Ölkədə su ehtiyatlarının artırılması istiqamətində işlər görülür

Ekologiya və ətraf mühitin mühafizəsi

Rövşən Abbasov: “Su itkiləri əsasən suvarma sahəsindədir, bunun da səbəbləri var”

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində ilin yekunları ilə bağlı tədbir keçirilib. Tədbirdə su ehtiyatlarının qorunması, su itkisinin azaldılması, əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması, işğaldan azad olunan ərazilərdə su ehtiyatlarından səmərəli istifadə, yeni çəkilən kanallar, su xətləri barədə ətraflı məlumat verilib. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin “Dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında” və “Hövsan aerasiya qurğusundan Xəzər dənizinə axıdılan tullantı sularının təmizlənməsi və təkrar istifadəsi ilə bağlı pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında” müvafiq Sərəncamları icra olunur.  İlin yekunları barədə hesabtala çıxış edən  Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müşaviri Əsəd Şirinov qeyd edib ki, su itkilərinin azaldılması məqsədilə ümumilikdə 6 magistral kanalın təmir-bərpasına başlanılıb, bunlardan 4 kanalın yenidən qurulması işləri artıq yekunlaşma mərhələsindədir. O bildirib ki, bu istiqamətdə 8 magistral kanalın texniki-iqtisadi əsaslandırma və layihə sənədlərinin hazırlanması tamamlanıb, daha 12 kanal və Mil-Qarabağ kollektoru üçün isə müvafiq layihə sənədlərinin hazırlanması işləri sürətlə davam etdirilir. “Tədbirlər nəticəsində ümumilikdə 700 km uzunluqlu suvarma kanallarının yenidən qurulması ilə 300 min hektar ərazinin su təminatının yaxşılaşdırılması nəzərdə tutulub. Bununla yanaşı, Bəhrəmtəpə hidroqovşağında qəza vəziyyətinin aradan qaldırılması və yenidən qurulması tədbirləri üzrə zəruri təmir-bərpa işləri tamamlanıb. Ölkədə su ehtiyatlarının artırılması məqsədilə yeni su anbarlarının yaradılması istiqamətində Yengicə su anbarının tikintisi davam etdirilib, Əlicançay su anbarının tikinti işlərinə başlanılması üçün tender proseduru tamamlanaraq podratçı şirkətlə müqavilə bağlanılıb. Agentlik tərəfindən Viləşçay, Ağsuçay və Zəyəmçay su anbarlarının texniki-iqtisadi əsaslandırma sənədləri hazırlanıb, Qudyalçay, Vəlvələçay, Qaraçay və Qusarçay anbarları üçün ilkin araşdırma işlərinə, o cümlədən Türyançay su anbarının müvafiq sənədlərinin hazırlanmasına başlanılıb. Respublikanın müxtəlif rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə 373 ədəd subartezian quyusunun yeri müəyyənləşdirilib və növbəti illərdə 4 mərhələdə qazılması nəzərdə tutulub. Cari ildə ayrılmış vəsaitə uyğun olaraq 1-ci mərhələ üzrə 68 ədəd subartezian quyusunun qazılması işlərinə başlanılıb və bu istiqamətdə müvafiq işlər davam etdirilir. Bununla yanaşı, əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə cari ildə 780 km içməli, 171 km tullantı su xətləri çəkilib, 2 su anbarı və 480 bulaq tikilərək əhalinin istifadəsinə verilib. Abonentlərin sayğaclaşma səviyyəsi 89,5 faizə yüksəlib, o cümlədən qanunsuz qoşulma hallarının qarşısının alınması hesabına 4,2 milyon kubmetr həcmində itirilmiş sərfiyyat bərpa edilib”, - deyə müşavir qeyd edib. İşğaldan azad olunmuş ərazilərin yenidənqurulması və bərpası üçün ayrılan vəsait hesabına Tərtər rayonu ərazisində yerləşən Suqovuşan, Ağdam rayonu ərazisində yerləşən Xaçınçay su anbarları, o cümlədən Tərtərçay sol sahil kanalının təmir-bərpası işləri başa çatdırılıb, Köndələnçay 1, Köndələnçay 2 və Aşağı Köndələnçay su anbarlarının təmir-bərpa işlərinin isə yaxın günlərdə tamamlanması nəzərdə tutulub. Ə.Şirinov bildirib ki, ötən müddət ərzində Laçın rayonu ərazisində yerləşən Zabuxçay su anbarının tikintisi davam etdirilir. “Qız qalası su anbarından sugötürən magistral kanalın, Həkəriçay və Bərgüşadçay su anbarları və onlardan qidalanan kanalların inşası işlərinə isə önümüzdəki illərdə başlanılması nəzərdə tutulub. Qeyd olunan layihələr Azərbaycanda su təchizatı probleminin həllində çox böyük uğur olmaqla yanaşı regionların, xüsusən də Qarabağ və Şərqi Zəngəzur vilayətlərinin sosial-iqtisadi inkişafına önəmli töhfədir. Ə.Şirinov qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin “Dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında” və “Hövsan aerasiya qurğusundan Xəzər dənizinə axıdılan tullantı sularının təmizlənməsi və təkrar istifadəsi ilə bağlı pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında” müvafiq sərəncamlarının icrası davam edir, o cümlədən suvarmada istifadəsi mümkün olan kollektor-drenaj sularının ehtiyatı müəyyənləşdirilib. Cari ildə Baş Mil-Muğan kollektoru üzərində su təmizləyici qurğu tikməklə Saatlı və Sabirabad rayonlarında suvarma kanallarına müəyyən həcmdə su verilməsi layihəsi üzrə tender müsabiqəsi keçirilərək müvafiq TİƏ və işçi layihə sənədlərinin hazırlanması işlərinə başlanılıb. Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2020-ci il tarixli Sərəncamı ilə yaradılıb və Agentliyin də təmsil olunduğu Dövlət Su Komissiyası tərəfindən su anbarlarının iş rejimləri ciddi nəzarətə götürülüb və mütəmadi olaraq rejimlərdə operativ dürüstləşmələr aparılıb. Məhz bu tədbirlər nəticəsində hazırda su anbarlarında 2020-ci ilə nisbətən 3,9 milyard, təkcə ötən ilə nisbətən isə 2,2 milyard kb.m artıq həcmdə su toplanıb. Bu da ötən il əkin sahələrinin su təminatına öz müsbət təsirini göstərib, həmçinin növbəti ilin suvarma mövsümü üçün daha nikbin proqnozlar verməyə əsas verir. Görülmüş tədbirlər nəticəsində cari ildə respublika üzrə bütün kənd təsərrüfatı bitkiləri 1,5 milyon hektar sahədə orta hesabla 3,4 dəfə suvarılıb, bu məqsədlə bütün suvarma mənbələrindən su istifadəçilərinə 7,5 mlrd. Kb.m su verilib. Hazırda əsasən kənd əhalisinin kommunal-məişət su təchizatı ilə yanaşı, növbəti ilin məhsulu üçün payızlıq taxıl əkinlərinin suvarma suyu ilə təminatı davam etdirilir”.
  
