Amma bu iş sərt cəzalarla yox, təbliğatla aparılmalıdır
“Qorxulusu odur ki, qohumlar evlənəndə onların öz uşaqlarında problem olmasa da, nəvələrində ola bilər. Yəni bu, birmənalı olaraq tibb elminin də isbat etdiyi, statistikanın da göstərdiyi bir məsələdir”
Azərbaycanda qanunvericilik səviyyəsində üçüncü və dördüncü dərəcəli qohum evliliklərinin qarşısının alınması müzakirə olunur.
Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin sektor müdiri Rüstəm Qasımov dünən keçirilən "Qohum nikahları" ilə bağlı ictimai müzakirədə bildirib ki, qadağa əmi, xala uşaqları arasında olan nikahları ehtiva edir: “Burada faktiki vəziyyət göstərir ki, uzun illərdir aparılan maarifləndirmə işlərinə baxmayaraq, problem hələ də qalır. Buna görə də dövlətin addım atması önəmlidir".
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova isə deyib ki, Dövlət Komitəsi baba və nənələri eyni olan şəxslərin evliliyinin qadağan edilməsini təklif edir. Ümid edirəm ki, ictimaiyyət də bu fikirlə razılaşar. Qohum nikahların əlilliyə təsiri barədə danışan T.İbrahimova deyib ki, bununla bağlı araşdırmalara ehtiyac var.
O bildirib ki, Azərbaycanda doğulan əlil uşaqların statistikası ürəkaçan deyil: "Düzdür, real statistikanı əldə etmək mümkün olmasa da, əlillik alan və əlilliyə görə müavinət alan şəxslərin sayını birləşdirməklə bununla bağlı müəyyən rəqəm əldə edə bilirik. Təxminən 70 minə yaxın əlilliyi olan uşaq var”.
Qanunvericilikdə erkən nikahla mübarizədə boşluq olduğunu vurğulayan şöbə müdirinin sözlərinə görə, Ailə Məcəlləsində yaxın qohumlar arasında nikah qadağan edilir: “Amma reallıq çox fərqlidir. Geniş araşdırmaların aparılmasına ehtiyac var. Qohum nikahlarının əlilliyə təsiri düz mütənasibdir. Qohum evliliyi nəticəsində əlil doğulan uşaqların statistikasının aparılmasına ciddi ehtiyac var. Komitəyə olunan müraciətlər əsasında məlum olur ki, qız uşaqlarını məcbur edirlər ki, qohuma ərə getsin. Atalar hesab edir ki, bununla qız uşaqlarının təhlükəsizliyini təmin edir. Bu çox önəmli məsələdir. Cəmiyyətdə belə bir yanaşma da var ki, yaxşı, tərbiyəli qızları qohumlar alır. Qız gec evlənirsə, deməli, problem var ki, onunla qohum evlənməyib. İctimaiyyətin bu məsələyə barışmazlığını formalaşdırmalıyıq. Necə ki, erkən nikahları qəbul etmirik, qohum evliliklərini də qəbul etməməliyik.
Azərbaycanda qohum evliliyinin 36,4 faizi nəsildən nəslə keçən gərəksiz adətlər, stereotiplərlə bağlıdır
Bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin keçirdiyi rəy sorğusu nəticəsində məlum olub. 2021-ci ildə keçirilən sorğunun əsas məqsədi insanların qohum evliliyinə münasibətini öyrənmək, belə nikahların təsirlərinin qiymətləndirilməsi, fəsadların müəyyən edilməsi və onların qarşısının alınması istiqamətində tədbirlərin görülməsi olub. Sorğu nəticəsində məlum olub ki, qohum evlilikləri arasında dayıoğlu-bibiqızı, bibioğlu-dayıqızı nikahlarının xüsusi çəkisi 37.4 faiz, əmioğlu və əmiqızı evliliyi 22.1 faiz, xalaoğlu və xalaqızı nikahı 23,2 faiz, eləcə də qohum şəxslərin - əmi, bibi, dayı, xala nəvələri arasında olan nikahlar 17,3 faizdir.
Respondentlərin fikrincə, qohum evliliyinin bir sıra səbəbləri yar. Onların 16,4 faizi yaşlı nəslin təkidi, gənclərə seçim haqqının verilməməsi, 36,4 faizi nəsildən nəslə keçən gərəksiz adətlər, stereotiplər, 14,3 faizi erkən nikah, 16,6 faizi gənclərin təcrübəsizliyi, yetərli qədər əhatə dairəsinə sahib olmaması, sosiallaşma problemləri, 8,1 faizi ailə quran insanların təhsilsizliyi, cahilliyi, 6,2 faizi kifayət qədər məlumatın olmamasını göstəriblər.
