Əhməd Obalı: Millətin içində etiraz fikri dərindir, amma...

Bu etirazların bütün ölkəni bürüyəcək mərhələyə çatması hələlik mümkün görünmür

Millət Pəhləvini istəmir

İranda etiraz dalğası davam edir. Mövzu ilə bağlı rəsmi Tehran da açıqlama verib. İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ABŞ prezidenti Donald Trampın iranlı etirazçılara dəstək bəyanatlarına münasibət bildirərək deyib ki, ABŞ-nin İranın daxili işlərinə müdaxiləsi Yaxın Şərqdə ümumi sabitliyə zərər vura və Vaşinqtonun regiondakı maraqlarına mənfi təsir göstərə bilər. Laricaninin sözlərinə görə, etiraz edən sahibkarlar dağıdıcı qruplarla əlaqəli deyil və mövcud proseslər İranın daxili məsələsi kimi qiymətləndirilməlidir. Bu bəyanat rəsmi Tehranın baş verən hadisələrə yanaşmasını və xarici müdaxilə ilə bağlı narahatlığını əks etdirir.

Güney Azərbaycan Televiziyasının (GünAzTV) rəhbəri, Amerikada mühacir həyatı yaşayan Güney Azərbaycanın milli fəalı Əhməd Obalı Sherg.az-a İranda baş verən hadisələrlə bağlı danışıb:

"Bir neçə gün əvvəl şəhərdə və bölgədə guya havanın soyuq olması bəhanəsi ilə tətil elan etdilər. Əslində bu, rejimin qorxusunu göstərir. Düzünü desək, bu Pezeşkian hökumətinin işi deyil. Bu, SEPAH-ın, yəni Xamneyinin işidir. Xamneyi və SEPAH qorxuya düşüblər və məsələnin böyüməsini istəmirlər.Çünki hazırda İranın hər yerində tümənin dəyərinin sürətlə düşməsi, bahalığın artması və işsizlik millət arasında getdikcə bir panika yaradır. Onlar bunun axırının hara gedəcəyini düşünürlər. Rejim də qorxur ki, əgər bu etirazlar birdən-birə başlasa və başqa şəhərlərə yayılsa, onu nəzarət altına almaq çətin olar. Ona görə də hələlik havanın soyuqluğunu bəhanə edib tətil elan etdilər ki, camaat evdə qalsın. Bu məsələ təkcə Tehranla məhdudlaşmır. Hərçənd Tehranla başladı, amma başqa şəhərlərdə, o cümlədən Azərbaycan şəhərlərində də SEPAH və polis qüvvələri buna hazır idilər. İndi böyük şəhərlərdə təhlükəsizlik qüvvələri hərəkətə keçmək üçün tam hazır vəziyyətdədirlər. Bəzi yerlərdə, məsələn bazarların girişində dayanıb gəlib-gedəni yoxlayırlar. Ən azından küçələrdə olduqlarını millətə göstərmək istəyirlər ki, “biz buradayıq, etiraza çıxmayın”".

Güneyli fəal proseslərin axırının hara çatacağını indidən deməyin çətin olduğunu söyləyib:

"Proqnoz vermək çox çətindir, çünki bu hərəkat hələ təzə başlayıb və başqa əyalətlər, xüsusilə qeyri-fars bölgələrinin çoxu hələ bu prosesə qoşulmayıb. Axı rejim hər gün soyuqluğu bəhanə edib şəhərləri bağlaya bilməz. Bir-iki gün keçəndən sonra vəziyyət daha aydın olacaq. Amma bir məsələni də demək lazımdır millət bu etirazlardan bir növ yorulub. Etirazlar başlayan kimi xaricdə özünü müxalifət adlandıranlar dərhal meydana atılırlar ki, “bəli, millət çıxsın, bu rejimin sonudur”. Bu “sondur” sözünü 46 ildir deyirlər. Millət artıq bunlara inanmır. Üstəlik, Pəhləvi tərəfdarlarının və ya başqa diktator düşüncəli qrupların bu dalğaya minməsi əslində rejimin xeyrinə işləyir. Pəhləviçilər və şahçılar nə qədər bu prosesə qoşulmaq istəsələr, o qədər rejim güclənir". 

Müsahibimiz millətin Pəhləvini istəmədiyini bildirib:

"Görək, qarşıdakı günlərdə universitetlər, məktəblər və digər şəhərlər nə edəcək. Ondan sonra bəlli olacaq ki, bu proses davam edəcək, yoxsa yox. Millətin içində etiraz fikri dərindir, amma bu etirazların bütün ölkəni bürüyəcək mərhələyə çatması hələlik mümkün görünmür. Bu, hələ ilkin mərhələdir".