Respublikası xarici işlər nazirinin məktubunda bildirib ki, ötən onilliklər ərzində ölkələr arasında ümumi tarixi dəyərlərə, qarşılıqlı hörmətə və etimada əsaslanan, o cümlədən bir-birinin maraqlarını nəzərə alan ikitərəfli münasibətlər uğurla inkişaf edərək strateji tərəfdaşlıqdan müttəfiqlik münasibətlərinə çevrilib. 
Ceyhun Bayramovun məktubunda deyilir ki, ən yüksək səviyyədə müntəzəm siyasi dialoq əməkdaşlığın mütərəqqi inkişafında mühüm amil olmaqla hər zaman Azərbaycan-Rusiya qarşılıqlı fəaliyyətinə rəvac verib: “22 fevral 2022-ci il tarixində Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanması dövlətlərarası münasibətlərin keyfiyyətcə yeni səviyyəyə keçidini təmin edərək, müxtəlif sahələrdə uzunmüddətli əməkdaşlıq üçün möhkəm zəmin yaradıb.
Bu gün, intensiv ikitərəfli təmaslarla səciyyələnən müttəfiqlik qarşılıqlı fəaliyyəti səmərəli şəkildə möhkəmlənməkdə davam edir. Bunun bariz nümunəsi ticarət dövriyyəsinin durmadan artması, qanunvericilik bazasının genişləndirilməsi, eləcə də birgə layihə və təşəbbüslərin uğurla həyata keçirilməsidir. İkitərəfli gündəmdə mədəni-humanitar əlaqələrin və regionlararası əməkdaşlığın genişləndirilməsi məsələləri xüsusi yer tutur.
Şübhəsiz ki, xarici siyasət qurumları arasında sıx əməkdaşlıq qarşılıqlı maraq doğuran geniş spektrli məsələlər üzrə müttəfiqlik qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə kömək edir. Əminəm ki, Azərbaycan-Rusiya münasibətləri dövlətlərimizin və xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da hərtərəfli şəkildə dərinləşəcək və yeni məzmunla təmin olunacaqdır". 

Politoloq Abutalıb Səmədov isə “Sherg.az"a açıqlamasında deyib ki, Rusiya Azərbaycanın böyük və kifayət qədər təhlükəli qonşusudur. Biz bunu heç vaxt unutmuruq: 
“Onu da unutmuruq ki, müstəqilliyimizdən ötən 33 il ərzində Rusiya Azərbaycana kifayət qədər problemlər yaradıb, yaşadıb. Ermənistana hərbi və maddi dəstək verərək, onları silahlandıraraq torpaqlarımızın işğalında həlledici rol oynayıb. 
Lakin son illərdə Rusiya ölkəmizə qarşı münasibətdə konstruktiv mövqe sərgiləyib. Xüsusən də BMT Təhlükəsizlik Şurasının Qarabağa, Laçın dəhlizinə həsr etdiyi iclaslarda Rusiyanın tutduğu mövqe Azərbaycana xeyli kömək edib. 44 günlük Vətən müharibəsində də Rusiyanın proseslərə müdaxilə etməməsi, digər güclərlə birləşməməsi bizə ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etmək imkanı yaratdı”. 

A.Səmədov qeyd edib ki, ötən ilin sonu Azərbaycana məxsus mülki təyyarənin Rusiya tərəfindən vurulması yenidən iki ölkə arasında siyasi böhrana səbəb oldu və bu gərginlik hələ də davam edir:
 “Ötən ay Azərbaycanda səfərdə olan Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko da Bakı-Qroznı istiqaməti üzrə uçuş yerinə yetirən Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzaya uğrama səbəbinin Rusiyanın istintaq orqanları tərəfindən araşdırıldığını və ona obyektiv qiymət veriləcəyini bildirdi. Azərbaycan isə səbrlə araşdırmaların bitməsini, vətəndaşlarımıza qarşı törədilən vəhşi davranışa görə müvafiq addımların atılmasını gözləyir. Hesabat açıqlandıqdan sonra Rusiya dövləti mütləq üzr istəməli və günahkarları cəzalandıraraq təzminat  ödəməlidir. 
Bununla belə, Azərbaycan Rusiya ilə münasibətlərin normallaşmasında, diplomatik və siyasi əlaqələrin əvvəlki səviyyədə olmasında maraqlıyıq. Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyev cənablarıəna zəng edərək 9 mayda baş tutacaq hərbi parada dəvət etməsi, XİN başçıları səviyyəsində məktub mübadiləsi, telefon danışığı da aradakı gərginliyin aradan qaldırılmasında hər iki tərəfin maraqlı olduğunu göstərir. 
Lakin təəssüflə qeyd etməliyəm ki, Rusiya postsovet ölkələri ilə normal münasibətlər qurmaqda “çətinlik” çəkir. Ümid edirəm ki, şimal qonşumuz bu siyasətindən əl çəkəcək və normal qonşuluq siyasəti yeridən dövlətə çevriləcək”.