Deputat hərbi qulluqçuların uşaqlarına müavinətin verilmə qaydasına aydınlıq gətirib 

Məbləği 120 manatdır


  “Sosial müavinətlər haqqında” Qanuna son dövrlər edilən dəyişikliklərdən biri də müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçularının uşaqlarına müavinətin verilməsidir. Qanunun 4-cü maddəsinə əsasən, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına aylıq müavinətin verilməsi həyata keçirilir. Hazırda aylıq müavinətin məbləği 120 manatdır. Bu müavinət hərbi qulluqçularının həqiqi hərbi xidmətdə olduğu müddətdə ödənilir. 

  Millət vəkili Vüqar Bayramov "Sherg.az"a bildirib ki, müavinət hərbi qulluqçuların ailə üzvlərinin sosial dəstəklənməsi baxımdan vacib olsa da, aparılan monitorinqlər göstərir ki, həmin ödənişlər barədə ictimai məlumatlandırma yüksək deyil: 
"Müavinət yalnız Azərbaycan vətəndaşlarına şamil edilmir. Eyni zamanda Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmamışdırsa, ölkəmizdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər və əcnəbilər də müraciət etmək hüququna malikdirlər. Müraciət üçün tələb edilən sənədlərin sayı da çox deyil. Müraciət edən şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti, uşağın şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnaməsi, həmin vətəndaşımızın müddətli həqiqi hərbi xidmətdə olmasına dair Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin arayışı ilə müraciət etməsi mümkündür. Müavinətin təyin olunması barədə müraciətə qeydə alındığı gündən ən geci 10 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir. Müavinətin təyin olunmasından imtina edilməsi barədə qərar qəbul edildikdə, 5 gün müddətində imtinanın səbəbləri göstərilməklə, müraciət edən şəxsə rəsmi məlumat verilir. Müraciət edən şəxsin bu qərardan məhkəməyə şikayət etmək hüququ var".

  Parlament üzvü bir mühüm məqama da diqqət yönəldib:
 "Əgər hərbçimiz bu müavinət barədə gec məlumat əldə edibsə, o zaman ona müraciət edildiyi tarixdən əvvəlki üç il üçün də vəsait ödənilir. Yəni bu müavinətin verilməsindən gec xəbər tutan və vəsaiti almaq hüququ olan vətəndaşlarımız əvvəlki 3 il üçün hesablanmış pulu da almaq hüququna malikdirlər".