
Qarabağ zəfəri Ukraynaya yol göstərir -ŞƏRH
Azərbaycan Prezidentinin Ukrayna xalqına “heç vaxt işğalla barışmayın!” mesajının nüfuzlu xarici media orqanlarının əsas xəbərinə çevrilməsi gözlənilən idi
Xankəndi şəhərində keçirilmiş III Şuşa Qlobal Media Forumunun əsas mövzusu “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” olsa da, müzakirələrin əhəmiyyətli hissəsi daha çox siyasi və strateji mahiyyət daşıyır.
Xüsusən də Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı beynəlxalq ictimaiyyət və siyasi qüvvələrə strateji siqnal və bir xəbərdarlıq idi. Ölkə başçısı bir növ xəbərdarlıq etdi ki, xarici qüvvələrin Azərbaycan üçün arzuladığı risklər-planlar mənasız və keçərsizdir. Yəni Azərbaycanda xaos mümkün deyil və artıq bu ehtimal belə müzakirə edilmir.
Forumda Prezident İlham Əliyevin ukraynalı jurnalist Dmitri Qordona cavabı və işğalla bağlı Ukrayna xalqına “işğalla barışmayın” məsləhəti dünyada böyük maraq, heyrət və məmnunluqla qarşılanıb.
Üstəlik, ölkə başçısının Forum çərçivəsindəki çıxışında Rusiyanın Qroznıda vurduğu Azərbaycanın sərnişin təyyarəsinə görə “Təyyarəmizin vurulmasını unutmayacağıq – Rusiya cavab verməlidir!” tələbi Azərbaycanın özünə arxalandığı və iqtisadi, hərbi və diplomatik güclü potensiala malik olan bir dövlət olduğunu bir daha ortaya qoyur.
Siyasi ekspertlərin fikrincə, İlham Əliyevin ritorikası rəsmi Bakının bütövlükdə yeni “güc dili”dir.
Qeyd ediblər ki, iki taleyüklü məqama diqqət çəkən bu bəyanatlar Rusiyanın Ukrayna torpaqlarının işğalını təsdiqləyir, bununla da, faşist Putin Rusiyasının beynəlxalq hüququ ayaqlar altına atdığını bir daha gündəmə gətirir.
Əgər buraya dövlət başçısının "atəşkəs problemi həll etmir, münaqişənin uzun illər dondurulmasına gətirib çıxarır" bəyanatını da əlavə etsək, mesaj gün kimi aydındır.
Azərbaycan Həmrəylik Komitəsinin sədri, politoloq Əlisahib Hüseynov Sherg.az-a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin Ukrayna xalqına ünvanladığı “işğalla heç vaxt barışmayın” çağırışı təkcə mənəvi dəstək deyil, həm də beynəlxalq hüququn və dövlət suverenliyinin qorunması baxımından strateji əhəmiyyət daşıyan siyasi mövqedir.
AHK sədrinin sözlərinə görə, bu bəyanat, Azərbaycanın müharibədən sonrakı möhkəm mövqeyini nümayiş etdirməklə yanaşı, regionda ədalətin bərpası uğrunda mübarizə aparan xalqlara da nümunə göstərir. Bu cür açıq və prinsipial çıxışlar Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır və ölkəmizin sülhsevər, lakin qətiyyətli siyasət yürütməsini təsdiqləyir:

“Dövlətimizin başçısı hər bir qonağın suallarını xüsusi təmkin və məntiqi əsaslarla cavablandırmaqla, regionla və qlobal sülhün konsepti ilə bağlı fikirlərini açıq şəkildə bölüşməklə yanaşı, həm də konkret olaraq bu gün müharibədən əziyyət çəkən ukraynalılara heç vaxt işğalla razılaşmamağı məsləhət gördü. Prezident İlham Əliyevin ukraynalı jurnalist Dmitri Qordonun müharibə şəraitində olan Ukrayna xalqına nə məsləhət görə biləcəyi ilə bağlı sualını belə bir tövsiyə ilə cavablandırması o demək idi ki, 44 günlük İkinci Qarabağ müharibəsində qazandığımız Qələbə Ukrayna üçün ən yaxşı təcrübədir. Bu mənada Azərbaycan Prezidentinin Ukrayna xalqına işğalla heç vaxt barışmamağı tövsiyə etməsinin Rusiyanın siyasi dairələrində böyük qıcıq və ajiotaja səbəb olması heç də təsadüfi deyil. Hazırda Kremlin Azərbaycana qarşı təzyiqləri gün-gündən artırması fonunda dövlətimizin başçısının Rusiyanın işğalçılıq faktını açıq şəkildə vurğulaması ukraynalıların İlham Əliyevə rəğbətini artırmaqla yanaşı, ölkəmizin tutduğu prinsipial mövqenin dünya birliyi tərəfindən hörmətlə qarşılanmasını təmin etdi. Odur ki, Azərbaycan Prezidentinin Ukrayna xalqına “heç vaxt işğalla barışmayın!” mesajının nüfuzlu xarici media orqanlarının əsas xəbərinə çevrilməsi gözlənilən idi”.
Ə.Hüseynov qeyd edib ki, dövlət başçısının ötən ilin dekabrında sərnişin təyyarəmizin Rusiya tərəfindən vurulması faktının araşdırılmasını beynəlxaq məhkəməyə yönləndirmək niyyətini Forumda açıq şəkildə bəyan etməsi də təqdirəlayiq addımdır:
“Yeddi ay ərzində Kremlin bu istiqamətdə heç bir müsbət addım atmadığı üçün ölkəmizin bu məsələni beynəlxalq hüquq müstəvisinə daşımaq məcburiyyəti qarşısında qalmasının günahı, şübhəsiz ki, Rusiya rəhbərliyinin üzərinə düşür. Ona görə də Azərbaycan Prezidenti tamamilə haqlı olaraq Şuşa Media Forumunda Rusiya tərəfinin süründürməçiliyi və qeyri-obyektivliyi ilə bağlı sərt fikirlər səsləndirməli oldu. Məhz bunun nəticəsidir ki, İlham Əliyevin “Əgər cavab vermirlərsə, beynəlxalq məhkəməyə müraciət edəcəyik” mesajı dünya KİV-lərinin xəbər başlıqlarında geniş yer aldı. Azərbaycan Prezidentinin bu cür prinsipial mövqeyi dünyada böyük rəğbətlə qarşılanıb”.