Bakı-Sumqayıt yolu - keçilməz qala!  - Dərdə dəva necə tapaq?

İllərdir ölkənin ən aktual problemi ilə bağlı müzakirələr aparılır, təkliflər verilir, amma hələ də konkret addımlar yoxdur

  Bakı-Sumqayıt yolu 6 zolaqlı olsa da, paytaxta çatan hissədə 2 zolaqlı olur və nəticədə sıxlıq yaranır.
 Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmələrdə deputat Fəzail Ağamalı bildirib.
“Mən bu gün Milli Məclisə gəlmək üçün saat 8:00-da Novxanıdan yola çıxmışam, 10-a 5 dəqiqə qalmış burada olmuşam. Bu hal isə hər gün yaşanır. Bunun aradan qaldırılması üçün yüngül konstruksiya ilə Yaponiyadakı kimi 2-3 mərtəbəli yollar tikilə bilər”, – deyə o qeyd edib.
Deputat əlavə edib ki, parklanma məsələsi vaxtilə yol infrastrukturunun qurulmasında yol verilmiş nöqsanlarla bağlıdır. Şəhərdə sıxlığı aradan qaldırmaq üçün şəxsi minik avtomobilləri avtovağzala və yaxud metroya qədər buraxıla bilər. Daha sonra insanlar ictimai nəqliyyatdan istifadə etsin. Bu, vaxtilə tətbiq edilmişdi.
Nəqliyyat eksperti İlqar Hüseynli də deputatın təklifini məqbul hesab edir.
  O, "Sherg.az"a açıqlamasında bu məsələnin illərdir ölkənin ən aktual problemlərindən biri olaraq qaldığını deyib:

"Bakı-Sumqayıt arası nəqliyyatın daha səmərəli təşkili istiqamətində müzakirələr, təkliflər aparılır, amma hələ də konkret addımlar yoxdur. O yoldan istifadə edən hamı yaxşı bilir ki, Xırdalan dairəsindən “20 Yanvar” metrosuna qədər gəlib çıxmaq günün pik saatlarında mümkünsüz hala çevrilir".
Ekspert məsələnin həllinin sadəcə bu istiqamətdə bir neçə ötürücü yolun inşasında görür: “Problemin həlli üçün dünyanın böyük şəhərlərinin təcrübəsindən istifadə etmək lazımdır. Biz artıq çoxpilləli yol ötürücülərinin inşasını tətbiq etməliyik. Bunun xaricində məsələnin həlli yolu qalmır. Bakı Avtovağzalına çatmamış estakadalar üzərindən 2 və yaxud 3 yol ötürücüsünun inşasına başlaya bilərik. Bu ötürücülərin biri Biləcəri üzərindən birbaşa 9-cu mikrorayon istiqamətinə, digəri isə sağ istiqamətdə Yasamal üzərindən şəhərə girişi təmin edə bilər. Təbii ki, bu, mütləq hal deyil və bunun üçün kommunikasiya və lazımi infrastruktur təmin olunmalıdır. Bu, bəlkə də, qismən həmin yolu tıxacdan xilas edə bilər".
  Mərtəbəli yollar vasitəsilə bir çox şəhərlərdə tıxac probleminin həll olunduğunu vurğulayan İ.Hüseynli Tokio, Pekin, Honq-Konq kimi şəhərləri misal göstərib: "Bakıda da bu təcrübədən istifadə etmək mümkündür. Sadəcə, nəzərə alaq ki, bu, kifayət qədər bahalı layihədir. Bunun həyata keçirilməsi üçün zamana da ehtiyac var. Çünki qısa zaman ərzində başa gələcək məsələ deyil. Ümumiyyətlə, bütün istiqamətlərdə layihələri dəyərləndirmək olar. Hansı daha ucuz və təhlükəsiz başa gələcəksə, onu reallaşdırmaq lazımdır. Mərtəbəli yollar tıxacdan çıxış üsullarından biridir".