Çinin xarici siyasətindəki bərabərhüquqlu davranış Azərbaycan üçün önəmli faktorlardandır -ANALİZ

Çinin Azərbaycana yeni təyin olunmuş səfiri Lu Mey aprelin 14-də diplomatik vəzifəsinin icrasına başlamaq üçün Bakıya gəlib.
Diplomat qarşılanma mərasimində ölkələrimizin təkcə səmimi və etibarlı dost deyil, həm də bərabərhüquqlu tərəfdaş olduğunu diqqətə çatdırıb.
Lu Mey ölkəsini iki ölkə liderinin strateji rəhbərliyi altında ikitərəfli əməkdaşlığın bütün istiqamətlərdə inkişaf etdiyi dövrdə Azərbaycanda təmsil etməkdən şərəf duyduğunu açıqlayıb.
Səfir dövlət başçıları arasında əldə edilmiş mühüm razılaşmalara riayət etməyə və praqmatik əməkdaşlığın inkişafı, xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi, eləcə də Çin-Azərbaycan strateji tərəfdaşlığının yeni səviyyəyə qaldırılması məqsədilə Azərbaycan cəmiyyətinin bütün təbəqələrinin nümayəndələri ilə sıx əməkdaşlıq etməyə hazır olduğunu da bildirib.
Qeyd edək ki, əvvəllər Çinin Azərbaycandakı səfiri vəzifəsini Qo Min tutub.

Politoloq Asif Nərimanlı "Sherg.az"a deyib ki, Çin və Azərbaycan arasındakı əməkdaşlıq müxtəlif sektorları əhatə edir:

"Burada hərbi müstəvidə əməkdaşlıq daha geniş miqyasda olmasa da, siyasi və iqtisadi mənada kifayət qədər ciddi əlaqələr mövcuddur. Çin Azərbaycan üçün böyük bir iqtisadi bazardır. O cümlədən Azərbaycan bazarı kiçik olsa belə yenə də rəsmi Pekin buraya iqtisadi baxımdan bazar olaraq yanaşır. Çinin Azərbaycan üçün əhəmiyyətinə baxdıqda, bir çox istehsal məsələsində bu ölkənin həm təcrübəsindən yararlanmaq, həm də qarşılıqlı əməkdaşlıq mövcuddur. O cümlədən işğaldan azad edilmiş ərazilər də daxil olmaqla Çin şirkətlərinin ölkəmizə investisiya yatırması Azərbaycan üçün ən önəmli məsələlərdəndir. Ümumiyyətlə Çin Avrasiyada artıq əsas gücə çevrilən ölkədir. Bütün bunlar hər iki dövlətin strateji maraqlarına uyğun gəlir. Orta dəhlizdə əsas ölkələrdən biri olmasıdır. Eyni zamanda Çinin gələcək planı bütövlükdə Avrasiyada nəqliyyat şəbəkələrini qurmaq və iqtisadi əlaqələrini artırmaqla əsas siyasi gücə çevrilməkdir. Bunun üçün onların "bir kəmər, bir yol" layihəsi var. Bu layihənin ən önəmli marşrutu da məhz Orda dəhlizdir. Yəni Çindən başlayaraq Orta Asiyanı keçib Azərbaycan, Türkiyə və Avropaya çıxışıdır. Həmçinin Orta dəhliz üzərində istər Çin, istər ABŞ, istərsə də region ölkələrindən İran və Rusiyanın maraqları var. Azərbaycanın burada önəmli rolu olduğu üçün Çin dövlətimizə kifayət qədər ciddi tərəfdaş kimi baxır".

Politoloq əlavə edib ki, bütöv Avrasiyanın gələcəyini müəyyənləşdirməyə potensialı olan layihədə Azərbaycanın iştirak etməsi müsbət haldır:
"Üstəlik, ölkəmiz Şimal, Cənub, Şərq və Qərb arasında nəqliyyat qovşağıdır. Odur ki, "bir kəmər, bir yol" layihəsi bu mənada daha da üstünlük və dividentlər vəd edir. Digər vacib məsələ isə Çin və Azərbaycanın bərabərhüquqlu şəkildə əməkdaşlığıdır. Bir çox Qərb ölkəsi adətən ikitərəfli əlaqələrdə özü ilə bərabər yanaşma sərgiləmir. Bu, rəsmi Bakının maraqlarına uyğun gəlmir. Lakin Çinin xarici siyasətində həmişə digər ölkələrə bərabərhüquqlu davranış Azərbaycan üçün önəmli faktorlardandır".