Trampdan İrana 48 saatlıq ultimatum: Hörmüz boğazı açılmasa, ağır zərbələr realdır - ANALİTİK

İsrailin təhdidləri söz deyil, İran hədəfli zərbələrlə üz-üzədir

Sülh planı iflic oldu: İsrailin əməliyyatları diplomatiyanı kölgədə qoyur

İsrailin müdafiə naziri İsrael Katzın İranla bağlı ard-arda səsləndirdiyi sərt bəyanatlar və hərbi əməliyyatların genişlənəcəyinə dair mesajları regionda gərginliyin daha da dərinləşdiyini göstərir.

“The Times of Israel”in xəbərinə görə, Katz İranın milli infrastrukturu “dağıdıb çökdürməklə” hədələyib: “İran İsrailə raket atmağa davam edərsə, “ağrılı bədəl ödəyəcək”. İranlı rəsmilər bir-bir aradan götürüləcək. İnqilab Keşikçiləri (SEPAH) mülki insanlara atəş açır. Biz terrorçuların liderlərini aradan götürürük. İranlı liderlər təqib olunma vəziyyətində yaşayırlar. Biz onları bircə-bircə axtarıb tapmağa davam edəcəyik”.

O əlavə edib ki, İsrail İranın petrokimyəvi sənayesinə və polad istehsalı infrastrukturuna zərbələr endirib: “Bu gün və eləcə də hər gün bunun davamı gələcək. Göründüyü kimi İsrail tərəfi açıq şəkildə həm İranın hərbi-siyasi rəhbərliyini hədəf alacağını, həm də ölkənin strateji infrastrukturuna zərbələri davam etdirəcəyini bildirir. Bu ritorika Yaxın Şərqdə qarşıdurmanın yeni və daha təhlükəli mərhələyə keçdiyini deməyə əsas verir.

Digər tərəfdən isə diplomatik müstəvidə fərqli bir dinamika müşahidə olunur. Pakistan tərəfindən irəli sürülən sülh planı İran və ABŞ arasında davam edən qarşıdurmanın dayandırılması üçün alternativ çıxış yolu kimi gündəmə gəlib. Hərbi eskalasiya ilə diplomatik təşəbbüslərin paralel getdiyi mövcud şəraitdə regionun gələcəyi məhz bu iki ziddiyyətli xəttin hansının üstünlük qazanacağından asılı olacaq.

Qeyd edək ki, Pakistan tərəfindən irəli sürülən sənəd iki əsas mərhələdən ibarətdir. Birincisi, hərbi əməliyyatların dayandırılması və Hörmüz boğazında gəmilərin təhlükəsiz hərəkətinin dərhal bərpası nəzərdə tutulub. İkincisi isə atəşkəs rejimindən sonrakı 15-20 gün ərzində yekun sənədin imzalanması gözlənilir.

Razılaşmanın ən kritik bəndi isə Tehranın nüvə proqramına ciddi məhdudiyyətlərin tətbiqi müqabilində, ABŞ-nin İrana tətbiq etdiyi sanksiyaların yüngülləşdirilməsi və dondurulmuş xarici aktivlərin sərbəst buraxılmasıdır. Məlumata əsasən, tərəflər arasında əsas ünsiyyət kanalı rolunu Pakistan oynayır. İlkin razılaşmaların memorandum şəklində rəsmiləşdirilməsi planlaşdırılıb. Hazırda nə Vaşinqton, nə də Tehran məsələ ilə bağlı rəsmi açıqlama verməsə də, diplomatik pərdəarxası görüşlərin intensivləşdiyi bildirilib.

Politoloq Oqtay Qasımov Sherg.az-a açıqlamasında İsrailin son bəyanatlarının sadəcə ritorika deyil, real hərbi strategiyanın tərkib hissəsi olduğunu deyib. Bu baxımdan politoloq hesab edir ki, İsrailin müdafiə nazirinin xəbərdarlıqlarını İran rəhbərliyi ciddi qəbul etməlidir: “Artıq müşahidə olunan əsas tendensiya ondan ibarətdir ki, İsrail yalnız təhdid səsləndirməklə kifayətlənmir, eyni zamanda bu təhdidləri konkret əməliyyatlarla müşayiət edir. Xüsusilə İranın hərbi və təhlükəsizlik strukturlarına bağlı mühüm fiqurların hədəf alınması göstərir ki, proses planlı və mərhələli şəkildə həyata keçirilir. Məhz İsrailin zərbələri nəticəsində İsrailin hərbi elitasının əhəmiyyətli fiqurları sıradan çıxarılıb. Bu baxımdan İsrail müdafiə nazirinin təhdidlərinə diqqət verilməsinin tərəfindəyəm”. Politoloq qeyd edib ki, bu cür hədəfli zərbələr iki əsas məqsədə xidmət edir: birincisi, İranın hərbi idarəetmə sistemini zəiflətmək, ikincisi isə psixoloji təsir vasitəsilə siyasi rəhbərliyə təzyiq göstərmək. Bu isə regionda qarşıdurmanın daha təhlükəli fazaya keçməsi riskini artırır və hər hansı yanlış addımın genişmiqyaslı müharibəyə səbəb ola biləcəyi ehtimalını gücləndirir.

Pakistanın təşəbbüs etdiyi sülh planına gəldikdə isə O. Qasımov vurğulayıb ki, hazırkı hərbi-siyasi fon bu cür diplomatik təşəbbüslərin effektivliyini xeyli zəiflədir. Onun fikrincə, İsrailin sərt mövqeyi və paralel şəkildə hərbi əməliyyatları davam etdirməsi danışıqlar mühitini demək olar ki, iflic vəziyyətinə salır. Belə şəraitdə tərəflərin etimad mühitinə qayıtması olduqca çətin görünür:

“Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp tərəfindən İrana verilən ultimatum da vəziyyəti daha da gərginləşdirən amillərdəndir. Tramp vaxt verib ki, 48 saat ərzində Hörmüz boğazını açsınlar və danışıqlarla bağlı mövqe nümayiş etdirsinlər. Razılaşma əldə olunmayacağı halda İrana daha ağır zərbələr vurulacağını bildirib.

Qeyd edim ki, Hörmüz boğazı kimi strateji əhəmiyyətli bir nöqtə ilə bağlı tələblər regionun enerji təhlükəsizliyi və qlobal ticarət baxımından kritik məqamdır. Bu boğazın bağlı qalması yalnız regional deyil, beynəlxalq iqtisadi sistemə də ciddi təsir göstərə bilər. Mövcud reallıqlar fonunda Pakistanın sülh planının qısa müddətdə qəbul olunması və işlək mexanizmə çevrilməsi ehtimalı zəifdir. Daha real ssenari kimi tərəflər arasında qarşılıqlı təzyiqlərin davam etməsi və yalnız müəyyən mərhələdə, hərbi risklərin pik həddə çatmasından sonra diplomatik kanalların yenidən aktuallaşması görünür. Bu isə o deməkdir ki, yaxın perspektivdə regionda gərginliyin azalmasından çox, idarə olunan eskalasiya mərhələsinin davam edəcəyi ehtimalı daha yüksəkdir”.