- "Baş nazir istəyir ki, diaspor Ermənistanın xarici siyasətini müəyyən edən qüvvə yox, resursa çevrilsin”
- "Məqsəd daha çox onu Ermənistan hökumətinin siyasi xəttinə uyğunlaşdırmaq və diasporun dövlət üzərində deyil, dövlətin diaspor üzərində daha çox koordinasiya imkanına malik olduğu model yaratmaqdır"
Ermənistanın baş naziri Nikol Paşinyan Paşinyan diasporun yalnız Ermənistanın təsir aləti olmadığını, əksinə, diasporun da başqa dövlətlərin təsir vasitəsinə çevrilə biləcəyini deyib: “Tez-tez “diaspor” deyirik, amma onun başqa ölkəyə bağlı olduğunu unuduruq. Ermənistan üçün bu, həmin ölkədə təsir vasitəsidir, amma əks proses də mövcuddur və biz bunu yaxın zamanda gördük: bəzən diasporun özü həmin ölkə üçün təsir vasitəsinə çevrilir”.
O qeyd edib ki, Ermənistan diasporun mentoru ola bilməz və əksinə. Paşinyan Ermənistanın “ikinci əl mallar”a ehtiyacı olmadığı barədə bəyanatına da toxunub: “Bu səhifəni bağlamalıyıq. Amma bu o demək deyil ki, vaxtilə biz “ikinci əl mallar”a, o cümlədən geyimə ehtiyac duyduğumuz zaman diasporun bizi bunlarla təmin etməsini qiymətləndirmirik”.
Politoloq Tural İsmayılov Sherg.az-a bildirib ki, Paşinyanın bu açıqlamasını sadəcə diasporla bağlı texniki yanaşma kimi qiymətləndirmək düzgün olmaz. Onun fikrincə, burada Ermənistanın dövlət siyasətində kifayət qədər ciddi bir sual ortaya qoyulur:
“Diaspor Ermənistanın xarici siyasətinin alətidir, yoxsa zaman keçdikcə Ermənistan diaspor siyasətinin və diaspor daxilindəki müxtəlif siyasi qrupların təsir dairəsinə düşür? Paşinyanın verdiyi mesaj ikinci ehtimalın Ermənistan hakimiyyəti üçün artıq real problemə çevrildiyini göstərir. Uzun illər Ermənistan diasporu ölkənin xarici siyasətinin ən mühüm dayaqlarından biri olub. Xüsusilə ABŞ, Fransa və digər Qərb ölkələrində formalaşmış erməni təşkilatları Ermənistanın maraqlarının müdafiəçisi kimi təqdim edilib, Azərbaycan və Türkiyəyə qarşı siyasi kampaniyalarda mühüm rol oynayıb. Lakin diasporun gücü artdıqca onun öz daxilindəki siyasi, ideoloji və maliyyə maraqları da Ermənistan dövlətinin maraqları ilə hər zaman üst-üstə düşməyib. Paşinyanın son açıqlamasının mahiyyəti məhz bundan ibarətdir: diaspor avtomatik olaraq Ermənistan dövlətinin nəzarətində olan vahid mexanizm deyil. Burada Paşinyanın öz siyasi təcrübəsini də nəzərə almaq lazımdır. O, hakimiyyətə gəldikdən sonra Ermənistan daxilində köhnə siyasi elitanın təsirini azaltmağa çalışdığı kimi, xaricdəki erməni siyasi strukturlarının da Yerevan üzərində əvvəlki təsir imkanlarını məhdudlaşdırmağa cəhd edib. Çünki diasporun böyük hissəsi uzun illər Ermənistanın əvvəlki siyasi sistemi ilə kifayət qədər sıx münasibətlər qurmuşdu. Paşinyanın hakimiyyətə gəlməsi isə həmin münasibətlərin balansını dəyişdi. Beləliklə, məsələ təkcə Ermənistan–diaspor münasibətləri deyil, həm də köhnə Ermənistanla yeni Ermənistan arasında siyasi rəqabətin xaricdəki davamıdır”.
Politoloq hesab edir ki, Paşinyanın bu açıqlamasında ən mühüm məqam “diasporun başqa dövlətlər üçün təsir vasitəsinə çevrilməsi” fikridir:
“Bu, əslində, Ermənistan hakimiyyətinin diaspor siyasətinə daha praqmatik və şübhəçi yanaşmağa başladığını göstərir. Yəni əvvəlki yanaşmada “erməni diasporu varsa, deməli, Ermənistanın maraqlarına xidmət edir” kimi sadələşdirilmiş təsəvvür üstünlük təşkil edirdisə, Paşinyan artıq deyir ki, diaspor daxilində də müxtəlif maraqlar, müxtəlif siyasi istiqamətlər və müxtəlif xarici təsirlər mövcuddur. Bu yanaşma Ermənistan üçün kifayət qədər ciddi dönüşdür. Çünki diaspor uzun illər ərzində Ermənistanın dövlət siyasətinin xarici dayağı kimi qəbul edilib. İndi isə hakimiyyət həmin dayağın mütləq etibarlı olmadığını açıq şəkildə etiraf edir. Bu, bir tərəfdən diasporun siyasi çəkisinin yenidən qiymətləndirilməsi, digər tərəfdən isə Ermənistan dövlətinin öz xarici siyasətini diasporun emosional və ideoloji gündəmindən daha çox dövlət maraqları üzərində qurmaq cəhdidir.
