Azərbaycan ilə İran arasında mədəni və coğrafi baxımdan tarixi bağlar mövcuddur. İki ölkənin ortaq dili, dini və milli dəyərləri əsrlər boyu xalqları birləşdirib, qardaşlıq münasibətlərinin təməlini yaradıb. Son zamanlar bu münasibətlər yeni bir mərhələyə qədəm qoyub. İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın çıxışları və səfərləri zamanı verdiyi mesajlar, Azərbaycan-İran əlaqələrinin inkişafında yeni ümidlər yaradıb. Prezident İlham Əliyevin "Məsud bəy azərbaycanlıdır. O, mənim kimi eyni qanı daşıyır. Biz eyni dildə danışırıq. Tərcüməçiyə ehtiyacımız yoxdur" fikirləri, bu münasibətlərin doğmalıq üzərində qurulduğunu bir daha nümayiş etdirir. Dövlət başçısı bu sözləri Əl-Ərəbiyyə telekanalına verdiyi müsahibədə səsləndirilib və iki ölkə arasında əlaqələrin gələcəyinə dair mühüm mesaj daşıyır. Hər iki tərəf uzun illər arxa planda qalmış dostluq strategiyasını yenidən canlandırmaqda maraqlıdır. Bu isə gələcək əməkdaşlıqlar üçün möhkəm zəmin yarada bilər.
İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani Sherg.az-a İran-Azərbaycan əlaqələrindən söz açıb. O, bildirib ki, Pezeşkian da dəfələrlə oxşar fikirlərlə çıxış edib:
"Prezident İlham Əliyev vurğulayıb ki, biz eyni dildə danışırıq, qanımız birdir. Bu, tarixdir və danılmaz bir həqiqətdir. Pezeşkian da Azərbaycana səfəri zamanı bildirdi ki, ora ona Ərdəbil və Təbriz kimi doğmadır.
İran sərhədyanı bölgələrlə qardaşlıq münasibətləri qurur və əlaqələrini genişləndirir. Uzun illər unudulmuş dostluq və qardaşlıq strategiyası yenidən canlanmağa başlayıb. Bu, bizim sərmayəmizdir. Bu sərmayədən istifadə edərək iki ölkə arasında əlaqələri daha da gücləndirməli, əməkdaşlığı səmərəli etməli, milli maraqlarımızı qorumalı və üst-üstə düşən maraqları inkişaf etdirməliyik. Müxtəlif sahələrdə sıx əməkdaşlıq vacibdir.
Qonşuluq münasibətləri, ortaq mədəniyyət, dil, tarix və din-bütün bunlar bizim ortaq sərvətimizdir. Təəssüf ki, bəziləri bu imkanlardan düzgün istifadə edə bilməyiblər. Lakin Pezeşkian qarşılıqlı zərər vermədən iki ölkə arasında münasibətlərin inkişafında maraqlıdır".
Sabiq səfir İranla Azərbaycan arasında bəzi məsələlərdə fikir ayrılıqları olsa da, bunların danışıqlar yolu ilə həll oluna biləcəyini söyləyib:
"Bu, ən doğru yoldur. Əlbəttə, bu fikirlərə müxalif olanlar da var. Lakin İranda Pezeşkianı dəstəkləyənlərin sayı çoxdur. Prezident İlham Əliyev də qeyd edib ki, Prezident Pezeşkianı İran xalqı seçib və Azərbaycan dövləti olaraq biz onunla əməkdaşlıq edirik".