Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik
hisslərinin tərbiyəsi
Gənclərimizlə qürur duyuruq
2 fevral - Gənclər Günüdür. Ümummilli lider Heydər Əliyevin 1997-ci ildə imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. O vaxtdan etibarən həmin gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanılıb. Azərbaycanda Gənclər Günü təsis edildikdən xeyli sonra gənclərin işləri üzrə nazirlərin ümumdünya konfransının (1998-ci il avqustun 8-12-də) tövsiyəsi əsasında BMT Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli qətnaməsi ilə 12 avqust - Beynəlxalq Gənclər Günü elan edilib. Azərbaycan gəncliyi Ulu Öndər Heydər Əliyevin onlara ən böyük hədiyyəsi olan bu günün təsis edilməsinin 27 illiyini qalib ölkənin məğrur və qürurlu vətəndaşları kimi böyük ruh yüksəkliyi ilə qeyd edir.
Ümummilli Lider tərəfindən təməli qoyulmuş və bu gün davam etdirilən dövlət gənclər siyasəti Azərbaycanda gənc nəslin mənəviyyatca zəngin, vətənpərvərlik ruhunda tərbiyəsi, gənclərin hərtərəfli inkişafı və ölkə həyatında fəal iştirakı üçün mühüm zəmin yaradır.
Ölkə rəhbərliyi də Ümummilli Liderin gənclər siyasətinə sadiqliyini qərarları ilə təsdiqləyir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir. 2003-cü ildən sonrakı dövrdə gənclər siyasətinin inkişaf istiqaməti mövcud ənənələr əsasında daha da təkmilləşdirilib. Gənclər ilə bağlı Dövlət proqramları qəbul edilib, 2007-ci il “Gənclər İli” elan olundu, 2011-ci ildə Gənclər Fondu yaradılıb, 2013-cü ildə ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı” təsis olundu, Azərbaycan gənclərinin İnkişaf Strategiyası təsdiqlənib. Gənclər siyasətində milli və dövlətçilik maraqlarının prioritet olması 2020-ci ilin 44 günlük Vətən müharibəsində həlledici rol oynayıb.
Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində qazanılan bu Şanlı Zəfər sayəsində Azərbaycan ərazi bütövlüyünü bərpa edib, Azərbaycan xalqı 30 illik həsrətdən sonra tarixi torpaqlarına qovuşub. Qürurverici və sevindirici haldır ki, gənclərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərib, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fəal iştirak ediblər.
Vətən müharibəsində qazanılmış tarixi Zəfərin ən vacib məqamlarından biri də bu gün ölkəmizdə formalaşmış gəncliyin bu müqəddəs vəzifənin icrasında çox mühüm rol oynaması idi. Prezident İlham Əliyevin ətrafında bir yumruq kimi birləşən Azərbaycan gəncliyi hər kəsə sübut etdi ki, vətənpərvər, savadlı, dövlətçilik tarixinə və milli kimliyinə sadiqdir. İstər ön cəbhədə döyüş meydanında, istərsə də arxa cəbhədə informasiya müharibəsində gənclərimiz böyük qəhrəmanlıq sərgilədilər. Bu gənclər məhz Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə formalaşıblar. Məhz Prezidentin rəhbərliyi ilə həyata keçirilən uğurlu gənclər siyasətinin nəticəsidir ki, fəaliyyət istiqamətindən, peşəsindən asılı olmayaraq gənclərimizin sahib olduğu əsas dəyər onların vətənpərvərliyi və azərbaycançılıq məfkurəsidir. Bu gün Azərbaycan gəncləri fəaliyyət sahəsindən asılı olmayaraq, milli maraqların qorunması və təbliğində, həmçinin ölkənin ictimai-sosial həyatında ən fəal iştirakçılardandır.
Milli Məclisin deputatı, professor Kamilə Əliyeva “Sherg.az”a açıqlamasında deyib ki, müstəqil Azərbaycanın gənclər siyasətinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qurulub. Ulu öndərimizin aydın strategiyası ilə müstəqilliyimizin ilk illərində gənclərin enerji və imkanlarını milli maraqlarımızın müdafiəsinə səfərbər etdi, onların vətənpərvər ruhda formalaşmasına zəmin yaradıb:
“Ümummilli lider Heydər Əliyev hər zaman Azərbaycan gənclərinə inandığını, dövlətimizin gələcək inkişafında onların üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edirdi. Bu gün gənclərimizin ölkənin siyasi, sosial-iqtisadi sahələrində mühüm vəzifələrə təyin olunması, onlara böyük etimad göstərilməsi ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan siyasətin davamıdır. Azərbaycan Sovetlər Birliyinin tərkibində olduğu zaman ulu öndər Heydər Əliyev minlərlə gənci keçmiş SSRİ-nin ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərmişdi. Həmin gənclər bu gün ölkəmizdə müxtəlif sahələrdə savadlı və təcrübəli mütəxəssis kimi dövlətimizə böyük fayda verməkdədirlər.