Statistikaya əsasən, ən çox qohum nikahları Bakıda (742), Mil-Muğan (296) və Lənkəran-Astara (274) regionlarında qeydə alınıb. Dövlət tərəfindən bu istiqamətdə lazımi tədbirlər görülür. Qanunvericiliyə dəyişikliklər edilir, yeni sənədlər qəbul edilir, maarifləndirmə işləri aparılır. Lakin buna baxmayaraq, bəzi ailələrdə müşahidə olunan ənənəvi stereotiplərin, qohumların evlənməsinə müsbət yanaşılması kimi patriarxal düşüncələrin mövcudluğu belə nikah hallarının baş verməsinə səbəb olur”.
Qohum evliliklərinin qarşısının alınması maarifləndirmə ilə mümkün deyil
Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin digər sektor müdiri Araz Poladov isə hesab edir ki, qohum evliliklərinin qarşısının alınması maarifləndirmə ilə mümkün deyil: “Dövlətin insan hüquqlarına bu cür fundamental sahədə müdaxilə etməsi üçün meyarlar var. Görünən odur ki, maarifləndirmə yolu ilə qohum evliliklərinin qarşısının alınmasına nail olmaq mümkün deyil. İnkişaf etmiş cəmiyyətlərdə qohum evliliklərinin səviyyəsi çox aşağıdır. Ona görə ki, bu cür cəmiyyətlərdə bu məsələyə dövlət nəzarəti var".
Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Zahid Oruc isə hesab edir ki, yaxın qohum nikahları qan xəstəlikləri, valideynlər arasında bioloji qohumluq nə qədər yaxın olarsa, onların övladlarına bir və ya daha çox zərərli genin eyni nüsxələrinin keçməsi ehtimalı bir o qədər yüksək olur.
Onun sözlərinə görə, dördüncü dərəcəli qohumların genlərinin 12.5 faizinin (1/8) ortaq olacağı ehtimal olunur, bununla da orta hesabla onların birgə nikahdan olan övladları 6.25 faiz (1/16) iki eyni gen cütünə (homoziqot) malik olur: “Haşiyə çıxaraq, qanunvericilikdə qohum nikahlarının dərəcəsi 1 və 2-ci qohumluğa aid edilsə də, 3 və 4 cü qohumlqu dərəcəsini əhatə etmir. Digər tərəfdən, nişanlanma ilə bağlı hüquqi məsuliyyət müəyyən olunmayıb. Ona görə də bir dövlət rəsmi təmsilçilərinin məlumatına istinad etsək, erkən yaşda nişanlanma azyaşlıların qanunla müəyyən edilmiş nikah yaşına çatana qədər artıq faktiki nikah münasibətlərinə daxil edilməsinə səbəb olmaqla bu cür şəxslərin cinsi istismara məruz qalmasına şərait yaradır. 2022-ci ilə olan məlumatlara əsasən, 2022-ci ildə 15-17 yaş qruplarında olan qadınlar tərəfindən 2011 uşaq dünyaya gətirilmiş, bunlardan 1880-i həmin qadınların birinci, 120-si həmin qadınların ikinci, 11-i isə üçüncü uşağı olub.
Yetkinlik yaşına çatmayanların nişanlanması ilə bağlı məsuliyyət müəyyən olunmalıdır
Göründüyü kimi, belə statistikanın üzərində hakimiyyət institutları müxtəlif qərarlar qəbul edə bilər. Bəs hansı tədbirlər, inzibati, yoxsa, maarifləndirmə çıxış yoludur? Qadağalar hansı nəticəni doğurur? Amerikanın 24 ştatında qohum evlilikləri qadağan olunub. Hansı çıxış yolları təklifləri dünyada geniş tətbiq edilir - ilk növbədə, ailənin maliyyə vəziyyətinin yaxşılaşdırılması, səhiyyə sahəsində ictimaiyyətin məlumatlandırılması və qadınlar üçün ali təhsil qohumluq nisbətlərini azalda bilər. Digər tərəfdən, ən çox rast gəlinən genetik pozuntuları müəyyən etmək üçün nikahdan əvvəl genetik müayinə təklif edilməlidir. Həkimlər eşitmə qüsuru, talassemiya, kistik fibroz, əqli gerilik və s. kimi qohumlarla əlaqəli xəstəliklərə diqqət yetirməlidir. Risk altında olan ailələr üçün genetik məsləhət xidmətləri təmin edilməlidir”.
