Azərbaycanda turizm polisinin yaradılması təklif olunub.
Bu barədə "Azərbaycan Turizm Blogerləri Assosiasiyası" (ATBA) İctimai Birliyinin idarə heyətinin üzvü Mirsəməd Cəfərli Turizm sənaye subyektlərinin ilin yekunları və COP29 ərəfəsində çağırışlar mövzusunda forumunda keçirilən panel müzakirələrində deyib.
"Turizm polisi turistlərin təhlükəsizliyinin təmin olunması üçün nəzərdə tutulmuş xüsusi polis bölməsidir. Onlar turistlərə qarşı cinayətlərlə bağlı vəziyyətlərdə kömək göstərə, məlumat və təhlükəsizliklə bağlı məsləhətlər verə, eləcə də, turistlər ölkədə olduqları müddətdə baş verə biləcək müxtəlif problemlərin həllində onlara kömək göstərə bilər.
Maraqlıdır, təklif həyata keçirilsə, nə kimi effekti olacaq?
Təklifi "Sherg.az"a dəyərləndirən turizm məsələləri üzrə ekspert Əziz Şiriyev bildirib ki, bu sistem Türkiyə və digər ölkələrdə mövcuddur :
"Polis geyimi olmasa da, onlara yeni geyim foması təyin olunmalıdır. Çünki bəzi şeyləri aşkara çıxartmaq üçün polis formasının olmaması daha məqsədəuyğundur. Turizm polisinin olması mütləqdir. Misal olaraq Bakının mərkəzində gəzərək, hər kəs bələdçi ola bilməz. Ona görə ki, bələdçi olmaq üçün Azərbaycan tarixini və coğrafiyasını mükəmməl öyrənmək lazımdır. Əlavə olaraq hansı dildə tura başçılıq edilirsə, o dil yüksək səviyyədə bilinməlidir. Vətənpərvərlik duyğusunun olması isə əsas şərtlərdən biridir. Yalnış təhrif olunmuş informasiya verilə bilməz. Bu ölkə imicinə təsir edir. Yəni, turizm diplomatiya işidir. Bələdçilər də turizmin görünən tərəfidir. Bu səbəbdən turizm polisinin olması bu sahənin inkişafına gətirib çıxaracaq".