Əhalinin müəyyən kateqoriyalarına aid olan təbəqəsinə verilən müavinətlərin mütəmadi artırılması hədəflənir
Azərbaycan Prezidentinin sosial sahəyə xüsusi qayğısı ötən 20 ildə dövlətimizin sosial siyasətinin ildən-ilə güclənməsinə, dayanıqlı və əhatə dairəsi daim genişlənən etibarlı sosial müdafiə sisteminin formalaşmasına imkan verib. Həmin dövrdə dövlət büdcəsinin illik sosial müdafiə və sosial təminat xərclərində 20 dəfədən çox, minimum əməkhaqqında 38 dəfə, minimum pensiyada 14 dəfə, orta aylıq əməkhaqqında 12 dəfə, orta aylıq pensiyada 18 dəfə, yaşa görə orta aylıq pensiyada 19 dəfə, pensiya üzrə ödənilən illik vəsaitdə 30 dəfədən çox artım baş verib. Hər ilin əvvəlində pensiyaların və fərdi hesablardakı pensiya kapitallarının indeksləşdirilərək artırılması təmin olunub. Ümumiyyətlə, ölkənin iqtisadi-maliyyə imkanları genişləndikcə sosial sahəyə yönəldilən vəsaitlərin də həcmi ilbəil artırılır. Məlum olduğu kimi, Prezident İlham Əliyev “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Sərəncam imzalayıb. Dövlət başçısının Sərəncamına əsasən, əhalinin mühüm bir hissəsini təşkil edən - 1,1 milyon nəfər pensiyaçının müavinəti artılıb. Sərəncamla 2024-cü il yanvarın 1-dək təyin edilmiş bütün pensiyalar 2023-cü il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 11,2 faiz indeksləşdirilməklə artırılıb. Artımlar bu ilin 1 yanvar tarixindən tətbiq olunur və yanvar ayı üzrə pensiyalara edilmiş artımlar fevral ayının pensiyası ilə birgə pensiyaçılara ödənəcək. Məsələn, şəxsin pensiyası bu il yanvarın 1-nə 500 manat təşkil edirsə, bu məbləğ cari il yanvarın 1-dən 11,2 faiz, yəni 56 manat artırılmaqla 556 manata çatdırılacaq. Yanvar ayının 56 manat artımı da fevral ayının pensiyasına əlavə olunaraq veriləcək. Artımlar elektron sistem üzərindən avtomatik şəraitdə həyata keçirilir və pensiyaçıların bunun üçün hər hansı sənəd təqdim etmələrinə, müraciətinə ehtiyac yoxdur. 1,1 milyon pensiyaçını əhatə edən bu yeni artımlar üçün illik əlavə olaraq 630 milyon manat xərclənəcək. Məlumat üçün qeyd edək ki, 2024-cü il üzrə pensiyaların maliyyələşdirilməsi üçün “Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il büdcəsi haqqında” Qanunla 6,5 milyard manat vəsait nəzərdə tutulub. Heç şübhəsiz, bu addım əhalinin sosial müdafiəsinin gücləndirilməsinə, bu istiqamətdə əldə olunan nailiyyətlərin davam etdirilməsinə xidmət edir. Ümumiyyətlə, Prezident İlham Əliyevin siyasətinin mərkəzində vətəndaş rifahının təminatı, ölkə vətəndaşlarının sosial müdafiəsinin gücləndirilməsi dayanır. Dövlət başçısının bəyan etdiyi kimi, “Azərbaycan sosial dövlətdir və biz bunu sözlə deyil, əməlimizlə təsdiq edirik”. Pensiya və sosial müavinətlərdəki ciddi artımı görmək üçün son 5 ilə nəzər salmaq kifayətdir. Prezidentin Fərman və Sərəncamları ilə 2018-2023-cü illərdə əməkhaqqı, pensiya və digər sosial ödənişlərin artırılması məqsədilə 4 sosial islahat paketi icra olunub. 