Azərbaycanda ailə 7 aylıq olduğu iddia edilən körpəni türkəçarə yolla sağaltmağa çalışıblar. Bu barədə sosial şəbəkədə videogörüntü paylaşılıb. Görüntülərdə oğlan uşağının belinə banka qoyulması əks olunub. Videonu izləyən sosial şəbəkə izləyiciləri iki qrupa ayrılıb. Görüntülərdən dəhşətə gələnlər də var, bunu normal qarşılayanlar da. Bəs, körpəyə banka qoyulması nə dərəcədə doğrudur?
Sözügedən video görüntülərlə bağlı fikirlərini bölüşən professor Adil Qeybulla “Sherg.az”a deyib ki, banka qoyulması "türkəçarə" adlandırdığımız, elmi əsası olan türk təbabatının bir sahəsidir:
"Bu autohemoterapiya xarakteri daşıyır. Yəni, banka qoyulan zonaya toplanmış qan tədricən bədənə stimulyasiya verir. Ancaq bu prosedura vərdiş halına gətirilir. Bəzən insanlar bununla gün keçirirlər. Düşünürəm ki, bu vasitədən istifadə etməzdən əvvəl həkimlə mütləq məsləhətləşmək lazımdır. Xüsusi ilə də 7 aylıq körpəyə banka qoymaq çox yanlışdır. Bu cür prosedurlar müəyyən yaş dövründən sonra edilməlidir. Yeddi aylıq körpənin immun sistemi heç normal formalaşmayıb.Hətta, bəzi xəstəliklərdə banka qoyulması yolverilməzdir. Xüsusən endokardit, miokardit, ürək qüsurları, ağır hipertoniya, miokard infarktı və stenokardiya zamanı xəstəyə banka qoymaq olmaz. Bundan başqa kəskin infeksiyalar, skleroz, damar trombozu, orqanizmin kəskin zəifləməsi və dəri xəstəlikləri zamanı da tibbi bankaların qoyulması əks təsir göstərir".