31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il şənliklərinin keçirilməsi ilə əlaqədar Bakı şəhər və paytaxt rayonları icra hakimiyyətləri tərəfindən müvafiq hazırlıq tədbirləri həyata keçirilir.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən verilən xəbərə görə, artıq şəhərin parkları, meydan və küçələrinin bəzədilməsi, burada yeni il atributlarının, işıqlı çilçıraqlar və digər bəzəklər quraşdırılması işləri həyata keçirilib .
Qeyd edilib ki, dövlətimizin başçısının uğurlu siyasəti nəticəsində ölkəmiz sürətlə inkişaf edir və bu gün xalqımızın əhval ruhiyyəsi çox yüksəkdir, buna uyğun olaraq da şəhərimizdə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xüsusi hazırlıq və tərtibat işləri həyata keçirilir. Ənənəvi olaraq bayram tərtibatı işləri görülən Neftçilər prospekti, Yusif Səfərov , Niyazi, İstiqlaliyyət küçələri və Azərbaycan prospekti də bayramla bağlı bəzədilib. “Azneft” dairəsində isə xüsusi və fərqli tərtibatla 20 metr hündürlüyündə yeni il şam ağacı kompleksi yaradılıb. Həmçinin bu işlər ictimai iaşə obyektlərini də əhatə edir.
Həmçinin rayon icra hakimiyyətlərinə tövsiyə edilib ki, bayramla bağlı ərazilərində nümunəvi küçə hazırlansın.