Z.Oruc qeyd edib ki, Azərbaycanda yetkinlik yaşına çatmayanların nişanlanması ilə bağlı hüquqi məsuliyyət müəyyən olunmayıb. Bu məsələ də həllini tapmalıdır: "Dövlət rəsmilərinin məlumatına istinad etsək, erkən yaşda nişanlanma azyaşlıların qanunla müəyyən edilmiş nikah yaşına çatana qədər artıq faktiki nikah münasibətlərinə daxil edilməsinə səbəb olmaqla bu cür şəxslərin cinsi istismara məruz qalmasına şərait yaradır. 2022-ci ildə 15-17 yaş qruplarında olan qadınlar tərəfindən 2011 uşaq dünyaya gətirilib, bunlardan 1880-i həmin qadınların birinci, 120-si qadınların ikinci, 11-i isə üçüncü uşağı olub. Göründüyü kimi, bu statistikanın üzərində hakimiyyət institutları müxtəlif qərarlar qəbul edə bilər".
... siz qohumsuz, boşana bilməzsiz
Qohum nikahları ilə bağlı ictimai müzakirədə çıxış edən millət vəkili Fazil Mustafa qeyd edib ki, qohum nikahı ilə yanaşı, bölgə nikahı da var. Deyirlər ki, bu rayondan başqa hardasa, kimləsə evlənə bilməzsən:
“Cəmiyyətdə başqa dindən, millətdən də evliliyə pis baxılır. Oğlan gedir başqa millətdən qızla evlənir. Anası tez zəng edir çağırır ki, gəl burda bibin qızıyla evlən, bizə baxan olsun. Biz bu sosiallaşma məsələsi üzərinə gəlməliyik. Dövlət cəhalətlə, xurafla hesablaşmamalıdır. Qadının sosiallaşma tədbirləri haradır? Onun mədəni sosiallaşma mühiti yoxdur. Ancaq toyda, xınada sosiallaşa bilir. İndi münasibət darlığı var. Ona görə kimisə kəşf eləmək olmur. Əvvəllər qohum evlilikləri edənlər boşana bilmirdi. Ailədaxili şiddət olanda belə deyilirdi, siz qohumsuz boşana bilməzsiz”.
Xəstə doğulan uşaqların 4-8 faizi qohum evliliklərinin payına düşür.
Bunu isə Səhiyyə Nazirliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Talassemiya bölməsinin baş həkimi Xuraman Cəfərova deyib.
O, Azərbaycanın talassemiya xəstəlikləri baxımından endemik zona olduğunu söyləyib. Həkim qeyd edib ki, qohum evlilikləri talassemiya xəstələrinin sayının artmasına səbəb olur: "Məqsədimiz qohum evliliklərinin qarşısını almaqdır. Dövlət bu sahədə ciddi iş görür. 2016-cı ilə qədər doğulan uşaqlar arasında talassemiya xəstəsi illik 200-yə yaxın idi, 2016-cı ildən sonra xəstələrin sayında ciddi azalma var".
... ilk vaxtlarda fərqli yanaşma mümkündür, ancaq zamanla qəbul ediləcək
Ədliyyə Nazirliyinin 7 saylı "ASAN xidmət" Mərkəzindəki Qeydiyyat şöbəsinin rəisi Rəşidə Manafovanın fikrincə, qohum evlilikləri qadağan olunarsa, zamanla qəbul ediləcək. Onun sözlərinə görə, qohum evliliklərinin qarşısını qeydiyyat şöbələrində almaq mümkün deyil: "Çünki dövlət qurumuna gələn şəxslər artıq qərar vermiş olurlar. Ona görə də məsələ qanunvericiliklə tənzimlənməlidir".
R.Manafova bildirib ki, əvvəllər cəmiyyətdə nikahdan öncə tibbi müayinədən keçmək məsələsi də etiraz doğurmuşdu: "Hazırda hər kəs normal şəkildə nikaha daxil olmazdan əvvəl tibbi müayinədən keçir. Qohum evlilikləri də qadağan olunarsa, ilk vaxtlarda fərqli yanaşma mümkündür, ancaq zamanla qəbul ediləcək".
