CHP-də qurultay böhranı məhkəməyə daşınır: Gərgin həftə başladı

Türkiyənin əsas müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyası(CHP)daxilində qurultayla bağlı yaşanan böhran yeni mərhələyə keçib. Özgür Özəl tərəfi fövqəladə qurultayın keçirilməsi tələbi ilə topladığı 833 imzanı bu həftə məhkəməyə təqdim etməyə hazırlaşır.

Sherg.az xəbər verir ki, məlumata görə, nümayəndələrin imzaları partiya rəhbərliyinə təqdim olunsa da, müəyyən edilmiş müddət ərzində bununla bağlı qərar verilməyib. Buna cavab olaraq Özgür Özələ yaxın şəxslər Mülki Məhkəməyə müraciət edərək qurultayın keçirilməsi üçün “çağırış heyəti”nin yaradılmasını tələb edəcəklər.

Digər tərəfdən, Kamal Kılıçdaroğlu düşərgəsi adi qurultayın sentyabr ayında keçiriləcəyini açıqlayıb. Tərəflər arasında qarşıdurmanın artıq hüquqi müstəviyə keçdiyi bildirilir.

Bu arada, Muharrem İncə yeni siyasi partiya yaradılması ilə bağlı iddiaları şərh edərək CHP-də qalacağını bəyan edib. Özgür Özəl isə CHP-dən 86 millət vəkilinin ayrılacağı barədə yayılan məlumatları təkzib edib.

Partiya daxilində yaşanan gərginliyin yaxın günlərdə məhkəmə qərarları ilə yeni mərhələyə keçəcəyi gözlənilir.