Vergi Məcəlləsinə əlavə edilən 152.3 və 221.1-1 maddələrinə görə sadələşmiş vergi ödəyicisi olan fiziki şəxslər rüb ərzində, gəlir vergisinin ödəyicisi olan mikro sahibkar olan fiziki şəxslər isə il ərzində ödədikləri məcburi dövlət sosial sığorta haqqı (MDSS) məbləğinin 25%-ni vergi öhdəlikləri ilə əvəzləşdirə biləcəklər.
“APA-Economics”ın məlumatına görə, Bakı şəhərində tikinti sahəsində fəaliyyət göstərən fiziki şəxslər minimum aylıq əməkhaqqının 50%-i miqdarında, digər sahələrdə fəaliyyət göstərən mikro sahibkarlar isə minimum əmək haqqının 25%-i miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyirlər.
Hal-hazırda minimum əmək haqqı miqdarı 345 manat təşkil edir. Bakı şəhərində fəaliyyət göstərən sadələşmiş vergi ödəyiciləri özlərinə görə rüb ərzində 258.75 manat ((345*25%)*3) MDSS ödəyirlər. Vergi Məcəlləsinə yeni edilən əlavələrdən sonra sahibkarlar 64.7 manatı ( 258.75*25%) rüb ərzində yaranan vergi öhdəliklərindən çıxa biləcəklər. Beləliklə sadələşmiş vergi ödəyiciləri il ərzində ödədikləri vergi öhdəliklərini 258.8 (64.7*4) manat azaldacaq.
Bakı şəhərində tikinti sahəsində fəaliyyət göstərən mikro sahibkarlar il ərzində 2070 manat ( 345*50%)*12), digər sahələrdə fəaliyyət göstərən mikro sahibkarlar isə il ərzində 1035 manat MDSS ödəyirlər. Vergi Məcəlləsinə edilən yeni əlavələrdən sonra Bakı şəhərində tikinti sektorunda fəaliyyət göstərən mikro sahibkarlar il ərzində 517.5 manatı ( 2070*25%), digər sahədə fəaliyyət göstərən sahibkarlar isə 258.75 manatı ( 1035*25%) gəlir vergisi öhdəliyindən çıxa biləcəklər.
Qeyd edək ki, Vergi Məcəlləsinin 221.1-1 maddəsinə əsasən- Sadələşdirilmiş verginin ödəyicisi kimi fəaliyyət göstərən mikro sahibkarlıq subyekti olan fiziki şəxslər tərəfindən özlərinə görə ödədiyi rüblük məcburi dövlət sosial sığorta haqqı məbləğinin 25 faizi 2024-cü il yanvarın 1-dən 3 il müddətinə vergi ödəyicisinin rüb ərzində hesablanmış sadələşdirilmiş vergi öhdəliyindən (həmin öhdəliklərin məbləğindən çox olmamaqla) çıxılır.
Vergi Məcəlləsinin 152.3 maddəsinə əsasən isə -Gəlir vergisinin ödəyicisi kimi fəaliyyət göstərən mikro sahibkarlıq subyekti olan fiziki şəxslər tərəfindən özlərinə görə ödədikləri illik məcburi dövlət sosial sığorta haqqı məbləğinin 25 faizi 2024-cü il yanvarın 1-dən 3 il müddətinə vergi ödəyicisinin təqvim ilinin yekunlarına görə hesablanmış və əvvəlki illərin zərəri çıxılmaqla ödənilməli olan gəlir vergisi öhdəliyindən (həmin öhdəliklərin məbləğindən çox olmamaqla) çıxılır.