4 milyondan çox vətəndaşı əhatə edən bu islahatlar üzrə əlavə olaraq ayrılan illik vəsaitin məbləği 7 milyard manata yaxındır. Qeyd olunan islahatlar nəticəsində, minimum əməkhaqqı 2,7 dəfə artaraq, 130 manatdan 345 manata, orta aylıq əməkhaqqı 71,3 faiz artaraq 545 manatdan 933,8 manata qalxıb. Sosial müavinət və təqaüd ödənişləri 5 dəfəyə yaxın artıb. Ünvanlı yardımın orta aylıq məbləği 2,8 dəfə yüksəlib. O cümlədən ehtiyac meyarı 2,3 dəfə çoxalıb. Bununla yanaşı, 10 yeni sosial ödəniş növü təsis edilib. Aparılan sosial islahatların mühüm bir istiqaməti pensiya təminatını əhatə edib və pensiyaçılarımızın sosial müdafiəsinin gücləndirilməsi istiqamətində son beş ildə mühüm addımlar atılıb. 4 sosial islahat paketinin hər birində pensiyaların artırılması da təmin edilib. 2023-cü ildə pensiyaların orta aylıq məbləğində 19 faiz artım olub. Təkcə son bir ildə, yəni 2023-cü ildə pensiya ödənişlərinə əvvəlki ilə nisbətən 16 faiz və ya 781 milyon manat çox olmaqla 5 milyard 726 milyon manat yönəldilib. Həmçinin son beş ildə pensiya təminatına əlçatanlığın artırılması üçün mühüm addımlar atılıb. 2019-cu ilin əvvəlindən əmək pensiyası yaşına çatan və fərdi hesabında hətta ən kiçik məbləğdə pensiya kapitalı olanlara avtomatik pensiya hüququ verilib. Yaşa görə müavinət yaşı pensiya yaşı ilə eyniləşdirilib. 2022-ci ildə qanuna 50-dək əlavə və dəyişiklik edilməklə, erkən pensiya hüququ olan kateqoriyaların sırası genişləndirilib. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən sahələr sırasına yeni 59 vəzifə, peşə əlavə edilib. Qeyd edək ki, ötən ilin əvvəlindən pensiyaların hər il indeksləşdirilərək artırılmasında bütün pensiyaçılar üzrə vahid yanaşmanın tətbiqinə başlanıb. Yəni pensiyaların hər il indeksləşdirilərək artırılması artıq qulluq stajına görə pensiyalarına əlavələr təyin edilmiş pensiyaçılara (hərbi qulluqçular, hüquq-mühafizə orqanları əməkdaşları, dövlət qulluqçuları və s.) da şamil olunur. Bu da onların pensiyalarının hər il mütəmadi artımına imkan yaradıb. Hazırkı indeksasiya əsaslı pensiya artımı da qulluq stajına görə əlavələr təyin edilmiş pensiyalara da aiddir. Həmçinin 2022-ci ildə pensiyaçılara, o cümlədən qulluq stajına görə əlavələr təyin edilmiş pensiyaçılara ödənilən maddi yardımlar onların pensiyaları tərkibinə daxil edilərək, bundan sonra yaranan pensiya məbləğləri 14,7 faiz indeksləşdirilərək artırılmışdı. Yeni Sərəncamla bu praktika davam edir. Bu il də pensiyaların qulluq stajına görə əlavələrlə birlikdə müəyyən edilmiş məbləğlərinin və eyni zamanda 2023-cü il yanvarın 1-dən pensiyaların tərkibinə daxil edilən maddi yardımların da 11,2 faiz indeksləşdirilməklə 2024-cü ilin əvvəlindən artırılması təmin edilir. Sərəncamla tətbiq edilən indeksasiya üzrə artım 2023-ci il üzrə orta inflyasiya dərəcəsini (8,8 faizi) üstələyir. Sərəncamla pensiyaların indeksləşdirilərək artırılması nəticəsində orta aylıq pensiya məbləğinin 436 manatdan 485 manata, yaşa görə orta aylıq pensiyanın məbləğinin 467 manatdan 519 manata