
Moskva Bakı ilə normallaşma istəyir: Putinin salamı hesablanmış addımdır
Yusif Nəzərli
05:04 05.09.2025
Siyasət
379
Politoloq: “Rusiya Cənubi Qafqazda ilişib qalıb, çıxış yolu Azərbaycanla dialoqdadır”
Rusiya Prezidenti Vladimir Putin uzun müddət sonra Azərbaycanla gərgin münasibətlərdən danışıb. Kreml rəhbəri Çində Prezident İlham Əliyevlə salamlaşaraq, iki-üç kəlmə danışdığını deyib. Moskva ilə Bakı arasında münasibətlərin vəziyyətini şərh edən Putin qeyd edib ki, ölkələr arasında münasibətlərdə həmişə mövcud və ya hansısa siyasi vəziyyətə əsaslanan bəzi suallar yaranır, problemlər var: "Lakin mən inanıram ki, Azərbaycan və Rusiya arasında fundamental münasibətlər və onların inkişafına qarşılıqlı maraq son nəticədə hər şeyi öz yerinə qoyacaq". Bəzi ekspertlər Çində Prezident İlham Əliyevlə Putinin ayaqüstü salamlaşmasını təsadüfi sayır, bundan ciddi nəticələr gözləməyə dəymədiyini söyləyirlər. Hesab edirlər ki, Rusiya-Azərbaycan əlaqələrinin normallaşması istiqamətində ilk növbədə rəsmi Kreml AZAL təyyarəsinin vurulması ilə bağlı rəsmi üzr istəməli və təzminat ödəməlidir. Təbii ki, Azərbaycan Rusiya ilə münasibətlərin gərginləşməsində maraqlı deyil. Azərbaycanla Rusiya qonşu ölkələrdir və tərəflər arasında bir çox sahələrdə əməkdaşlıq daim yüksək səviyyədə olub. Amma Rusiya Azərbaycanın müstəqil siyasət aparmasını qəbul etmir və Cənubi Qafqazda yeni geosiyasi nizamı narahatlıqla qarşılayır. Rusiya özü Azərbaycanla fundamental problemlər yaratsa da, Moskvanın anti-Azərbaycan siyasəti öz əleyhinə çevrilib. Lakin bir sıra şərhçilər Putinin açıqlamasından sonra münasibətlərin normallaşmağa doğru gedəcəyini, ayaqüstü görüşün təsadüfi olmadığını düşünürlər.
Politoloq Qulamhüseyn Əlibəyli Sherg.az-a deyib ki, Çində Rusiya və Azərbaycan prezidentlərinin salamlaşması sadəcə jest xatirinə deyildi. Düzdür, beynəlxalq münasibətlərdə nəzakət xatirinə belə salamlaşmalar olur, hətta açıq düşmənçilik mövqeyi sərgiləyən dövlətlərin rəhbərləri belə salamlaşmadan qaçmırlar. Amma ekspert düşünür ki, Çində Rusiya Prezidenti Vladimir Putinin dövlət başçısı İlham Əliyevə yaxınlaşması, salamlaşması hesablanmış addım idi:

"Görünür, Rusiya Azərbaycanla münasibətlərin normallaşması istiqamətində müəyyən addımlar atmaq niyyətindədir. Ən azından bunu istəyir. Putin bu hərəkəti ilə hər kəsə, xüsusən Rusiyada Azərbaycanla münasibətlərin korlanmasını istəyənlərə və buna çalışanlara göstərdi ki, Bakı ilə əlaqələri normallaşdırmaq arzusundadır. Günah bizdə deyil. İkitərəfli münasibətlərin pisləşməsinin səbəbkarı məhz Moskvadır. Rusiya postsovet ölkələrini özünün quberniyası kimi görür. Əfsuslar ki, Kremldə oturanlar bu təfəkkürdən xilas ola bilmirlər. Rusiyanın problemi Cənubi Qafqazda hansısa formada ilişib qalmaqdır. Hər halda Rusiyanın mövqeyində dəyişiklik olacağını söyləmək mümkündür. Artıq Kreml rəhbəri qəbul edir ki, Azərbaycanla bağlı son günlərdə həyata keçirilən qərəzli siyasət, ölkəmizi hücumla, ordu yeritməklə hədələmək uğursuz oldu. Düzdür, Zəngəzur dəhlizi istiqamətində konkret addımların atılması Moskvanı daha çox qızışdırdı. Lakin Rusiya dərk edir ki, təkbaşına Zəngəzur dəhlizinə nəzarət etməsi qeyri-mümkündür. Moskva üçün ən optimal yol dəhlizi əngəlləmək yox, dəhlizin imkanlarından yararlanmaqdır. Bunun üçün də Azərbaycanla münasibətlərdə mütləq yumşalma olmalıdır. Şimal-Cənub Dəhlizindən keçid Azərbaycanın razılığı olmadan mümkün deyil. Ona görə də rus rəsmiləri son günlərdə daha çox iqtisadi münasibətlərin bərpasından, önəmindən danışırlar".
