Telekanallardakı biabırçılığa nəhayət, son qoyulacaq
“Məsələnin bu dərəcədə kəskinləşməsi onu göstərir ki, bayağı, düşük şoulara nə “aşağılar” dözür, nə də “yuxarılar”
“Bir çox qadınlar vardı ki, o verilişlərdən sonra nə ailə bağları qorunub qalırdı, nə də normal iş yeri tapa bilirdilər”
Bir neçə gün əvvəl ATV, "Xəzər", ARB və "Space" telekanallarının rəhbərləri Prezident Administrasiyasına dəvət olunublar. Manset.az xəbər verir ki, telekanal rəhbərlərinin iştirakı ilə keçirilən iclasda tv-kanallarda yayımlanan bir sıra şou və sosial verilişlərdəki biabırçı vəziyyətlə bağlı ciddi iradlar səsləndirilib. Qeyd edilib ki, ictimai narazılıq və narahatlıq doğuran “Bizimləsən”, “Elgizlə izlə”, “Səni axtarıram”, “Həmin Zaur”, “Gəl danış”, “Yaxşıya doğru”, “Təsir dairəsi” kimi verilişlər son illər teleradio məkanının inkişafı sahəsində əldə olunmuş uğurlara ciddi kölgə salır. Telekanalların reytinq yarışında etik qaydaların pozulduğu, milli-mənəvi dəyərlərimizə xələl gətirildiyi, insanların şəxsi həyatına kobud müdaxilələrin yol verildiyi bəsit və bayağı verilişlərin çəkisinin artması narahatlıq doğurmaya bilməz. Həmin verilişlərdə eybəcər qalmaqalların əvvəlcədən ssenariləşdirilməsi, auditoriyanın pulla cəlb edilməsi, iştirakçılarla əlaqələrdə korrupsiya sxemlərinin həyata keçirilməsinə dair çoxsaylı şikayətlər var. Gündəlik 3-5 saat davam edən bu verilişlərdə insanların şəxsiyyəti alçaldılır, efirdə təhqir və ədəbsiz ifadələr işlədilir, efir mədəniyyəti, nitq qabiliyyəti, bilik səviyyəsi tələblərə cavab verməyən aparıcılar və ekspertlər isə sanki cəmiyyətə meydan oxuyurlar. Telekanalların rəhbərlərinin nəzərinə çatdırılıb ki, vəziyyət belə davam edə bilməz və qısa zamanda bu biabırçılığa son qoyulmayacağı, verilişlərin fəaliyyətində dönüş yaradılmayacağı təqdirdə, qanunauyğun şəkildə sanksiyaların tətbiq olunması, hətta telekanalların fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı tədbirlər qaçılmaz olacaq.
Tv-kanallardakı mövcud duruma rəsmi dairələr müdaxilə etmək qərarına gəlib və keçirilən görüş də bunun nəticəsidir. Prezident Aparatı səviyyəsində töhmət alan tv-kanallar necə, bu görüşdən nəticə çıxaracaqmı?
“Tv-lər islah olunmalıdır”
Televiziya mütəxəssisi, professor Qulu Məhərrəmli “Sherg.az”a açıqlamasında “məsələnin bu dərəcədə kəskinləşməsi onu göstərir ki, bu cür bayağı, düşük şoulara nə “aşağılar” dözür, nə də “yuxarılar”, söylədi:
- Ona görə də tədbirlərin görülməsi vacibdir. Tədbirlər ona görə vacibdir ki, televiziyanın auditoriyası çox genişdir, onun geniş kütləyə böyük təsiri var. Şəxsi problemlərin az qala milli məsələ səviyyəsinə qaldırılması, ailə məsələlərinin şou səviyyəsinə gətirilərək müzakirəsi, min illərlə formalaşmış dəyərlərin məhvini sükutla qarşılamaq olmaz. Verilişləri bağlamaq, açmaq, cərimə etmək işin inzibati tərəfidir. Televiziyaları da anlamaq lazımdır. Onlar belə ucuz şoulara reklam əldə etmək, reytinq qazanmaq üçün də əl atır. Amma normal şoular eləmək mümkündür. 10-20 il əvvələ qayıdıb o dövrdə hazırlanan tok-şouların portretini götürmək olar. Baxsalar, ictimai əhəmiyyət daşıyan məsələlərin efirdə necə səviyyəli bir şəkildə işıqlandırıldığını görəcəklər. Həmin verilişlərin heç birində insan taleyi şəxsi problemlər kontekstində şəxsiyyətin alçaldılması, tapdanması fonunda verilmirdi. Belə hallar yox idi o verilişlərdə. TV-lər 1 seqment üzərində dayanmır. Burada həm xəbər, həm ciddi müzakirələr, ictimai-sosial proqramlar, uşaq verilişləri, həm də əyləncə verilişləri hazırlanmalıdır. Tv-lərin fəaliyyəti çoxşaxəli olmalıdır və müxtəlif auditoriyaya məzmuna uyğun verilişlər çatdırılmalıdır. Əsas, ciddi problemləri şou vasitəsilə tamaşaçıya çatdırmaq yolverilməzdir. Bu cür verilişlər islah olunmalıdır. Ucuz şou, sensasiya, ssenariləşdirilmiş oyun epizodlarından imtina edilməlidir. Əlbəttə, bu, peşəkar yanaşma, peşəkar rejissura və yüksək estetik zövq tələb edir. Hesab edirəm ki, özəl telekanallara müəyyən müddət maliyyə yardımı göstərilməlidir ki, düşük şoular əvəzinə səviyyəli proqramlar hazırlasınlar.
