“Ya ölkəmizdə tiktokun fəaliyyəti birdəfəlik dayandırılmalı, ya da uşaqları həmin platformadan qorumaq üçün alternativ yollar tapılmalıdır”
Son vaxtlar tiktok sosial şəbəkəsində azyaşlı övladını canlı yayıma çıxaran istifadəçilərin sayı artıb.
Övladlarının yaşlarına uyğun olmayan söhbətlərdə iştirak etməsinə şərait yaradan bəzi valideynlər onlardan kommersiya məqsədilə istifadə edir. Belə ki, canlı yayımlarda azyaşlılar vasitəsilə hədiyyə toplanması ilə yanaşı, onların dili ilə hansısa iaşə-ticarət obyektlərinin reklamının aparılmasını da görürük.
Qeyd edək ki, bir neçə gündür Ağcabədi rayonunun Hüsülü kəndindən olan 3-cü sinif şagirdi Adəm Mirzəyevin tiktokda canlı yayıma çıxması sosial şəbəkələrdə geniş müzakirə edilir. Azyaşlının atası Sadiq Mirzəyevlə birgə gecəyarısı canlı yayımda söyüşlər söyməsi birmənalı qarşılanmır.
Məsələ ilə Qarabağ Regional Təhsil İdarəsindən AzVision.az -a bildirilib ki, Adəmin təhsil aldığı məktəbin rəhbərliyi, müəllimləri və valideynləri ilə görüş keçirilib. "Uşaq daim dərsdə olandır. Məktəbdə təlim-tərbiyə, etik qaydalarını pozmur. Sadəcə, axşam saatlarında valideynin nəzarəti ilə tiktok platformasında olur. Yenidən tapşırıq verilib ki, valideynləri ilə görüş keçirilsin və uşağın nizamlı olmasını təmin etsinlər".
Sadiq Mirzəyev isə oğlu Adəmlə tiktokda canlı yayım açmasını dolanışığı ilə əlaqələndirib. O qeyd edib ki, övladı onun nəzarəti altında sosial şəbəkədən istifadə edir: "Adəmin söyüş söydüyü video keçən ilin yaz aylarında xalam oğlu tərəfindən çəkilmişdi. Buna görə o, polisə dəvət olundu, izahat alındı, saxlanıldı. Ondan sonra oğlumun söyüşlü və ya digər məzmunlu hər hansı videosu olmayıb. Buna heç razı da olmaram. Çünki gələcəyin əsgərini, iş adamını böyüdürəm. İstəmərəm ki, tərbiyəsiz övlad olsun. İndi də həmin videonun üzərini bəzəyib paylaşırlar. Bu, düzgün deyil. O videonun yenidən paylaşıldığını görsəm, lazımi yerlərə müraciət edəcəm".
Atası deyib ki, Adəmlə artıq 1 aydır canlı yayımlara qoşulub və hər oyun oynayanda 40-50 manat gəlir əldə edir: “Tiktokda tək özüm olsam, maraqlı olmaz, oyunu uduzaraq. Amma Adəm insanları cəlb edir, onunla birgə oynayanda pullar atılır. Özüm Ağcabədi rayonu Hindarx qəsəbəsində taxılçılıqla məşğulam, 280 manat əmək haqqı alıram. 4 övladım var, ailədə 6 nəfərik. Bir balaca daxmada qalırıq. Bu pulla ailəni dolandıra bilmirəm. Tiktokdan gələn 40-50 manatla qabağa düşürük".
Təəssüflər olsun ki, tiktokda izləyici sayını artırmaq üçün övladından istifadə edən insanların sayı bir-iki blogerlə məhdudlaşmır. Bir çox sosial şəbəkə istifadəçiləri də platformalarında uşaq faktorunu qabardırlar. Bəziləri uşaqlarının pozitiv hərəkətlərini paylaşsa da, digərləri övladının ağlamağı, yemək istəməsi, hətta xəstəlikdən əziyyət çəkməsi ilə izləyici toplamağa çalışırlar.
Dosent Zaur Əliyev də sosial media hesabında bu mövzuya toxunub. Onun fikrincə, tiktok şəbəkəsi ölkəmizi dərin quyuya salıb və üstümüzə də ağır daş qoyub.