Q.Əlibəyli vurğulayıb ki, Putin başa düşür ki, Azərbaycanla "qırmızı xətti" çox keçmək lazım deyil:
"Dövlətlərarası münasibətlərdə müəyyən problemlərin yaşanması, ziddiyyətlərin olması təbiidir. Əsas odur ki, mövcud gərginliyin aradan qaldırılması üçün əməli addımlar atılsın. Münasibətləri normallaşdırmaq niyyəti, istəyi olsun. Putinin salamlaşması və sonrakı açıqlaması göstərir ki, Rusiya Azərbaycanla əlaqələri düzəltmək istəyir. Yəqin ki, bundan sonra başqa açıqlamaların da şahidi olacağıq".
Analitik əlavə edib ki, Rusiya Azərbaycanın qətiyyətli mövqeyindən sonra həm Bakı ilə, həm də Orta Asiya ölkələri ilə bir qədər ehtiyatlı davranacaq:
"Moskva çalışacaq ki, başqa metodlardan istifadə etsin. Çünki təzyiq və təhdid dili artıq istənilən nəticəni vermir. Rusiyanın artıq Azərbaycana siyasi və iqtisadi təsir imkanları yoxdur. Sadəcə, diaspor və soydaşlarımızla bağlı problemlər yaşanır. Amma görünən odur ki, soydaşlarımızla bağlı təzyiqlər də nəticəsiz qalmaqdadır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İlham Əliyev Davosda ÜST-ün Baş direktoru ilə görüşüb
20:27 19.01.2026
Rəsmi
Suraxanıda 9 kq narkotik aşkarlandı
20:10 19.01.2026
Hadisə
Mingəçevirdə 44 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb
19:32 19.01.2026
Hadisə
İran bu həftə internetə çıxışı tam bərpa edəcək
19:23 19.01.2026
Region
Erməni Kilsəsinin episkoplar iclası Avstriyada keçiriləcək
19:01 19.01.2026
Cənubi Qafqaz
Bu tarixdə metro saat 1-ə kimi işləyəcək
18:53 19.01.2026
Cəmiyyət
“Ayntraxt”ın rəsmisi: “Bakıya qalib gəlmək üçün gedirik“
18:37 19.01.2026
Dünya
10 il axtarıldı, 1 kilometr aralıda tapıldı: Bin Ladenin son qalası
18:33 19.01.2026
Dünya
İranda 19 yaşlı futbolçu edam edilə bilər
18:26 19.01.2026
Dünya
“Dünya təhlükəli yola girib” - Səxavət Məmməd
18:18 19.01.2026
Dünya
Leyla Əliyeva Efiopiyanın Baş naziri ilə görüşüb
18:13 19.01.2026
Gündəm
Türkmənistanın ÜTT-yə üzvlüyü üçün yol xəritəsi hazırlandı
18:04 19.01.2026
Dünya