Martın 8-də Şamaxının Məlikçobanlı kəndində vulkan püskürməsi olub. Son zamanlar baş vermiş zəlzələlər kiçik maqnitudalı olsalar da, palçıq vulkanlarının aktivləşməsinə təsir edən amillərdəndir.
Bunu APA-ya açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.
Onun sözlərinə görə, baş verən zəlzələlər kiçik maqnitudalıdır, bunlardan bir neçəsi Xəzər dənizində qeydə alınıb: “Bu zəlzələlər ciddi fəsadlara səbəb olacaq gücə malik deyil. Zəlzələdən öncə və sonra vulkan püskürmələri gözləniləndir. Çünki yer daxilində gedən sıxılmalar, hərəkətlilik, gərginliyin toplanması palçıq vulkanlarının aktivləşməsinə səbəb ola bilir”.
Azərbaycanda bir ildə 4-5 min zəlzələnin olduğunu, bunların içərisində hiss edilənləri olduğu kimi, hiss edilməyən, kiçik maqnitudalı zəlzələlərin baş verdiyini diqqətə çatdıran Qurban Yetirmişli vurğulayıb ki, Məlikçobanlı kəndindəki palçıq vulkanı aktiv sayılsa da, zəifdir: “Yəni Məlikçobanlı vulkanı Lökbatan, Şıxzərli, Quşçu və digər palçıq vulkanları ilə müqayisədə çox da güclü püskürmür. Bir neçə gün öncə Şamaxıda yüngül yeraltı təkanlar hiss edilmişdi. Vulkanın aktivləşməsi bunun nəticəsində ola bilər”.
Baş direktor xatırladıb ki, Məlikçobanlı kəndindəki vulkan Ağsuda zəlzələdən sonra 2019-cu ildə də püskürüb, lakin onun fəsad törədəcək, sürüşmələrə səbəb olacaq qədər püskürməsi gözlənilmir.