"Belə bir şəraitdə Tehran üçün ən rasional çıxış yolu yalnız xarici təhdidlərə sərt cavab vermək deyil, daxildə legitimliyi gücləndirəcək real islahatlar aparmaqdan keçir”
İran Prezidenti Məsud Pezeşkian Ali dini lider Əli Xameneiyə qarşı sui-qəsd cəhdinin tammiqyaslı müharibəyə səbəb olacağı ilə bağlı xəbərdarlıq edib. Prezident açıqlamasında ABŞ və müttəfiqlərinin uzunmüddətli düşmənçilik və iqtisadi sanksiyalarını ölkədəki çətinliklərin əsas səbəbi kimi göstərib: “Əziz İran xalqının həyatında çətinliklər və məşəqqətlər varsa, bunun əsas səbəblərindən biri ABŞ hökumətinin və müttəfiqlərinin uzun müddətdir davam edən düşmənçiliyi və qeyri-insani sanksiyalarıdır. Ölkəmizin Ali Liderinə hücum İran xalqı ilə tammiqyaslı müharibəyə bərabərdir".
İran prezidentinin açıqlamasını şərh edən siyasi ekspert Məhəmməd Əsədullazadə “Sherg.az”a açıqlamasında deyib ki, bu açıqlamalar mümkün xarici hərbi müdaxilə ssenarilərinə qarşı qabaqlayıcı xəbərdarlıq mesajıdır. Onun sözlərinə görə, Məsud Pezeşkianın həm iqtisadi problemlərin məsuliyyətini tam şəkildə ABŞ və Qərbin üzərinə atması, həm də Ali dini lider Əli Xameneiyə qarşı mümkün sui-qəsdi “tammiqyaslı müharibə” ilə eyniləşdirməsi Tehranın artan xarici və daxili təzyiqlər fonunda verdiyi siyasi-müdafiə xarakterli reaksiyadır:
Lakin Pezeşkianın ictimai ritorikasında İran xalqının üzləşdiyi bütün sosial-iqtisadi çətinliklərin ABŞ sanksiyaları ilə izah edilməsi reallığı tam əks etdirmir. Şübhəsiz ki, uzun illərdir davam edən sanksiyalar İran iqtisadiyyatına ciddi zərbə vurub, inflyasiyanı artırıb, milli valyutanı zəiflədib və əhalinin rifah səviyyəsini aşağı salıb. Lakin problemlərin kökündə yalnız xarici faktorlar deyil, eyni zamanda sistem daxilində aparılmayan islahatlar, idarəetmədə şəffaflığın zəifliyi, korrupsiya və iqtisadiyyatın qapalı strukturu dayanır”.
M. Əsədullazadə xatırladıb ki, Pezeşkian əvvəlki çıxışlarında mövcud vəziyyətə görə hökumət daxilində də məsuliyyət olduğunu etiraf edirdi: “O, islahatların həyata keçirilməməsini əsasən mühafizəkar qanadın Qərblə açılım və dialoq siyasətinə mane olması ilə izah edirdi. Bu, Pezeşkianın daha praqmatik və islahatçı mövqeyə yaxın olduğunu göstərirdi. Lakin hazırkı mərhələdə ölkədə etirazların yatırılması və təhlükəsizlik aparatının tam şəkildə mühafizəkarların nəzarətinə keçməsi prezidentin də siyasi manevr imkanlarını xeyli daraldıb. Hazırda İran daxilində real güc balansı mühafizəkar elitanın xeyrinə dəyişib və Pezeşkian faktiki olaraq onların qəbul etdiyi xəttə uyğun danışmağa məcburdur. Ali lider ətrafında sərt ritorikanın gücləndirilməsi də həm rejimin daxili konsolidasiyasına, həm də etirazların “xarici düşmən” narrativi ilə neytrallaşdırılmasına xidmət edir. Lakin bu yanaşma uzunmüddətli perspektivdə effektiv deyil”.
Siyasi ekspert hesab edir ki, bu tip bəyanatlar nə xalqın sosial narazılığını aradan qaldıracaq, nə də etirazların kök səbəblərini həll edəcək. İran cəmiyyəti artıq təkcə xarici siyasət ritorikasına deyil, real iqtisadi yaxşılaşmaya, iş yerlərinin yaradılmasına, inflyasiyanın azaldılmasına və sosial ədalətə ehtiyac duyur. Bunun üçün isə rejim mütləq şəkildə struktur islahatlarına getməli, həm daxili idarəetmədə, həm də xarici siyasətdə daha çevik və rasional xətt seçməlidir. ABŞ-nin İrana yanaşmasına toxunan politoloq bildirib ki, Vaşinqtonun əsas strateji məqsədi yalnız sanksiyalar vasitəsilə təzyiq göstərmək deyil, eyni zamanda İranda mövcud siyasi sistemin dəyişməsinə nail olmaqdır: "Bu məqsəd açıq şəkildə bəyan olunmasa da, uzunmüddətli sanksiya siyasəti, beynəlxalq təcrid və daxili narazılıqların artması məhz bu istiqamətə hesablanıb. Belə bir şəraitdə Tehran üçün ən rasional çıxış yolu yalnız xarici təhdidlərə sərt cavab vermək deyil, daxildə legitimliyi gücləndirəcək real islahatlar aparmaqdan keçir”.