Vətəndaş cəmiyyəti seçki prosesində fəallıq nümayiş etdirir

Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu


7 fevralda seçkilər, həqiqətən də, bütün ölkə üçün, xalqımız üçün uğurlu nəticə ilə sonlanacaq


  Xalq prezident seçkilərinə hazırlaşır. 2024-cü il fevralın 7-nə Azərbaycan Respublikası Prezidentliyinə növbədənkənar seçki təyin edilib. Seçki hazırlıqları davam edir. Xalqımız bu seçkilərin ölkəmizin və hər birimizin taleyində həlledici rol oynadığını çox yaxşı anlayır. Ona görə də seçici fəallığı indidən hiss olunur. Müsbət haldır ki, seçkilərlə bağlı elanlar artıq vurulub. ASAN Xidmət Mərkəzində vətəndaşların seçici siyahılarında adlarının yoxlanması üçün elektron sistem işlək vəziyyətdədir.  Cəmiyyətdə seçki aktivliyinin səbəblərindən biri də vətəndaş cəmiyyəti institutlarının fəallığıdır. İctimai təşkilatlar  seçki prosesini izləyəcəklərini bildirir, vətəndaşların seçki prosesiylə bağlı maariflənməsində iştirak edirlər. Nəzərə alsaq ki, budəfəki seçkilər bütöv Azərbaycanda, bütün regionlarda tam qüvvəylə həyata keçiriləcək, Azərbaycan Respublikası Prezidenti seçkilərinin hüquqi dövlət quruculuğunda mühüm addım olduğunu söyləməyə yetərli əsas vardır. Vətəndaş cəmiyyəti də dövlət quruculuğunda iştirakdan kənarda qalmayaraq seçki prosesində fəal tərəflərdən biri olmağa çalışır. Tələbə-gənclər də vətəndaş cəmiyyətinin üzvü olaraq seçki prosesində aktivlik nümayiş etdirirlər. Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı və Mərkəzi Seçki Komissiyasının dəstəyi ilə 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezident seçkilərində ilk dəfə səs verəcək tələbələr üçün seçki hüququ ilə bağlı maarifləndirici seminarlar davam edir. Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti və 1 nömrəli Bakı Tibb Kollecində 8 yanvar tarixində baş tutan məlumat sessiyalarında səsvermə hüququna malik yüzlərlə tələbə iştirak edib. MSK nümayəndələrinin iştirakı ilə reallaşan görüşlərdə gənclərə səsvermə proseduru, eləcə də, seçki gününədək və seçkilər zamanı bilməli olduqları zəruri hüquqi məsələlər çatdırılıb, tələbələri maraqlandıran suallar cavablandırılıb. Maarifləndirici seminarların keçirilməsində əsas məqsəd seçki sistemi, seçicinin hüquq və vəzifələri barədə gənclərin maarifləndirilməsi, habelə baş tutacaq seçkilərdə ilk dəfə seçici kimi iştirak edəcək tələbələrin məlumatlılıq səviyyəsinin və seçici fəallığının artırılmasıdır. Qeyd edilir ki, seminarlar ötən ilin 27 dekabr tarixindən etibarən təşkil edilməyə başlanılıb və səsvermə hüququna malik 3500-dən çox tələbəni əhatə edib. Bu günədək ümumilikdə 20-dək təhsil müəssisəsində həyata keçirilən maarifləndirici seminarlar davamlı xarakter daşıyır və ölkə üzrə fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrində davam etdirilməsi nəzərdə tutulub. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı da 7 fevral - növbədənkənar prezident seçkiləri günü respublika üzrə seçkiləri müşahidə edəcək. Təşkilatın sədr müavini Cəlil Xəlilov qeyd edib ki, təşkilat üzvlərinin siyahıları bu günlərdə MSK-ya təqdim olunacaq: “Təşkilatımız və onun çoxminlik üzvləri hər zaman respublikamızın həyatında fəal iştirak edib. Biz bu prosesdən də kənarda qalmırıq. İnanıram ki, veteranlarımız bu məsuliyyətli işin də öhdəsindən müvəffəqiyyətlə gələcək, azad, demokratik seçki prosesinə layiqli töhfə verəcəklər”. Mərkəzi Seçki Komissiyası da maarifləndirmə proqramı çərçivəsində müxtəlif seçki subyektləri üçün fərqli istiqamətlər üzrə layihələrini davam etdirir. Mərkəzi Seçki Komissiyası yanvarın 10-dan növbəti ölkəmiqyaslı tədbirlərə - aşağı seçki komissiyalarının üzvləri üçün treninqlərə start verib. Mərkəzi Seçki Komissiyası qarşıdan gələn seçkilərlə əlaqədar iki mərhələdən ibarət treninq proqramı hazırlayıb. “Trenerlər üçün treninq” adlı birinci mərhələ yanvarın 10-dan başlayaraq 5 gün fasiləsiz keçiriləcək. Bu mərhələ Komissiyanın Treninq qrupu tərəfindən tam praktiki məşğələlər şəklində təşkil olunub və müxtəlif əyani, metodiki, yardımçı vəsaitlərdən istifadə edilməklə keçirilir. “Trenerlər üçün treninq”lərə ölkə üzrə 125 seçki dairəsi dairə seçki komissiyasının hər birindən iki təmsilçi olmaqla, ümumilikdə 250 yerli trener cəlb olunur. Onlar seçki məntəqələrinin səsverməyə hazırlanması, səsvermə prosesi, seçki günü müstəsna hallar, səslərin sayılması və səsvermənin nəticələri haqqında rəsmi protokolların doldurulması da daxil olmaqla, bütün seçki günü prosedurları barədə aydın və müfəssəl məlumat əldə edirlər. Sözügedən treninqlərdə seçki günü prosedurları, səsvermə hərəkətləri və qarşıya çıxa biləcək müstəsna hallar əyani formada səhnələşdirilərək yerli trenerlərə nümayiş etdirilir, habelə praktiki məşğələlər zamanı müxtəlif mövzular geniş müzakirə olunur və yaranan suallar cavablandırılır. Treninq layihəsinin məntəqə seçki komissiyalarının üzvləri üçün təşkil olunacaq ikinci mərhələsinə yanvarın 17-dən başlanacaq və seçki dairələri üzrə məntəqə seçki komissiyalarının sayına müvafiq olaraq 3-10 gün ərzində keçiriləcək. Treninq layihəsi, ümumilikdə 38000-ə yaxın aşağı seçki komissiyası üzvünü əhatə edir. 

