Ağstafada mağazalarda pirotexniki vasitələr aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, polis şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində yerləşən mağazalarda partlayıcı pirotexniki vasitələrin satışını təşkil edən şəxslər müəyyən ediliblər. Satışı təşkil edən şəxslər məsuliyyətə cəlb olunublar. Bu istiqamətdə tədbirlər davam etdirilir.
Bu vasitələrin qadağa olunmasına baxmayaraq, yenə də rayonlarda, paytaxtda satışı həyata keçirilir. Səbəb nədir? Bunlardan istifadə zamanı hansı təhlükələr yarana bilər?
Məsələ ilə bağlı "Sherg.az"a açıqlama verən təhlükəsizlik üzrə eksperti Elmar Nurəliyev bildirib ki, pirotexniki vasitələri əldə etmək istəyənlər həm özlərinin, həm də kənar şəxslərin həyatlarını riskə atıqlarını anlamalıdırlar:
“Bu həm yanğın riski yaradır, həm də ekologiyaya zərər verir. Belə vasitələr daha çox az yaşlıların maraq dairəsindədir. Onlar isə bunun təhlükəsiz necə istifadə edildiyini bilmir. Ona görə bu istiqamətdə məsuliyyət valideynlərin üzərinə düşür. Onlar övladlarına bu vasitələrin necə təhlükəli olduğunu öyrətməlidirlər. Xüsusi ilə qapalı məkanlarda bu böyük təhlükə yaradır. Çünki elə bir yerdə gizlədilə bilər ki, orada rütubət,istilik,nəmişlik olsun. Bu da yanmaya, parçalanmaya səbəb olacaq. Hesab edirəm ki, partlayıcı vasitələrin satışı təmami ilə yığışdırılmalıdır. Bununla bağlı Daxili İşlər Nazirliyi mütəmadi olaraq reydlər keçirir".