1993-cü ildə ulu öndərin hakimiyyətə qayıdışından sonra gənc nəslə diqqəti dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirdi. Gəncləri “Azərbaycanın gələcəyi” adlandıran Heydər Əliyev onlara hər zaman qayğı göstərməyin vacibliyini qeyd edirdi. Müasir dünyada güclü demokratik dövlət quruculuğunda gənclərin rolunu düzgün qiymətləndirən Ulu Öndər bütün sahələrdə onlara böyük etimad göstərirdi. Dövlət orqanlarında gənclərin fəaliyyətinin genişləndirilməsi və onları bir- biri ilə əlaqələndirmək məqsədilə Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılıb.Azərbaycan gəncliyinin inkişafında və gənclərin dövlət qurumlarına inteqrasiya olunmasında ulu öndərin böyük xidmətləri olub. 1997-ci il fevralın 2-də Azərbaycanda “Gənclər Günü”nün elan oluması ilə bağlı Fərman bu sahədə atılan növbəti addım oldu.
Gənclər hərəkatının təşkilatlanması istiqamətində dövlət dəstəyinin göstərilməsi ilə bağlı ulu öndər Heydər Əliyevin imzaladığı fərman və sərəncamlar, həyata keçirdiyi tədbirlər gəncliyin inkişafında mühüm əhəmiyyət kəsb edib. 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilməyə başlanılıb. Həmin il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Heydər Əliyev tarixi çıxış edərək gənclərin qarşısına şərəfli vəzifə qoyub. Ulu öndər Heydər Əliyev hər bir gəncin ən əsas vəzifəsinin müstəqil Azərbaycanın bugününü və gələcəyini düşünməli olduğunu vurğulayıb. Forumda ulu öndər gənclərin görəcəkləri işlər barədə öz tövsiyələrini, eləcə də, onları narahat edən problemlərin həlli istiqamətində tədbirlərin görülməsi üçün əlaqədar təşkilatlara ciddi tapşırıqlar verib.
Heydər Əliyevin imzaladığı “Dövlət gənclər siyasəti haqqında” Fərmanı Azərbaycanda gənclərin hərtərəfli inkişafı üçün daha əlverişli şərait yaradıb. Sənəddə Gənclər və İdman Nazirliyi nəzdində gənclərin problemləri üzrə elmi araşdırmaların aparılması mərkəzinin yaradılması nəzərdə tutulub.
Ulu Öndər Heydər Əliyevin gənclərlə bağlı fikirləri və onun yaratdığı fəlsəfi ideyalar bu gün də aktualdır. Müdrik şəxsiyyətin əsasını qoyduğu bu siyasi kurs hazırda Prezident İlham Əliyev tərəfindən layiqli şəkildə davam etdirilir. Cənab Prezidentimiz dövlət tərəfindən gənclərin rifahına xidmət edən bir sıra dövlət proqramlarını təsdiq edib. Dövlət başçımız 2007-ci ili “Gənclər ili” elan edib. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı” və 2019-2023-cü illər üzrə Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə dövlət proqramları nəticəsində bu günə kimi 5000-dən artıq gəncimiz dünyanın ən nüfuzlu ali məktəblərində təhsil alıb. Ölkə başçısı tərəfindən 2011-ci il dekabrın 19-da Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun yaradılması gəncliyin inkişafında mühüm rol oynadı. Bu günə qədər Fond tərəfindən 4545 layihə maliyyələşdirilib. 2018-ci ildən isə həmin qurum yenidən təşkil edilərək Azərbaycan Respublikasının Gənclər Fondu adlandırılıb.
2013-cü il iyulun 2- də Prezident İlham Əliyev tərəfindən ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı” təsis edilib. Bu qərar gənclərə dəstək verilməsi yönümündə mühüm əhəmiyyət kəsb edib. Ölkə başçısı gənclərlə bağlı, onların dövlətimizin gələcəyi naminə daha böyük işlər görmələri üçün çox sayda qərarlar qəbul edib.
Prezident İlham Əliyevin 2022-ci il 28 fevral tarixli Sərəncamı ilə "Gənclər xarici ölkənin nüfuzlu Ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı" təsdiq edilib.
Məhz cənab İlham Əliyevin prezidentliyi dövründə yetişən gənclərin qəhrəmanlığı nəticəsində torpaqlarımız işğaldan azad edildi. Vətən müharibəsində canından keçənlərin, şəhidlik zirvəsinə ucalanların əksəriyyəti gənclərimizdir. Bu, müstəqil Azərbaycan dövlətinin inkişafında gənclərimizin xidmətini təsdiqləyən növbəti nümunənin təzahürüdür.
Bugünkü müasir Azərbaycan gənclərinin dünyagörüşü daha fərqlidir, dünyada gedən proseslərə yaxşı bələddirlər, eləcə də yüksək analiz etmək qabiliyyətinə malikdirlər.
Azərbaycan gənclərinin inkişafına, müxtəlif sahələrdə nailiyyətlər əldə edən gənclərə Heydər Əliyev Fondu və Fondun prezidenti Mehriban xanım Əliyeva tərəfindən misilsiz dəstək göstərilir. Elm, təhsil, səhiyyə, mədəniyyət, ekoloji sahələrə aid proqram və layihələr hazırlanaraq həyata keçirilir. Heydər Əliyev Fondu ölkəmizlə yanaşı xaricdə yaşayan tanınmış, öz yüksək bilik və qabiliyyəti ilə seçilən müvəffəqiyyət qazanmış gənc həmvətənlərimizə də böyük diqqət ayırır. Xarici ölkələrin tanınmış elmi-tədqiqat mərkəzləri ilə alimlərin mübadiləsini təşkil edir, ölkənin yaradıcı və elmi potensialının artırılmasına böyük köməklik göstərir".