Ekoloq Rövşən Abbasov “Sherg.az”a açıqlamasında bildirdi ki, su itkiləri əsasən suvarma sektorundadır: 
- Bunun da əsas səbəbi kanalların torpaqdan olmasıdır. Həm suvarma kanalları, həm də magistral kanallarımız,  həm də paylayıcı kanallar torpaqdandır. Ona görə su itkiyə gedir. Fermerlərimiz də köhnə suvarma sistemindən istifadə edirlər. Bu da tarlalarda irimiqyaslı su itkisinə səbəb olur. Kənd təsərrüfatında istifadə olunan suyun 50 faizi itkiyə gedir. Müstəqil ekspertlərin qiymətləndirməsinə görə, itkilərin miqdarı daha çoxdur. Su itkisinin qarşısını almaq üçün kanallar betonlaşdırılmalı,  fermerlər müasir suvarma üsullarına keçməlidirlər. Dövlət Su Ehtiyatları Agentliyi  yeni yaradılıb. Qısa müddətdə nəsə etmək, indiyədək yığılıb qalmış problemləri həll etmək mümkün deyil. Elə bir sehirli çubuq yoxdur ki, vuraq, problem həll olunsun. Hətta maliyyə imkanlarımız olsa da, fəaliyyət planımız olsa belə, bunun üçün 10-15 il vaxt lazım gələcək. Bir misal çəkim, İmişlinin Sərxanlı kəndində kanalın betonlaşdırılması 3 ilə başa gəldi. Bu müddətdə əhalinn suvarma su ilə  təminatında ciddi problem yarandı. Əsas su itkisi Qarabağ kanalı və Şirvan kanalındadır, bu kanalların betonlaşdırılmasına başlansa, bir neçə rayon susuz qalacaq, əhali su qıtlığı ilə üzləşəcək. Problemin həlli üçün mütəxəssislər tərəfindən fəaliyyət planı işlənməli, maliyyə tapılmalı və işlərə başlanmalıdır.