Söyüş söydüyünə görə, tiktokda məşhurlşan azyşalıdan söz açan Z.Əliyevin sözlərinə görə, Azərbaycanda tiktok birdəfəlik bağlanmalıdır. Hətta VPN ilə də daxil olmaq mümkün olmasın: “Bu uşağın son zamanlar tiktokda əksər videoları qarşıma çıxır. Gah söyüş söyür, gah dava edir, gah da canlı açıb izləyici hədiyyələri hesabına pul yığır. Özünə "ata" deyən şəxs də qoşulub buna və onu konkret istismar edir. Əlbəttə, Azərbaycanda sosial mediaya azyaşlıların daxil olması barədə konkret qanun yoxdur, olacağına da inanmıram. Azərbaycan tiktok seqmentində 17 yaşa qədər uşaqların videoları əksərən gah kriminal, gah da əxlaqsızlıq istiqamətində olur. İnanılmaz dərəcədə əxlaqdan qat-qat aşağı sözlər, kadrlar sürətlə yayılır. Bir kadr da çox yayılır, azyaşlı qız yaşına uyğun olmayan reklamlarda çəkilir. Gah kişi geyimləri, gah da avtomobil satışı ilə bağlı reklamlarda oynadılır”.
Z.Əliyev qeyd edib ki, uşaqları dərs oxumaq, məktəbdə təhsil almaq əvəzinə tiktokda canlı açması, videolar çəkməsi, reklamlar etməsinə görə üç qurum bu işdə birbaşa günahkardır:
- Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti, Elm və Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu özbaşınalığa son qoymalıdır. Konkret qanun layihəsi qəbul edilməli və 18 yaşına çatmayan uşaqların tiktok və digər sosial platformalarda iştirakı qadağan edilməlidir. Bütün dünyada ən güclü psixoloq və sosioloqlar həyəcan təbili çalır ki, tiktok uşaqların psixologiyasına, əqli inkişafına təsir edəcək, səhv qərarlar verməsinə yola açacaq kifayət qədər informasiyalar var. Bu uşaqların canlı yayım açıb pul məqsədli yarışlar keçirməsi valideynlərin üzərində hüquqi məsuliyyət yaradır. Övladlarının bu cürə sosial media aktivi olmasına göz yuman ailələr uşaqları nə öyrənsin istəyirlər? Çox təəssüf ki, sosial platformalarda da tiktokçuların övladları ilə canlı yayım açaraq onların yanında söyüş söymələri, uşaqların yaşına uyğun olmayan davranışlara yol verdiklərinin şahidi oluruq. Uşaq canlı açıb əldə etdiyi pulu hansı formada nağdlaşdırır? Valideynin kartı ilə? Bəs pulu alan valideyn qorxmur ki, sabah onun uşağına bahalı hədiyyə atan şəxs uşağa qarşı fiziki zorakılıq edə bilər?
Bəs, bu davranışlar, onların nümayış etdirilməsi hansı hüquqi məsuliyyəti yaradır?
Mövzu ilə bağlı açıqlama verən hüquqşünas Asim Abbasov bildirib ki, uşaq əməyinin valideynlər tərəfindən istismar edilməsi Ailə Məcəlləsində əksini tapsa da, Cinayət Məcəlləsində bununla bağlı cəzalar və ya hər hansı maddə yoxdur: "Ailə Məcəlləsinin 49.1-ci maddəsinə əsasən, 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunur. Konstitusiyanın 17.5-ci maddəsinə əsasən, 15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər. Bu məsələ əmək qanunvericiliyində də əksini tapıb. Qanunvericiliyi pozan şəxslərə isə İnzibati Xətalar Məcəlləsinə əsasən cərimələr tətbiq olunur. Belə ki, işəgötürən tərəfindən 15 yaşına çatmamış şəxsin işə cəlb edilməsinə görə vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək, hüquqi şəxslər isə 3000 manatdan 5000 manatadək cərimə edilir". A.Abbasov vurğulayıb ki, Azərbaycanda sosial şəbəkədəki fəaliyyətin konkret iş sahəsi sayılıb-sayılmaması da sual altındadır: "İnzibati məsuliyyət isə işəgötürənlərə münasibətdədir və bu minvalda valideynlər üçün konkret məsuliyyət əhatə edən norma mövcud deyil. Bundan əlavə, sosial şəbəkələrdə çəkilən videolar, reklam çarxları da uşaqların təhsil və psixologiyasına mənfi təsir etməməlidir. Düşünürəm ki, bu sahədə konkret qanun layihəsi qəbul edilməli və 18 yaşına çatmayanların tiktok və digər sosial platformalarda iştirakı qadağan edilməlidir. Hazırda bütün dünyada ən güclü psixoloq və sosioloqlar həyəcan təbili çalır ki, tiktokda uşaqların psixologiyasına, əqli inkişafına təsir edəcək, səhv qərarlar verməsinə yol açacaq kifayət qədər informasiya var. Bu uşaqların da canlı yayım açıb pul məqsədli yarışlar keçirməsi birbaşa ölkənin bir çox qanununu pozur".
