“İlham Əliyevin liderliyi Azərbaycanın yeni tarixini formalaşdırıb”
Medianın inkişafı Agentliyi ictimai rəy sorğusu keçirib. Sorğu 2026-cı ilin birinci yarısında prezident İlham Əliyevin fəaliyyətinə ölkə vətəndaşlarının münasibətini öyrənmək məqsədi daşıyıb. Sorğunun nəticələri Prezident İlham Əliyevin siyasi liderliyinə və strateji fəaliyyətinə ictimai dəstəyin yüksək səviyyədə olduğunu göstərib. İştirakçıların 93,6 faizi dövlət başçısının fəaliyyətini müsbət qiymətləndirdiyini bildirib. Respondentlərin 81,9 faizi isə Prezident İlham Əliyevi alternativsiz siyasi lider hesab etdiyini qeyd edib. Xalqın Prezident İlham Əliyevə etimad səviyyəsi ümumilikdə, 87,7 faiz təşkil edib.
Mövzu ilə bağlı xalq şairi, yazıçı və ictimai xadim Sabir Rüstəmxanlı Sherg.az-a bildirib ki, bu göstəricilər Prezidentinin ümumdövlət fəaliyyətinə cəmiyyət tərəfindən göstərilən ali etimadı və dəstəyi sənədləşdirir:

“Yerdə qalan 6,4 faiz əhali isə böyük ehtimalla işsizlik və sosial probemlərə görə narazı olub. 30 illik yurd həsrətinə son qoyan Qarabağ zəfəri, İlham Əliyevin adını Azərbaycan tarixinə "Torpaqları azad edən lider" kimi həkk etdi. İlham Əliyevin reytinqinin daha da yüksəlməsi 44 günlük müharibədəki zəfər, Qarabağdakı sürətli quruculuq və “Böyük Qayıdış”ın uğurlu icrası ilə bağlıdır. İnanın ki, Ermənistanla müharibə yalnız cəbhədə aparılmırdı. Qarabağ uğrunda mübarizə informasiya cəbhəsində də gedirdi”.
Deputatın sözlərinə görə, ermənipərəst dairələrin apardığı fasiləsiz qarayaxma kampaniyasına sinə gərmək və ittihamlara tutarlı cavab vermək, Prezident İlham Əliyevin siyasi reytinqinin yüksəlməsinə səbəb olub:
“Cəmi 44 gün ərzində işğalçılara diz çökdürərək qınına çəkilməyə məcbur edən Azərbaycan, müasir hərb və diplomatiya tarixinə öz adını qızıl hərflərlə nəqş etdi. Şuşada atılıb-düşən, saxta qəhrəmanlıq nümayiş etdirən düşmən bədiiliyi, bu gün yerini acı həqiqətlərin dərkinə verib. Paşinyan hökuməti artıq Azərbaycanla yox, öz ölkəsində “Qarabağ” adını çəkərək revanşizmdən siyasi xal qazanmaq istəyənlərə qarşı mübarizə aparır. Ali Baş Komandanın liderliyi və qəhrəmanlarımızın şücaəti sayəsində, Qarabağın əbədi sahibinin Azərbaycan olduğunu həm düşmənə, həm də bütün dünyaya qəbul etdirdik”.
S.Rüstəmxanlı onu da qeyd edib ki, beynəlxalq səviyyəli tədbirlərin və mühüm idman yarışlarının Azərbaycanda keçirilməsi təsadüfi deyil:
“Bu uğurların əsasında ölkənin güclü dövlətçilik ənənələri, sabitliyi, təhlükəsizliyi və beynəlxalq nüfuzu dayanır. Prezident İlham Əliyevin göstərişi ilə 2024-cü ilin noyabrında COP29-a ev sahibliyi edən Azərbaycan iqlim dəyişikliyi və qlobal istiləşmə ilə mübarizədə bir çox ölkələrin diqqətini qlobal problemin həllinə yönəltdi. Köhnə institutların və qlobal təhlükəsizlik mexanizmlərinin effektivliyini itirdiyi müasir dövrdə, XIII Qlobal Bakı Forumu dünyanın aparıcı siyasi elitasını eyni masa arxasında toplamaqla unikal və tarixi bir missiyanı yerinə yetirdi. Bütün bunlara yüksək qiymət verən xalqımızın, Prezidentə olan etimadı da möhkəmlənir”.