İlahiyyatçı: Dini baxımdan müsəlman olaraq ölən şəxsin əşyası və geyimi pak sayılır

İnsanların bir çoxu, doğmaları həyatını itirdikdən sonra, onların geyimlərini saxlayır və yaxud istifadə edirlər.
 Bəs ölən insanın geyimlərindən istifadə etmək düzgündür?
 
Mövzu ilə bağlı "Sherg.az"a danışan ilahiyyatçı Tural İrfan bildirib ki, ölünün paltar və əşyalarını saxlamaq, istifadə etmək günah deyil:

"Əsasən keçmişdə insanların maddi durumu daha ağır olduğu zamanlar ölülərin geyimini istifadə edirdilər. İndi buna bir qədər ehtiyac yoxdur. Enerji baxımdan ölünün həmin paltarda və ya əşyada təsiri qalır. Əgər ölü halallıq verməyibsə, onun paltarını, əşyalarını istifadə edən şəxsin aqibəti xeyirli olmaya bilər. Buna dair sınaqlar da var. Dini baxımdan isə müsəlman olaraq ölən şəxsin əşyası və geyimi pak sayılır. Varisləri istifadə edə bilər. Ancaq kafir olaraq ölənin geyimi murdar sayılır. Çünki Quranda kafirlər nəcis adlandırılır. Əgər kimsə istifadə edəcəksə, pak edib istifadə etmək olar. Əksər insanlar avtomobil alır və sonra dünyasını dəyişir. Bu zaman ölmüş adamların maşınlarının hamısını əritmək lazımdır? Təbii ki, bu  doğru deyil. Ancaq bəzi deyimlər və sınaqlar var ki, onun haqda düşünmək olar. Məsələn, ölmüş adamlar ilə şəkil çəkdirən şəxslər sonra problemlərlə üzləşirlər. Ona görə dinimizdə şəkil doğru sayılmır. Elə mənfi enerjili adamlar var ki, onların paltarı və şəkili də xətalıdır. Ona görə ehtiyac yoxdursa, ölmüş adamın əşyaları yaxınları tərəfindən istifadə edilməsin".