Məhz bu faktor qadınların az maaşlı işlərə üstünlük verməsinə səbəb olur
“Azərbaycanda qadınların orta aylıq əməkhaqqı kişilərdən 2 dəfə azdır. Ölkədə qadınların orta aylıq əməkhaqqı kişilərin orta aylıq əmək haqqının yarısına bərabər olub”. Bu barədə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası, İqtisadiyyat Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun birgə hazırladığı “Azərbaycanda DİM-in Maliyyələşdirilməsi” ilə bağlı dərc olunan hesabatında qeyd olunub.
Dayanıqlı İnkişaf Hesabatında həmçinin qeyd olunur ki, Azərbaycanda qadınların iqtisadiyyatda iştirakçılığı yüksəkdir. Hesabata görə, ölkədə ümumi işçi qüvvəsinin 48.3 faizini qadınlar təşkil etsə də, onlar daha aşağı vəzifələrdə təmsil olunurlar. Hesabatda qeyd olunur ki, qadınların yalnız 35 faizi rəhbər vəzifədə təmsil olunur.
Sosioloq Lalə Mehralı isə “Sherg.az”a açıqlamasında kişilərdən fərqli olaraq qadınların işlə bağlı seçim imkanlarının aşağı olduğunu, məhz bu faktorun da qadınların az maaşlı işlərə üstünlük verməsinə səbəb olduğunu deyib.
Onun sözlərinə görə, əgər kişi qadından daha çox enerji və əmək sərf edirsə, bu halda maaşında artımın olması normaldır. Kişilərin əksəriyyəti fiziki güc tələb edən işdə çalışır və bu, statistik göstəricilərdə özünü büruzə verir. Qadınlar bir çox hallarda ofisdaxili və ya nisbətən yüngül işlərdə çalışırlar:
“Kişilər ailə başçısı hesab olunduğu üçün onların aşağı maaşlı işdə çalışmaq kimi bir şansları yoxdur. Çünki ailəsi onun qazandığı məvacib hesabına dolanır. Ailəli qadınlar da məhz bu səbəbdən azmaaşlı işdə çalışmağa da üstünlük verirlər. Düşünürlər ki, az da olsa evə əlavə gəlirin gəlməsini təmin edə bilirlər. Yüksək maaşlı iş yerlərində iş yükü çox olduğundan ailəli qadınlar belə yerlərdə işləyə bilmir. Ona görə də qadınlar nisbətən az gəlirə qane olurlar. Bundan başqa, qadınların seçim imkanı zəifdir. Qadınlar hər mühitdə ola bilmirlər. Kişilər üçün bu cür seçim yoxdur və onlar istənilən mühitdə çalışa bilirlər”.