Pakistan İranla imzaladığı müqavilədəki öhdəliklərini dayandırıb - Natiq Miri

Natiq Miri bildirib ki, bu, Qərbin, xüsusilə ABŞ-nin tətbiq etdiyi sanksiyalardır


Pakistan ABŞ-nin sanksiyaları səbəbindən qaz idxalı üçün boru kəmərinin tikintisi ilə bağlı İranla imzaladığı müqavilədəki öhdəliklərini dayandırıb.

Bu barədə Pakistanın neft naziri Müsəddiq Malik məlumat verib.
  
O, ölkə parlamentində çıxışında İslamabadın bu barədə Tehranı məlumatlandırdığını deyib.
  
Nazir bildirib ki, İran Pakistanın bu qərarını etibarsız adlandırıb, buna görə məsələ arbitraj yolu ilə həllini tapmalıdır.
  
Qeyd edək ki, bir müddət əvvəl Pakistanın İran qazından imtina edərək Türkmənistanla müqavilə bağladığı barədə xəbərlər yayılmışdı.
  
Mövzu ilə bağlı “Sherg.az"a açıqlama verən  politoloq Natiq Miri bildirib ki, bu, Qərbin, xüsusilə ABŞ-nin tətbiq etdiyi sanksiyalardır. Bu sanksiyaları pozan istənilən bir ölkə sanksiyalara məruz qala bilər:

"İrana Qərb tərəfindən tətbiq olunan bu sanksiyalara məhəl qoymayan dövlətlər birbaşa ABŞ-nin qara siyahasına əlavə olunurlar. Sanksiyalara məruz qalmamaq üçün Pakistanın qaz idxalı üçün olan boru kəmər müqaviləsinə xitam verməsi də anlaşılandır. Doğrudur, hüquqi cəhətdən Pakistanın bu addımı düzgün deyil, buna baxmayaraq, İranın özünün qlobal səviyyədə qəbul olunmayan və beynəlxalq hüquq nöqteyi-nəzərindən yanlış addımları var. Xüsusilə də, Ukranyaya qarşı Rusiyanın təcavüzçü kontekstində ən çox silah yardımı edən ölkə məhz İrandır".
  
Politoloq vurğulayıb ki, Pakistanın bu addımı atmasına əsas səbəblərdən biri də İmran xanın devrilməsi və hakimiyyətə gələn Şərifin Amerikaya yaxın şəxs olmasıdır: 

"İran bu məsələni arbitraja çəkəcəyi ilə bağlı Pakistanı hədələyir, amma onların ciddi bir hüquqi nəticə əldə edəcəklərini düşünmürəm. Digər yandan, Pakistan İranın bu hədələri ilə qorxub geri çəkiləcək bir ölkədə deyil. Pakistan güclü bir ölkədir və İran bu xüsusda istədiklərinə nail ola bilməyəcək".