CHP-də yeni partiya iddiaları gündəmdə: Həlledici günlər yaxınlaşır

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasında (CHP) yeni siyasi partiyanın yaradılması ilə bağlı iddialar yenidən gündəmə gəlib.

Sherg.az xəbər verir ki, Türkiyə mətbuatının iddiasına görə, partiya sədri Özgür Özələ yaxın çevrə Ali Məhkəmənin məhkəmə prosesi ilə bağlı qərarını gözləyir. Əgər iyulun sonuna qədər gözlənilən qərar verilməzsə, iyulun sonu və ya avqustun əvvəlində yeni partiyanın yaradılması istiqamətində addımlar atıla bilər.

Məlumata görə, Özgür Özələ yaxın mənbələr cəmiyyətin müxtəlif təbəqələrindən yeni siyasi qüvvənin yaradılması ilə bağlı çağırışlar aldıqlarını bildirirlər. Onların sözlərinə görə, əsas prioritet CHP-ni qorumaq olsa da, başqa çıxış yolu qalmasa, yeni siyasi platforma formalaşdırıla bilər.

İddialara əsasən, İstanbul Böyükşəhər Bələdiyyəsinin vəzifəsindən uzaqlaşdırılmış sədri Ekrem İmamoğlu da yeni partiyanın yaradılması ideyasına müsbət yanaşır. Bununla yanaşı, Özgür Özel və İmamoğlu arasında fikir ayrılığı olduğu barədə yayılan məlumatlar təkzib edilir.

Digər tərəfdən, sabiq CHP sədri Kamal Kılıçdaroğluna yaxın mənbələr iddia edirlər ki, yeni partiya yaradılacağı təqdirdə təxminən 55 millət vəkili həmin siyasi quruma keçə bilər. Bununla belə, bu məlumatlar rəsmi şəkildə təsdiqlənməyib və tərəflər arasında siyasi müzakirələr davam edir.