Azərbaycan Qərbə yenə əl uzadır: Ölkəmiz Aİ üçün lazımlı aktordur -TƏHLİL

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın Azərbaycana səfəri və cənab Prezidentlə görüşü Azərbaycan-Aİ əlaqələrində əhəmiyyətli dönüş nöqtəsi kimi qiymətləndirilə bilər. Bu səfər tərəfdaşlığın gücləndirilməsi baxımından mühüm addım oldu. Aİ artıq Azərbaycanın regional və geosiyasi rolunu, Xəzər-Qara dəniz regionundakı mövqeyini və Avropanın enerji təhlükəsizliyindəki əhəmiyyətini açıq şəkildə qəbul edir. 
Hazırda Azərbaycan Avropanın 10 ölkəsinə qaz ixrac edir və təchizatın coğrafiyasına görə ilk yerdə qərarlaşıb. Bu, ölkəmizin strateji tərəfdaş statusunu daha da möhkəmləndirir.
Milli Məclisin deputatı Vüqar Bayramov Sherg.az-a bildirib ki, Azərbaycan özünün ərazi bütövlüyünə, suverenliyinə hörmət edən dövlətlər, o cümlədən ittifaqlarla əməkdaşlığı dərinləşdirmək və dostluq münasibətləri qurmaqda maraqlıdır:
"Aİ Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. Həmçinin ölkəmiz Aİ-nin enerji təhlükəsizliyinə töhfə verir. Eyni zamanda Azərbaycan Avropa üçün yeni alternativ mənbədir. Bu baxımdan xüsusilə Rusiya-Ukrayna müharibəsi kontekstində Avropanın mavi qaza olan tələbinin ödənməsində dövlətimizin xüsusi rolu oldu. Ümumiyyətlə Aİ və Azərbaycan arasında münasibətlərin dərinləşməsi, qarşılıqlı hörmət əsasında əlaqələrin formalaşdırılması çox vacibdir. Son səfərlər, müzakirə edilən məsələlər də buna xidmət edir. Avropanın bir sıra paytaxtlarında Azərbaycana qarşı daha dəqiq və qərəzsiz yanaşılarsa, bu, birmənalı şəkildə tərəflər arasında münasibətlərin dərinləşməsinə təkan verə bilər".
Milli Məclisin deputatı Azər Badamovun sözlərinə görə, ölkəmizə qarşı son dərəcə qərəzli, haqsız mövqedə dayanan Cozef Borrelin dönəmi başa çatdı:
"Bu önəmli keçidi təsisatın öz strukturunda və Azərbaycanla münasibətlərdə yeni dövrün və səhifənin başlanğıcı kimi də xarakterizə edə bilərik. Açıq siyasi səriştəsizlik, qərəz nümayiş etdirən və Azərbaycan tərəfindən də ən ali səviyyədə tənqid olunan Boreldən sonra vaxtilə Estoniyanın keçmiş baş naziri olmuş 47 yaşlı Kallasın tərcümeyi-halına baxdığımız zaman onun siyasətdə yeni olmadığı və Avropanın güvənilir imicinin pozulmamasına diqqət etdiyini görə bilirik. Buna görədir ki, Kallas vəzifəsinin icrasına rəsmi başlamadan öncə çıxışlarının birində bildirdi ki, “Avropa etibarlı və proqnozlaşdırıla bilən tərəfdaşdır və bu əslində bizim geosiyasi gücümüzü artırmaq üçün bir fürsətdir". Xanım siyasətçi karyerası boyu güclü NATO ideyasını və Avropa ilə ABŞ arasında sıx əlaqələrin olmasını müdafiəsi edib. İlk baxışdan görünən odur ki, Kallas haqqında ayırıcı xətlər deyil, konsolidasiya axtarışında olan siyasətçi kimi müsbət proqnozlar vermək olar. Biz bu yanaşmanı əməldə və Cənubi Qafqaza qarşı münasibətdə əyani formada görməliyik. Əsas amil odur ki, Borel qədər birtərəfli davranmasın".
Deputat əlavə edib ki, Aİ-nin sadəcə bizim regiona deyil, Mərkəzi Asiyaya olan marağını da nəzərə alsaq ölkəmiz Aİ üçün lazımlı aktordur:
"Hər nə qədər qərəz olsa da yolların üzərində dayanan Azərbaycanın mövqeyi nəzərə alınmadan hər hansı fundamental qərar alına bilməz. Buna görədir ki, dövlət başçımız görüşdə ölkəmizlə Aİ arasında qazla yanaşı nəqliyyat sahəsində də əməkdaşlıq üçün geniş imkanların mövcud olduğu amili üzərində dayandı. Aİ Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Bərpaolunan enerji də daxil olmaqla enerji üzrə ciddi müqavilələr, cari olduğu qədər perpektivdə müzakirəsi, həmçinin icrası dayanan məsələlər mövcuddur. Lakin sadəcə enerji sahəsində deyil, müxtəlif parametrlər üzrə münasibətləri yüksəltmək olar. Durğunluq olan sahələr canlandırılmalıdır. Cənab Prezident İlham Əliyev ADA Universitetində çıxışı zamanı Almaniya Prezidentinin siyasi səriştəsi haqqında da müsbət fikirlər səsləndirdi. Güclü iqtisadiyyat güclü dövlət qədər, güclü tərəfdaş deməkdir. Azərbaycan regionun iqtisadi açılımını bütün aktorlar üçün konstruktiv yollarla, qarşılıqlı faydalı əməkdaşlıq kontekstində və divident gətirən amillər üzrə hədəfləyir. Hər bir halda verilən mesajlardan onu anlamaq olur ki, Azərbaycan Qərbə yenə əl uzadır. Buna necə cavab veriləcəyi qarşı tərəfdən asılıdır".
Azər Badamov onu da qeyd edib ki, Azərbaycan Avropanı olduqca çətin dönəmdə qazla təmin etməyə başladı bu və məsələdə onları heç zaman sınağa çəkmədi:
"Bu proses bütün öhdəliklərimizə sadiq və Azərbaycan diplomatiyasına yaraşan formada davam edir.  Qitənin 10 ölkəsini, İttifaqın isə 8 üzvünü qazla təchiz ediriksə və dövlət başçımızın da Kallasla görüşdə bildirdiyi kimi, Azərbaycan qaz təchizatının coğrafi əhatəsinə görə Avropa məkanını qazla təmin edən ilk ölkələrdən biridirsə, o zaman Cənubi Qafqazın aparıcı ölkəsi ilə münasibətlərdə Kallas öz sələfindən ciddi və fundamental formada fərqli mövqe sərgiləməlidir. Azərbaycan-Ermənistan münasibətlərinə gəldikdə də düşünürəm ki, bu prosesə mane olmadan qərəzsiz mövqe tutulması ən böyük töhfə ola bilər".