  Prezident seçkilərində vətəndaş cəmiyyətinin aktivliyinin önəmini vurğulayan Əməkdar jurnalist, siyasi şərhçi Azər Həsrət “Sherg.az”a açıqlamasında qeyd etdi ki,  vətəndaş cəmiyyəti, özəlliklə də ölkənin həyatını, taleyini həll edəcək bu cür mühüm tarixi-siyasi proseslərdə fəal olmalıdır: 
- Azərbaycan da bu baxımdan istisna deyil. Üstəlik də biz birmənalı şəkildə deyə bilərik ki, Azərbaycan vətəndaş cəmiyyəti bu cür mühüm proseslərdə hər zaman fəallığı ilə seçilib. İstər gənclər təşkilatları olsun, istərsə ayrı-ayrı istiqamətləri əhatə edən qeyri-hökumət təşkilatları olsun, istərsə də ümumiyyətlə, vətəndaş cəmiyyəti fəalları olsun, hər kəs əlini daşın altına qoymalıdır.  Və mən şübhə etmirəm ki, belə də olacaq. Gözlədiyimiz, ehtimal etdiyimiz o fəalllıq var. Baxmayaraq ki, hazırda aktiv seçki kampaniyası dövrü deyil, yanvarın 15-dən sonra təşviqat prosesi başlayacaq. Amma bu gün də vətəndaş cəmiyyətinin fəallığı görünür. İndiki mərhələdə də görürük ki, vətəndaş cəmiyyəti fəalları bütövlükdə seçki prosesinin aktivliyi üçün öz töhfəsini verməyə çalışırlar. Vətəndaşların seçkiyə gəlməsi, səsvermədə iştirakı, sərbəst şəkildə, öz istəklərinə uyğun hansısa namizədə səs vermələri üçün çalışmalar davam edir. Proses yaxın günlərdə bir qədər də fəallaşacaq. Və  mən əminəm ki, 7 fevralda seçkilər, həqiqətən də, bütün ölkə üçün, xalqımız üçün uğurlu nəticə ilə sonlanacaq.