Natiq Cəfərli: "Böyük qayıdış" ilk növbədə iqtisadi fürsətlərə bağlıdır

Sənaye müəssisələrinin yaradılması əhalinin həmin bölgələrə köçməsini stimullaşdıracaq


  Millət vəkili Vahid Əhmədov Milli Məclisdə azad olunan ərazilərdə hərbi sənaye müəssisələrinin tikilməsi ilə bağlı təklif də verib. Qarabağda hərbi sənaye müəssisəsinin tikilməsinə ehtiyac  olduğunu vurğulayan deputat deyib ki, bu təkliflə bağlı Milli Məclisin növbəti iclaslarında qərar veriləcək: “Ümumiyyətlə, azad olunan ərazilərdə hərbi sənaye müəssisəsinin tikilməsinə ehtiyac var. Bu istiqamətdə Müdafiə Sənayesi Nazirliyi Ağdam və Cəbrayıl rayonlarında müvafiq işlər görməlidir. Həmin sənaye müəssisəsində ağır texnika və silahlar yox, hərbi təyinatlı məhsullar, patron darağı və güllələr istehsal etmək olar. Sovet dövründə də Ağdam rayonunda hərbi sənaye müəssisəsi olub”.

  İqtisadçı-ekspert Natiq Cəfərli isə “Sherg.az”a açıqlamasında deyib ki, işğaldan azad olunan hər bir rayonda istehsal müəssisələrinin tikilməsinə ehtiyac var:

 “Hansı istehsal müəssisəsinə daha çox ehtiyac olduğunu isə ölkənin  iqtisadi modeli diktə etməlidir. Bu, ekspertin, millət vəkilinin arzusundan ibarət olmamalıdır. Sənaye müəssisələrində çalışan ekspertlərin, texnoloqların olması  mütləqdir. Ona görə də  həmin bölgədə  tikiləcək  müəssisələrin hansı sahələri əhatə etməsi vacib deyil. Əsas odur işğaldan azad edilmiş ərazilərdə iqtisadi aktivlik təmin edilsin. Sənaye müəssisələrinin yaradılması əhalinin  həmin bölgələrə köçməsini stimullaşdıracaq. "Böyük qayıdış" ilk növbədə iqtisadi fürsətlərə bağlıdır”.