İran rəsmiləri Azərbaycanın daxili işlərinə qarışmasın - Professordan REAKSİYA

  • “Özlərinə əriştə kəsə bilməyənlər bizə umac ovurmağı öyrədir”
  • “40 milyon azərbaycanlının ana dili və təhsil hüququ qorunmalıdır”

İranın elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi Sərraf Azərbaycanda vahid məktəbli geyiminin tətbiqinə qarşı çıxıb və təhsil hüququndan məhrum olduqlarını iddia edən qızlara “azad təhsil mühiti” yarada biləcəklərini elan edib. “İran universitetləri azərbaycanlı qızları qəbul etməyə hazırdır” deyən Simayi Sərraf bildirib ki, geyim forması təhsilə mane olmamalıdır.

İranlı nazirin bu açıqlaması Azərbaycanın daxili işlərinə açıq şəkildə müdaxilə etmək cəhdidir. İrandan Azərbaycana qarşı bu kimi cəhdlər edilməsi, xüsusilə dini məsələlərin siyasi alətə çevrilməsi zaman-zaman olduğu üçün Simayi Sərrafın açıqlaması o qədər də təəccüblü deyil, lakin ironikdir. Birincisi, İranda illərdir 40 milyon azərbaycanlının ana dilində təhsil almaq hüququ pozulur. Hətta yerli və milli dillərin mətbuatda istifadəsi, həmçinin məktəblərdə tədris edilməsi İran konstitusiyasında təsbit olunsa da, reallıqda bu, heç vaxt yerinə yetirilməyib. Simayi Sərrafın istəyi həqiqətən də insanların təhsil almasıdırsa, o zaman Azərbaycana dil uzatmaqdan öncə 40 milyon azərbaycanlının təhsil hüququnun təmin edilməsi ilə məşğul olmalıdır.

Bundan öncə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Azərbaycandakı məktəblərdə hicab məhdudiyyətləri ilə bağlı açıqlama verərək məsələnin xalqın hüquqlarına hörmət əsasında həll olunmasına ümid etdiyini bildirib. İndi isə iranlı nazir bizə dil uzadır.

Qeyd edək ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İranın elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi Sərrafın Azərbaycanda məktəbli geyimi ilə bağlı açıqlamasına münasibət bildirib.

Nazirliyin açıqlamasında qeyd olunub ki, İranda təxminən 40 milyon etnik azərbaycanlı yaşamasına baxmayaraq, Azərbaycan dilində tədris aparılan məktəb yoxdur, ali təhsil müəssisələrində də bu dildə təhsil həyata keçirilmir. Nazirlik bunu azərbaycanlıların onilliklərdir ana dilində təhsil hüququndan məhrum edilməsi kimi qiymətləndirib.

Açıqlamada İran rəsmilərinə Azərbaycanın daxili işlərinə müdaxilə etmək əvəzinə, ölkədə Azərbaycan dilində təhsil imkanlarının yaradılması və mövcud problemin aradan qaldırılması istiqamətində tədbirlər görmək tövsiyə olunub.

Mövzunu Sherg.az-a şərh edən siyasi elmlər doktoru, professor Vaqif Abdullayev bildirib ki, İranın elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi-Sərrafın Azərbaycanda vahid məktəbli geyiminin tətbiqi ilə bağlı açıqlaması ölkəmizin daxili işlərinə müdaxilə cəhdidir.

O qeyd edib ki, İran rəsmisi vahid məktəbli geyimi qərarını hicablı şagirdlərin təhsil hüququnun məhdudlaşdırılması kimi təqdim etməklə Azərbaycanın dünyəvi təhsil modelini hədəfə alıb:

“Hüseyn Simayi-Sərraf bu cür açıqlamalar verməklə öz səlahiyyətlərini aşır və Azərbaycanın daxili işlərinə müdaxilə edir. Onun İran universitetlərinin azərbaycanlı qızları qəbul etməyə hazır olması ilə bağlı bəyanatı da yolverilməzdir. Bu, Azərbaycanın təhsil siyasətinə qarşı hörmətsiz yanaşmadır. İran rəsmilərinə ölkəmizin təhsil sisteminə dair mülahizələr yürütmək və qərarlarımızı mühakimə etmək səlahiyyəti verilməyib. Nə Hüseyn Simayi-Sərrafın, nə də başqa İran rəsmilərinin Azərbaycanın daxili siyasətinə qarışmağa haqqı var. Hər kəs öz ölkəsinin problemləri ilə məşğul olmalı, başqa dövlətlərin suveren qərarlarına hörmətlə yanaşmalıdır. İran rəsmiləri də bu həqiqəti qəbul etməli və öz yerlərini bilməlidirlər. Özlərinə əriştə kəsə bilməyən İran molla rejimi bizə umac ovurmağı öyrədir. 

İranın ovurduğu umac gəncləri təhsil və elmlə qidalandırmağa yox, zəhərlənməyə xidmət edir. 

Bu, dini təhsil ideologiyası farslar və digər xalqlarla yanaşı, 40 milyon azərbaycanlıya da zərər verir.

İranın bu mürtəce təhsil siyasətinin nəticəsidir ki, ölkədə Azərbaycan dilində tədris aparılan bir məktəb belə yoxdur. Ali təhsil müəssisələrində də Azərbaycan dilində tədris həyata keçirilmir. 

Əlbəttə, bu acınacaqlı vəziyyət, milyonlarla qan qardaşımızın, bacımızın gələcək taleyi bizi də narahat edir.

Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları həm də bizim ümummilli məsələmizdir.

Cənab Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə bəyan etdi ki, Azərbaycan dövləti taleyin hökmü ilə ölkəmizdən ayrı düşmüş soydaşlarımızın dilini, ənənələrini, mədəniyyətini qoruyub saxlamaları, azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi Vətənləri ilə əlaqələri heç vaxt kəsməmələri üçün səylərini davam etdirəcək.

Bu, bizim tarixi məsuliyyətimiz, vahid milli kimliyimiz, mənəvi borcumuzdur.

Qumda, İsfahanda, Məşhəddə mədrəsə təhsili alan azərbaycanlıların müasir elmi cəmiyyətdən, sivilizasiyadan və intibahdan geri qalmaq yox, müasir cəmiyyətin savadlı, elmi dünyagörüşlü üzvü olmaq haqları vardır. 

Azərbaycan lazım gələrsə öz soydaşlarının dünyəvi təhsilini düşünə bilər, Bakıda, Gəncədə, Naxçıvanda, Qarabağda o taydakı müasir təhsil arzuları ilə yaşayan həmvətənlərimizə təhsil almağa dəstək verə bilər.

Cənab Sərraf əgər həqiqətən sərraf və arif adamdırsa, Azərbaycan dövlətinin bu bəyanatının arxasında həqiqi əməl və qətiyyətin dayandığını başa düşməlidir”.