İt hücumu zamanı nə etməli?

Qaçmayın, göz təması qurmayın!


  Son zamanlar küçə itlərinin həddindən artıq çoxalması təəssüf ki, faciələrlə nəticələnir. Küçə itlərinin insanlara, kiçik yaşlı uşaqlara hücum etməsi nəticəsində ağır xəsarət alaraq dünyasını dəyişənlər olur. Mütəxəssislər küçə itləri ilə düzgün davranmağın yollarını göstərirlər. 
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən insanların itlərlə davranışda nələrə diqqət etməli olduğunu mütəxəssis rəyi ilə bildirir. Anadolu çoban itlərinin əhliləşdirən Şetin Türkoğlu bildirir ki, küçə itlərinin insanlara hücum etməsi bir neçə səbəblə bağlıdır. Hücumların ən birinci səbəbi itlərin insanın onu tutduğu ərazidən qovmaq, çıxarmaq istədiyini duymasıdır. Məlumdur ki, küçə itləri bəlli bir ərazini özünküləşdirir. Digər itlərin o əraziyə gəlməsinə aqressivlik nümayiş etdirir, hətta itlər arasında ərazi üztündə ölüm-dirim savaşı gedir. O cümlədən itlər  bəzən insanların da onları ərazidən qova biləcəyini hiss edərək, ərazilərini və özlərini qorumaq üçün birinci olaraq hücuma keçirlər. İtləri hürküdərək hücuma keçmələrinə səbəb olan amil insanların əlində müəyyən bir əşyanın, yaxud bel çantalarının olmasıdır. İtlər bi əşyaları özlərinə təhdid kimi görür. İtlər ac olduqda da insanlara hücum çəkir. Digər səbəb insanların itlərin cütləşməsinə mane olmağa çalışmasıdır. İtlər bu zaman çox aqressiv olurlar. Mütəxəssis məsləhət görüb ki, itlə qarşılaşdıqda qətiyyən özünü qorxmuş kimi göstərmək, qaçmağa başlamaq olmaz. Bu, faciə ilə sonlana bilər. İt insanın ondan qorxduğunu hiss etməməlidir. İtlərlə göz təması qurmaq da qətiyyən olmaz. İtlə göz təması qurduqda o, daha da azğınlaşır. Panikaya düşmək, həyəcanlanmaq da olmaz. İtə “mən səndən qorxmuram” mesajı verilməlidir. Əgər itin sizə yaxınlaşdığını görürsünüszə, qətiyyən yerə çöməlib təslim olmaq görüntüsü yaratmayın. Bu sizi xilas etməyəcək. İtə doğru daş, nəsə başqa bir ağır əşya atmaq da doğru deyil. Yaxınlıqda başqa itlər də ola bilər və onlar sürü psixologiyası ilə hərəkət edərək sizə hücum çəkə bilərlər. Qarşıda it varsa və siz qorxursunuzsa, yaxşısı budur, yolunuzu dəyişin, başqa istiqamətə yönəlin. Mütəxəssis evdə it bəsləyənlərə də məsləhət verərək bildirib ki, itlərini küçədə gəzdirərkən ehtiyatlı olmalıdırlar, çünki başqa itlər ona hücum çəkə bilər. İt kiçikdirsə, onu qucaqda gəzdirmək lazımdır. Çünki böyük itlər kiçiklərə qarşı daha aqressiv olur. Küçədə itə qarşı müqavimət göstərmək məcburiyyətində qaldıqda, bir ağac, taxta parçası ilə ağzından vurmağa çalışmaq lazımdır. Amma bunu hər adam bacarmaz. Ehtiyatı əldən verməmək gərəkdir.