Cəmiyyətin yarasına çevrilmiş proqramlar
Telekanallardakı biabırçılığa rəsmi qaydada etiraz bildirilməsi, ictimaiyyətin ürəyincədir. Nəhayət, telekanallar rəzillikdən bəlkə əl çəkər. Cəmiyyətdə yaraya çevrilmiş bu problem illərdir daim gündəmdə idi. Bir müddət əvvəl, “Xocalı soyqırımını tanıtma” İctimai Birliyinin sədri Ceyran Əzizova sosial şəbəkə üzərindən paylaşım edərək rəsmi dairələri tv-kanallardakı rüsvayçılığa son qoymağa çağırış etmişdi. C.Əzizova məlum müraciətində qeyd edirdi ki, dünyanın heç bir kanalında belə küçə ağzıyla danışıb onu-bunu hədələyən ekspertlərə rast gəlinmir: “Bu ancaq bizdədir. Bizim millət budurmu? Deyil. Amma və lakin şounun xatirinə övladlarımızın əsəbini pozan, nəvələrimizin tərbiyəsinə təsir edən dəvətsiz qonaqlarımıza “evimizə gəlməyin”, deməyin vaxtıdır. Bunların üzündən televizorları söndürmüşük, açmırıq”. C.Əzizova cənab Prezidentə müraciət edərək bu biabırçılığa son qoymasını xahiş edirdi: “İşinizin çoxluğunun fərqindəyəm. Amma bizə sizdən kömək istəməkdən başqa yol qoyulmadı. Bu şou proqramlarındakı biabırçılıqlara bir son qoyulması üçün göstəriş verməyinizi çox xahiş edirəm. Bunlar xalqın gələcəyini məhv etmək istəyirlər”.
“Sherg.az"a danışan C.Əzizova qeyd etdi ki, ictimaiyyətin narazılığına Prezident Administrasiyası səviyyəsində reaksiya verilməsi onu sevindirir:
- İctimai narazılığa diqqət göstərilir. Telekanallardan əksəriyyət narazıdır. Reytinqləri çox düşüb artıq. Daha camaat əvvəlki kimi maraqla baxmır bu cür səviyyəsiz verilişlərə. Ümid edirəm ki, Prezident Administrasiyası ciddi ölçü götürəcək. Ən azından biabırçı formatların dəyişəcəyinə ümid edirəm. Düşünürəm ki, hazırkı format dəyişəcək.
Sosial verilişlərin qurbanları artır
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova da Prezident Administrasiyasının müdaxiləsini zəruri saydığını dedi:
- Hələ bir neçə il öncə həyəcan təbili çalmışdım. Sosial verilişlərdən sonra qurbana çevrilənlərlə bağlı. Çünki bir çox qadınlar vardı ki, o verilişlərdən sonra nə ailə bağları qorunub qalırdı, nə də normal iş yeri tapa bilirdilər. Kifayət qədər mənfi obrazda tanıtımları olurdu. Təklif etmişdim ki, onların sonrakı həyatı ilə bağlı bir araşdırma aparılsın. Təbii ki, mən sosial verilişlərin tam bağlanılmasını deyil, müraciət edənlərin problemlərinin işıqlandırılmasında insan haqları, məxfilik, şəxsiyyətin toxunulmazlığının tətbiqinin əhəmiyyətli bir meyar kimi qorunması və nəzarəti təqdir edirəm.