çatacağı proqnozlaşdırılır. Cənab Prezidentin Sərəncamı ilə hər il pensiyaların indeksləşdirilməklə artırılması eyni zamanda istehlak qiymətləri indeksinin əvvəlki il üzrə illik səviyyəsinə uyğun olaraq, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilərək artırılması təmin olunur. Fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı istehlak qiymətləri indeksinin ötən il üzrə illik səviyyəsinə uyğun olaraq 8,8 faiz indeksləşdirilərək artırılır. Məsələn, şəxsin fərdi hesabında 45 min manat pensiya kapitalı toplanıbsa, bu məbləğ 8,8 faiz, yəni 3960 manat artırılmaqla 48 960 manata çatdırılır. Bu da işləyən şəxslərin fərdi hesablarında toplanan pensiya kapitallarının yalnız hər ay onların əməkhaqlarından sosial sığorta ayırmaları əsasında deyil, həm də hər ilin əvvəlində dövlət tərəfindən indeksləşdirilmə əsasında mütəmadi olaraq artırıldığını göstərir və sığortaolunanların sosial müdafiəsinə xidmət edir.
Ümumən, Azərbaycanda minimum pensiya son 20 ildə 10 dəfə artıb. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) məlumatına görə, 2023-cü il 1 iyul tarixinə ölkədə 1 milyon 96 min nəfər pensiyaçı qeydiyyatda olub. Yəni ölkə əhalisinin 10.8 faizi pensiyaçılardır. Onların 64,1 faizi yaşa, 23,6 faizi əlilliyə, 12,3 faizi isə ailə başçısını itirməyə görə pensiya alır. Əməkhaqları kimi, pensiyalar da davamlı olaraq artırılır.
Millət vəkili Naqif Həmzəyev "Sherg.az"a deyib ki, Azərbaycan hökuməti tərəfindən mütəmadi olaraq sosialyönümlü siyasət həyata keçirilir. Deputatın sözlərinə görə, cənab Prezident İlham Əliyevin birbaşa hədəfi, məqsədi ilk növbədə əhalinin gəlirlərinin artmasıdır:
"Eyni zamanda inflyasiya nəzərə alınmaqla əhaliyə, xüsusilə də əhalinin müəyyən kateqoriyalarına aid olan təbəqəsinə verilən müavinətlərin mütəmadi artırılması hədəflənir. Bu baxımdan ötən gün cənab Prezidentin verdiyi sərəncam sayəsində 1,1 milyon pensiyaçının müavinətləri artırılacaq. Artım təxminən 11,2 faiz təşkil edəcək. Çox yaxşı artımdır. İnanırıq ki, büdcəyə daxilolmalar artdıqca və gəlirlər çoxaldıqca ilin ikinci hissəsində təqaüdçülər üçün bu cür artımların olma ehtimalı var. Ümumiyyətlə, respublikamızda pensiyaların təyinatı dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə əsasən sığorta prinsiplərinin tətbiqi ilə həyata keçirilir. Prezident İlham Əliyevin yanında keçirilən sosial-iqtisadi sahə ilə bağlı müşavirədən sonra ayrı-ayrı sahələr üzrə verilən qərarlar, həyata keçirilən islahatlar ölkə vətəndaşlarının həyat səviyyəsinin yüksəlməsinə, maddi və mənəvi rifah halının yaxşılaşmasına, Azərbaycanın müstəqil dövlət kimi güclənməsinə xidmət edir. Məhz dövlət başçısının uğurlu siyasəti nəticəsində ölkəmizin sosial-iqtisadi tərəqqisi daha da inkişaf edəcək, əhalinin yaşayış səviyyəsi daha da yüksələcək. Tam əminliklə demək olar ki, sosial rifah və ədalət prinsipi dövlət siyasətinin strateji xəttidir. Dövlətin yürütdüyü siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır".