Deputat: Aİ üçün ən etibarlı tərəfdaşlardan biriyik

  • Avropa Azərbaycanın qapısını daha geniş açır

“Azərbaycan Avropa İttifaqı üçün dəyərli və etibarlı enerji tərəfdaşıdır. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, Aİ Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır, 40% ixracımız bu ölkələrin payına düşür. Cənubi Qafqazda ticarətin təxminən 70 faizi Azərbaycanla aparılır. Aİ-yə daxil olan 10 ölkəyə Azərbaycan təbii qazı, Cənub Qaz Dəhlizi vasitəsilə ixrac olunur. Yaşıl enerjinin ixracı üzrə də Aİ ilə ölkəmiz arasında anlaşma mövcuddur”. 

Bu sözləri Milli Məclisin deputatı Pərvanə Vəliyeva Sherg.az-a bildirib:

“Azərbaycan qazının Avropa bazarına ixracının artması, Cənub Qaz Dəhlizinin uğurlu fəaliyyəti və enerji təhlükəsizliyinə verilən töhfələr əməkdaşlığın əsas istiqamətlərindən biri kimi qiymətləndirilməlidir. Avropa İttifaqı Azərbaycan ilə yalnız enerji sahəsində deyil, nəqliyyat-logistika, yaşıl enerji, rəqəmsal transformasiya və regional bağlantılar istiqamətində də əməkdaşlıq etməyə maraqlıdır. Ölkəmizin coğrafi mövqeyi və mövcud infrastrukturu, Aİ üçün bağlantı layihələrində cəlbedici hesab olunur. Buna görə də, Aİ, məhz Azərbaycanı Cənubi Qafqazda strateji əhəmiyyətli tərəfdaş sayır”.

Deputatın sözlərinə görə, Aİ yeni Tərəfdaşlıq prioritetlərini qəbul etməyə və saziş üzrə danışıqları davam etdirməyə hazırdır:

“Aİ Azərbaycanda minalardan təmizləmə, yaşıl nəqliyyat, su ehtiyatlarının idarə olunması və rəqəmsallaşma sahələrini dəstəkləmək məqsədilə 13,5 milyon avro həcmində maliyyə paketi ayırıb. Yenilənmiş Tərəfdaşlıq prioritetləri üzrə aparılan danışıqlarda mühüm irəliləyiş əldə olunub. Sənədin 2026-cı ildə yekunlaşdırılması və ilin sonlarında Azərbaycan-Aİ Əməkdaşlıq Şurasının iclasının keçirilməsi gözlənilir. Bütün bunlarla yanaşı, Azərbaycan hər zaman Aİ ilə öz milli maraqlarına, qarşılıqlı fayda, hörmətə və bərabərhüquqlu tərəfdaşlığa əsaslanan əməkdaşlıq münasibətləri qurur”.