Kolbasanın içindən dəmir parçasının çıxması problem deyil -RƏY

Əsas problem məhsulun özünün keyfiyyətidir, bu gün daxili bazarda təbii qidalara demək olar, rast gəlinmir

Kolbasanın içindən dəmir parçası çıxdığını əks etdirən foto sosial şəbəkələrdə yayılıb. Vətəndaş marketdən aldığı kolbasanın içindən dəmir parçası çıxdığı barədə sosial şəbəkədə paylaşım edib: "Bu gün səhər yeməyində kolbasa kəsirdim, gördüm ki, bıçaq nəyəsə dirəndi. Baxanda gördüm dəmir parçasıdır. SAB-ın kolbasasıdır. Allah lənət eləsin, bunu bu şəraitdə istehsal edən insanlara. Almayın, övladlarınıza verməyin! Görün, bizim kolbasalar hansı şəraitdə, necə iyrənc vəziyyətdə ərsəyə gəlir", – deyə vətəndaş paylaşımda qeyd edib. 


Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı “Sherg.az"a açıqlamasında qeyd etdi ki, belə hallara təəssüf ki, rast gəlinir, lakin əsas problem bu deyil: 
- Əsas problem məhsulun özünün keyfiyyətidir. Xammalın mənşəyi, məhsulun tərkibinə qatılan əlavə qatqı maddələri, saxlanma şəraiti, istifadə müddəti, istifadə müddəti keçmiş ərzaqların təkrar satışa çıxarılması və sair daha ciddi problemlər var. Bu məsələlərə daha çox diqqət ayrılmalı, istehlakçıların maariflənməsi lazımdır. Əsas məsələ keyfiyyətdir. İnsanlar üçün əsas problem budur. Bu gün daxili bazarda təbii qidalara demək olar, rast gəlinmir. Təbii qidalar sürətlə sıradan çıxarılır. Marketlərdə, bazarlarda satılan məhsulların keyfiyyətinə əminlik yoxdur. Qida sənayesində istehsal prosesinə xüsusi diqqət olmalı, avadanlıqlar, qurğular sanitar cəhətdən təmiz olmalı, istehsal prosesində çalışanlar da gigiyenik qaydalara, istehsal prosesinin düzgünlüyünə riayət etməlidirlər. İndiyədək AQTA natəmiz şəraitdə, standartlara cavab verməyən nə qədər çörək sexləri, şirniyyat sexləri, ət kəsimi məntəqələri, restoran, şadlıq sarayları aşkarlayıb, cərimələyib, fəaliyyətləri dayandırılıb. Amma belə hallar hər zaman baş verir. Bu, əlbəttə, qəsdən edilmir, sadəcə, səhlənkarlıq, natəmizlik, istehsal prosesinə məsuliyyətsiz yanaşmanın nəticəsidir. İstehsal prosesində məhsulun daxilinə təsadüfən də nəsə düşə bilir. Yad cisimlərin ərzaq məhsullarının daxilinə düşməsi istehsal prosesi zamanı yol verilən xətalardan qaynaqlanır. Amma dediyim kimi, yaxşı olar ki, biz məhsulun keyfiyyətinə daha ciddi yanaşaq. İstehlakçı da hüquqlarını bilməli, qarşılaşdığı hallarla bağlı aidiyyətli qurumlara şikayət etməli, keyfiyyətsiz məhsulu aldığı mağaza və ya marketə geri qaytarmalı, ödənişini də geri tələb etməlidir. 

Qida məsələləri üzrə ekspert Ağa Salamov isə “Sherg.az”a açıqlamasında qeyd etdi ki, qida məhsullarında 3 növ çirklənmə olur. Mikrobioloji, kimyəvi və fiziki çirklənmə: 

Mikrobioloji çirklənmə qida məhsullarının düzgün şərtlər daxilində emal edilməməsi, emal şərtlərinin pozulması, saxlanma, daşınma, təqdim olunma qaydalarına riayət edilməməsi zamanı baş verir. Bişirmə, soyutma zamanı müəssisədə hər hansı işçi çirkli əllərlə məhsula toxunursa, mikrobioloji çirklənmə baş verir. Kimyəvi çirklənmə dərmanlama prosesinin düzgün aparılmaması, yuyucu vasitələrdən düzgün istifadə edilməməsi zamanı baş verir, hətta dırnaqlara çəkilən boya da kimyəvi çirklənməyə səbəb ola bilər. Fizki çirklənmə isə məhsulun tərkibində yad cisimlər – qum, daş, taxta, şüşə, dəmir qırıntısı aşkarlanmasıdır.  Konkret bu məsələdə - kolbasa məmulatının içində dəmir parçasının aşkarlanması hadisəsində fiziki çirklənmə baş verib. Bu da onu göstərir ki, emal prosesi fiziki çirklənmədən mühafizə olunmayıb. İstehsalatda hər şey ola bilər. Bəzən məhsulun içinə tük də düşə bilir. Tükün özü də fiziki çirklənmədir. Tük həm də stafilakok bakteriyası daşıdığına görə mikrobiloji çirklənmə də verə bilir. Dəmir parçası bəlkə də emal prosesində hər hansı avadanlığın köhnə, sıradan çıxmış olması səbəbindən müəyyən bir hissənin qopub düşməsi nəticəsində məhsulun tərkibinə qarışıb. Emal prosesi texnoloq tərəfindən əvvəldən sonadək izlənilməlidir. Ciddi nəzarət olmalıdır ki belə neqativ hallar baş verməsin. Bu, istehlskçı hüququnun pozulmasıdır. Məsululiyyətisizlikdir. İşçi səhlənkarlığı da ola bilər.