Nazir müavini: Məhkəmə ekspertizasında gecikməyə səbəb olan hallar aradan qaldırılacaq

"Ədliyyə Nazirliyində 30-dan artıq elektron xidmət ictimaiyyətin istifadəsinə verilib".
Bu sözləri "Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin fəaliyyətinin rəqəmsallaşdırılması" mövzusunda ictimai təqdimatında ədliyyə nazirinin müavini Vilayət Zahirov çıxışı zamanı deyib. O bildirib ki, bu gün həmin elektron xidmətlərin sırasına yeni biri əlavə olunur:

Ətraflı
"Xidmət sayəsində ekspertiza təyin etmiş və ya sifariş vermiş qurumlar, şəxslər tərəfindən ekspertizanın icra vəziyyəti barədə məlumat əldə etmək, ekspertizanın gedişatını diqqətdə saxlamaq-izləmək, rəyin verilməsi gecikərsə səbəblərini aydınlaşdırmaq, tezləşdirmək üçün ganunamüvafiqaddımlar atmaq imkanı yaranacaq.

Ekspert tərəfindən vəsatət verilibsə - ekspertiza icraatı dayandırılıbsa - rəy verməkdən imtina olubsa, obyektiv və subyektiv səbəbləri, əsaslı və əsassız olması müəyyən olunacaq. Bu baxış, bu izləmə sayəsində ekspertiza aparılmasında süründürməçiliyin qarşısını almaq və gecikməyə səbəb olan halları aradan qaldırılmaq imkanı yaranacaq".

V. Zahirovun sözlərinə görə, bu cür şəffaflıq ekspertlərin özləri üçün də, ekspertiza təyin etmiş şəxslər və qurumlar üçün də əhəmiyyətli olacaq, onlarda məsuliyyət hissini daha da artıracaq:

"Bəzən belə hallar da olur ki, ekspertiza mərkəzinə daxil olan qərar və qərardadlar qəbul olunduğu vaxtdan xeyli gec, hətta 2-3-4 ay sonra göndərilir və daxil olur. Ona görə də nəzərdə tutulub ki, belə hallarla əlaqədar təhqiqat, istintaq orqanlarının rəhbərləri, məhkəmə sədrləri mütəmadi olaraq məlumatlandırılsınlar".