Sosioloq Lalə Mehralı da azyaşlıların, yeniyetmələrin sosial şəbəkələrdə istismarının yolverilməz olduğunu düşünür. Sosioloqun sözlərinə görə, ya ölkəmizdə tiktokun fəaliyyəti birdəfəlik dayandırılmalı, ya da uşaqları həmin platformadan qorumaq üçün alternativ yollar tapılmalıdır. Bu mövzu ilə bağlı fikirlərini “Sherg.az"la bölüşən sosioloq hesab edir ki, tiktokda insanlar çox asanlıqla pul qazana bilirlər. Lazımsız hərəkətlər, qeyri-etik davranışlarla, diqqəti üzərinə çəkməklə qazanc əldə edirlər, böyük məbləğlər toplayırlar. Burada önəmli olan keyfiyyətli iş deyil, diqqəti cəlb etməyi bacarmaqdır. Uşaq faktoru da hər zaman diqqətçəkən bir element olub: “Çox təəssüf ki, Azərbaycanda hələ də uşaqlara balaca yaşda söyüş söydürərək dostlar, qohumlar arasında zarafat etmək adəti qalıb. Bunun tiktok versiyası da odur ki, uşaqlar video çəkəcəklər və orada böyüklər kimi danışacaqlar, söyüş söyəcəklər, mənasını anlamadıqları şeyləri deyəcəklər. Və bu da diqqət çəkəcək, insanlar buna güləcək və ya başqa hisslər yaşayacaq. Tənqid edən də, təqdir edən də hər kəs baxacaq bu videolara və nəticədə valideynlər pul qazanacaq. Bu, həddindən artıq təəssüfləndirici, yolverilməz haldır, uşaq istismarı deməkdir. Uşaqlar üzərindən pul qazanmaq deməkdir. Uşaqların dərs oxumalı olduğu bir vaxtda kimlərsə onların əlindən tutaraq sosial platformalara çəkir və beləliklə, onların gələcək həyatlarını korlayırlar, zədələyirlər.
Bu çox təhlükəli tendensiyadır. Uşaqların tərbiyəsinə, mənəviyyatına zərər verir. Amma görünür, bəzi valideynlər üçün bunların önəmi yoxdur. Əks halda azyaşlı uşaqlarını da yanlarında oturdub bütün gün tiktokda olmazlar.
Bizim cəmiyyətdə nə qədər əxlaqı, psixologiyası yerində olmayan insan varmış, bunu tiktok sayəsində bildik. 10-12 yaşlı uşaqlar kamera qarşısında əcaib hərəkətlər edib, jarqonla danışırlar, meyxana oxuyurlar, söyüşlə videolar çəkirlər. Tutaq ki, onların bir-ikisinin valideyni durumdan xəbərsizdir. Axı tiktok hər kəsə açıq platformadır. Onların ətrafında kimsə görüb tanımalıdır, valideynə xəbər verməlidir ki, öz uşaqlarını qorusun.
Sosioloq bildirib ki, burada valideynlərin üzərinə böyük məsuliyyət düşür: “Qloballaşan dünyada informasiya texnologiyalarının əjdahaya çevrildiyi bir zamanda ana və ata hər cür tələyə qarşı gözü açıq olmalıdır. Platformada faydalı kanallar da var, amma bu qədər əxlaqsızlığın içində görünmür. Ona görə də cəmiyyətə bir faydası olmayan platforma bağlanmalıdır”.