BMT: 2026-cı il tarixdə ən isti illərdən biri ola bilər

2026-cı il meteoroloji müşahidələr tarixində ən isti dörd ildən biri ola bilər. Qlobal temperaturun güclü “El-Ninyo” iqlim hadisəsinin təsiri ilə artmaqda davam edəcəyi gözlənilir.

Sherg.az xəbər verir ki, bu barədə BMT sisteminə daxil olan Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) məlumat yayıb.

Təşkilatın hesabatına görə, 2026-cı ilin yanvar-sentyabr aylarında qlobal orta temperatur sənayeləşmədən əvvəlki dövrün göstəricisini 1,47 dərəcə Selsi üstələyib.

Hesabatda bildirilir ki, son 12 il meteoroloji müşahidələr tarixinin ən isti illəri olub. Son dörd il isə temperatur reytinqində ilk sıralarda yer alıb.

ÜMT-nin proqnozuna görə, “El-Ninyo” hadisəsinin güclənməsi temperaturun daha da yüksəlməsinə, ekstremal hava hadisələrinin, uzunmüddətli quraqlıqların və genişmiqyaslı daşqınların artmasına səbəb ola bilər. Bu təsirlərin 2027-ci ildə də davam edəcəyi gözlənilir.

Təşkilatın məlumatına əsasən, 2026-cı ildə Dünya okeanının temperaturu da artmaqda davam edir və 2025-ci ilin rekord göstəricilərini üstələyir.

Proqnozlara görə, 2026-cı ilin noyabrından 2027-ci ilin yanvarınadək “El-Ninyo”nun formalaşdığı Sakit okeanın tropik hissəsində suyun səth temperaturu çoxillik orta göstəricidən 3,8 dərəcə yüksək ola bilər.