Avropa İttifaqı Ermənistanı Rusiyanın təhdidlərindən qoruya bilməz - ŞƏRH

İlqar Vəlizadə: "Əgər Avropa institutları Paşinyanı etibarlı tərəfdaş kimi qəbul etsəydilər, revanşist qüvvələrin təsiri altına düşüb, onun təşəbbüslərini pozmazdılar” 

“Ermənistan çıxılmaz vəziyyətdədir. Paşinyan bir tətəfdən Avopa İttifaqının digər tərəfdən isə Rusiyanın əlində giryan qalıb. Rusiya Ermənistanın əsas ticarət tərəfdaşlarından biridir. Ondan imtina etmək iqtisadi dayaqları sarsıdacaq”. 

Bu sözləri Sherg.az-a politoloq İlqar Vəlizadə bildirib:

“Moskvanın ticarət dövriyyəsi Ermənistanın ümumi xarici ticarət dövriyyəsinin 50%-dən çoxunu təşkil edir. Ermənistan üçün Rusiya ticarət tərəfdaşı kimi Aİ-dən daha böyük rol oynayır. Ona görə də Rusiya ilə münasibətləri sonlandırmaq çətindir. Avropa İttifaqına arxayınlanıb, Rusiya ilə əlaqləri tam qoparmaq Ermənistanın iqtisadi dayaqlarının məhvinə səbəb ola bilər. Okampo açıq şəkildə Avropa institutları ilə əlbir olub, Nikol Paşinyanın hakimiyyətdən uzaqlaşdırılmasından bəhs edib”. 

Politoloqun sözlərinə görə, Ermənistan yeni geosiyasi şəraitdə balanslı xarici siyasət yürütməlidir:

“Paşinyanın hakimiyyətinə zərər gətirən qüvvələrin neytrallaşdırılmasında aciz qalan Avropa İttifaqı onu Rusiyanın təhdid və hücumlarından qoruya bilməz. Avropa Parlamenti dəfələrlə Erəmistanla Azərbaycanın sülh prosesini pozmaq üçün qərəzli qətnamələr qəbul edib. Halbuki Paşinyan öz siyasi kursunu sülh gündəliyi üzərində qurub. Əgər Avropa institutları Paşinyanı etibarlı tərəfdaş kimi qəbul etsəydilər, revanşist qüvvələrin təsiri altına düşüb, onun təşəbbüslərini pozmazdılar”.