Türkiyəli ekspert: Ankara İrəvanla dialoqda Bakının maraqları nəzərə alınmalıdır

Türkiyən Ermənistanla münasibətlərin normallaşdırılması məsələsində atdığı istənilən addımlarda Azərbaycanın maraqlarını nəzərə almalıdır. Ankara 2009-cu ildə imzalanmış Türkiyə-Ermənistan protokollarının ssenarisini təkrarlamamalı, Bakı ilə sıx koordinasiya şəraitində hərəkət etməlidir.

Bu fikirləri Ankarada Türkiyə-Ermənistan münasibətlərinə həsr olunmuş konfransda professor Cəmaləddin Taşkıran səsləndirib.

Onun sözlərinə görə, Türkiyə və Azərbaycan bu gün İrəvanla dialoqda son dərəcə diqqətli olmalıdırlar.

“Regionda münasibətlərin normallaşdırılması ilə bağlı Ermənistan hakimiyyətinin hazırkı mövqeyinin daha çox Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbənin nəticəsi olduğunu hərtərəfli dərk etmək lazımdır. İrəvanda anlayırlar ki, Azərbaycanın gücü qarşısında durmaq iqtidarında deyillər, Qarabağda separatizm kartı artıq oynanılmayacaq, kənardan aqressiv ritorikaya dəstək gözləməyə dəyməz. Ermənistan üçün yeganə uzunmüddətli çıxış yolu qonşu ölkələrlə sülhdür”, - deyə o bildirib.

Professor Taşkıran Zəngəzur dəhlizinin əhəmiyyətinə də toxunaraq, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqələrin bərpasını strateji addım adlandırıb.

Ekspert daha sonra Osmanlı dövləti dövrünü xatırladaraq qeyd edib ki, XIX əsrin ortalarınadək ermənilər dövlətin birliyi və bütövlüyünü dəstəkləyirdilər. “Təsadüfi deyil ki, 1821-ci ildə yunanlar üsyan qaldıranda ermənilər Osmanlı dövlətinin “sadiq təbəələri” olduqlarını bəyan etdilər. Vəziyyət xarici qüvvələrin, o cümlədən Rusiya imperiyasının müdaxiləsindən sonra dəyişdi və ermənilər onların təsiri altına düşdülər. Erməni qiyamlarının birincisi 1890-cı ildə Ərzurumda qeydə alındı, bundan sonra Kayseri, Yozqat, Çorum və Merzifonda qiyamlar baş verdi. Daha sonra dövlət 1894-cü ildə Bitlis və Maraşda, 1896-cı ildə isə Vanda erməni silahlı dəstələrini yatırmalı oldu”, - deyə professor bildirib və 1905-ci ildə daşnakların Sultan II Əbdülhəmidə qarşı sui-qəsd cəhdini də xatırladıb.

Onun sözlərinə görə, Birinci Dünya müharibəsinin başlanması ilə erməni silahlı dəstələrinin Anadoluda törətdiyi qanlı cinayətlər o qədər geniş vüsət aldı ki, rus ordusu Vana daxil olduqda bu ərazinin əhalisinin üçdə ikisinin ermənilər tərəfindən qətlə yetirildiyi məlum oldu. “Arxiv sənədlərinə əsasən, yalnız Vanda ermənilər tərəfindən 194 min türk və kürd öldürülüb”, - deyə o bildirib. (azərtac)

C.Taşkıran əlavə edib ki, 1914-cü il siyahıyaalınmasına görə sayı 1 milyon 294 min 851 nəfər olan ermənilərə qarşı “soyqırım” iddialarını təsdiqləyən bir dənə də olsun sübut yoxdur.