Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) əməkdaşları Qarabağ İqtisadi Zonasında yaşayan erməniəsilli sakinləri ziyarət ediblər.
Bu barədə Axar.az-a təşkilatdan məlumat verilib.
Bildirilib ki, görüşün əsas məqsədi onların ehtiyaclarının qiymətləndirilməsi olub. Görüş zamanı AzQAC əməkdaşları sakinlərin yaşayış şəraiti ilə tanış olub, onların ehtiyacları haqqında məlumat toplamaq üçün sorğu keçiriblər. Bu, AzQAC tərəfindən təklif edilə biləcək yardım və dəstək xidmətlərinin müəyyənləşdirilməsi üçün həyata keçirilib.
Həmçinin, Beynəlxalq Qızıl Xaç Komitəsinin Xankəndində yerləşən ofisində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları ilə ikitərəfli görüş keçirilib. Görüşdə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndələri Xankəndində göstərdikləri fəaliyyətlər barədə bizim nümayəndə heyətinə ətraflı məlumat veriblər.
Daha sonra, AzQAC-ın İcraçı katibi Ceyhun Mirzəyev bu görüşün hər kəs üçün çox əhəmiyyətli olduğunu bildirib və səfərin əsas məqsədini onlarla bölüşüb.