Burada Azərbaycan üçün də maraqlı məqam var. Ermənistan diasporu və lobbisi uzun müddət Azərbaycan əleyhinə beynəlxalq kampaniyaların aparıcı iştirakçılarından olub. Amma Paşinyanın hazırkı yanaşması göstərir ki, Ermənistan hakimiyyəti özü də diasporun bütün fəaliyyətini milli maraqların avtomatik ifadəsi kimi qəbul etmir. Bu isə gələcəkdə Ermənistanın Azərbaycanla münasibətlərində müəyyən dəyişikliklərin baş verməsi üçün siyasi imkan yarada bilər. Çünki sülh prosesi dərinləşdikcə ənənəvi diaspor ritorikası ilə Ermənistan dövlətinin yeni siyasi reallıqları arasında ziddiyyət daha da görünən olacaq”.
T. İsmayılov qeyd edib ki, Paşinyanın qarşısında başqa bir problem də var. O, diasporu zəiflətmək istəyərkən onun imkanlarını tamamilə itirmək də istəmir:
“Ermənistan üçün diaspor hələ də maliyyə, siyasi əlaqələr, humanitar fəaliyyət və beynəlxalq kommunikasiya baxımından əhəmiyyətli resursdur. Ona görə də Paşinyanın məqsədi diasporu sıradan çıxarmaq deyil. Daha çox onu Ermənistan hökumətinin siyasi xəttinə uyğunlaşdırmaq və diasporun dövlət üzərində deyil, dövlətin diaspor üzərində daha çox koordinasiya imkanına malik olduğu model yaratmaqdır. Məhz buna görə mən bu açıqlamanı Paşinyanın diasporla münasibətləri tamamilə qırmaq niyyəti kimi yox, diasporun siyasi monopoliyasını sındırmaq cəhdi kimi qiymətləndirərdim. Paşinyan üçün əsas məsələ odur ki, Ermənistanın xarici siyasətinin istiqamətini Yerevan müəyyən etsin, müxtəlif diaspor təşkilatları yox. Çünki əks halda hakimiyyət hər dəfə xarici siyasət qərarı qəbul edərkən xaricdəki erməni siyasi qruplarının reaksiyasını nəzərə almaq məcburiyyətində qalır. Bu, xüsusilə sülh prosesində daha da vacibdir. Azərbaycanla münasibətlərin normallaşması, regional kommunikasiyaların açılması, Türkiyə ilə münasibətlərin mərhələli şəkildə dəyişməsi və Ermənistanın yeni regional reallıqlara uyğunlaşması ənənəvi erməni diasporunun bir hissəsinin siyasi mövqeləri ilə toqquşa bilər. Paşinyan isə hakimiyyətini qorumaq və Ermənistanı yeni geosiyasi mərhələyə çıxarmaq üçün belə xarici siyasi məhdudiyyətlərdən mümkün qədər azad olmaq istəyir. Ona görə də bu açıqlamanın arxasında həm dövlət marağı, həm də hakimiyyət marağı var. Bunları bir-birindən tam ayırmaq mümkün deyil. Paşinyan bir tərəfdən Ermənistan dövlətinin diaspor qarşısında siyasi manevr imkanlarını genişləndirmək istəyir, digər tərəfdən isə öz hakimiyyətinin xaricdəki alternativ erməni siyasi mərkəzlərindən asılılığını azaltmağa çalışır”.
Politoloqun sözlərinə görə, ən maraqlısı odur ki, Paşinyan faktiki olaraq Ermənistanın illərlə istifadə etdiyi siyasi mexanizmin özünə qarşı sual qoyur:
“Əgər diaspor başqa ölkələrdə Ermənistan üçün təsir vasitəsidirsə, onda həmin ölkələr də diaspor vasitəsilə Ermənistana təsir göstərə bilər. Bu məntiq qəbul ediləndən sonra diaspor artıq toxunulmaz milli institut deyil, dövlət siyasətində maraqların toqquşduğu ayrıca siyasi aktor kimi nəzərdən keçirilir. Məncə, Paşinyanın mesajının əsas hədəfi məhz budur. O, diasporun Ermənistan siyasətindəki rolunu sıfırlamaq yox, onun statusunu dəyişmək istəyir: diaspor Ermənistanın xarici siyasətini müəyyən edən qüvvə yox, Ermənistan dövlətinin müəyyən etdiyi siyasəti dəstəkləyən resursa çevrilməlidir. Əgər bu xətt davam etdirilərsə, bu, Ermənistanın son onilliklərdəki ənənəvi diaspor siyasətindən ciddi uzaqlaşma olacaq. Və burada paradoksal vəziyyət yaranır: illərlə Azərbaycan və Türkiyəyə qarşı sərt kampaniyaların əsas dayaqlarından biri olmuş diaspor mexanizmi indi Ermənistan hakimiyyətinin özünün siyasi manevr imkanlarını məhdudlaşdıran faktora çevrilə bilər. Paşinyanın açıqlaması da məhz bu paradoksun artıq İrəvanda açıq şəkildə müzakirə olunduğunu göstərir”.