Bakı Nikah Evinin müdiri İradə İsgəndərova isə vurğulayıb ki, Səadət sarayında 2022-ci ildə 10 nəfər, 2023-cü ildə 6 nəfər, 2024-cü ildə 2 nəfər müraciət edərək qohumluq əlaqəsi olan şəxslə evlənmək istədiyini bildirib: "Onlar ərizə verib və nikahları qeydə alınıb".
Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin üzvü, deputat Elşad Mirbəşiroğlunun dediyinə görə, qohum nikahlarının qarşısının sərt şəkildə alınması müsbət nəticələrə gətirib çıxarmayacaq. Çünki cəmiyyətdə qadağan olunan məsələ daha çox diqqət və maraq cəlb edir: “Ötən il Azərbaycanda 45 min 500 nəfər ailə qurub, ancaq 20 min nəfər boşanıb. Qohum nikahları ilə bağlı göstərici isə 600-700 arası olub. Bu, elə də böyük göstərici deyil. Ailə quran insanlarda gənclər arasında hansısa keçilməz hisslər mövcuddursa, onlar tibbi müayinədən də keçə bilərlər. Azərbaycan cəmiyyətində təhlükəli tendensiya müşahidə olunur. Çünki boşanmaların sayı sürətlə çoxalır. Bu bizi daha çox narahat etməlidir".
Birdən-birə bacın kimi baxdığın adamla evlənməyin özü ...
Mövzu ilə bağlı danışan Klinik Tibbi Mərkəzin həkim-ginekoloqu Təranə Həsənova qohum nikahlarının qadağan olunması təklifinin yerində və düzgün verildiyini qeyd edib:
"Azərbaycanda qohum evlilikləri geniş yayılıb və bu, yeni deyil, əvvəldən belədir. Ölkəmiz talassemiyanın geniş yayıldığı regionlara aiddir. Aparılan araşdırmalarla alimlər talassemiyanın yaranmasının bir səbəbi kimi qohum evliliklərini göstərirlər. Bu evliliklərdən fiziki və əqli cəhətdən qüsurlu uşaqlar dünyaya gəlir".
Həkim-ginekoloq daha bir maraqlı məqama diqqət çəkib:
"Bəzən hesab edirlər ki, əmioğlu-əmiqızı evliliyində problem az, xalaoğlu-xalaqızı evliliyində çox ola bilər və yaxud əksinə. Bunun məsələyə aidiyyəti yoxdur. Ailədə birinci uşaq sağlam doğulsa da, ikinci uşaq qüsurlu ola bilir, 3-cü uşaq yenidən sağlam olur. Bu, birinci növbədə ən yaxın qohum evliliklərinə aiddir. Amma digər qohum evliliklərində də bu patologiyalar müşahidə oluna bilər".
T.Həsənova qeyd edib ki, əvvəllər təbabət o qədər də inkişaf etmədiyi üçün patologiyalı uşaqların doğulmasının qarşısını ala bilmirdilər: "Amma indi təbabətin inkişafı, yeni metodlarla xəstəliklər vaxtında aşkarlanır və qüsurlu uşağın dünyaya gəlişinin qarşısı alınır. Lakin bunu hər kəs etdirirmi? Hamı buna ehtiyac duyurmu? Ailələr var ki, gəlini həkimə aparmır. Belə dünyagörüşlü insanlarla qüsurlu uşağın doğulması da çoxalacaq. Ona görə hesab edirəm ki, tətbiqi nəzərdə tutulan qadağa düzgün atılmış addımdır və həkim kimi alqışlayıram. Bütün dünyaya, o cümlədən bizim xalqa sağlam gələcək, sərhədlərimizi qoruyacaq sağlam şəxslər, onları doğacaq sağlam analar lazımdır".
Sosioloq, professor Əhməd Qəşəmoğlu da “Sherg.az”a açıqlamasında Azərbaycanda qohum evliliyinin qadağan edilməsinin vacib olduğunu deyib:
"Bu nikahdan doğulan uşaqlarda tibb cəhətdən müəyyən fəsadlar olur. Qan qohumları ilə nikah qadağan olsa da, ikinci kateqoriya qohum insanların ailə qurması Azərbaycanda bir ənənədir. Hesab edirəm ki, bu məsələ təbliğatla həll olunsa daha yaxşı olar. Buna qadağa qoyulması dövlət səviyyəsində veriləcək bir qadağa olmalıdır.
Biz bu qohum evliliyinin nəticəsini bilirik. Bu, insanlarda nə qədər xəstəlik yaradır. Buradakı qorxulu bir şey də odur ki, qohumlar evlənəndə onların öz uşaqlarında problem olmasa da, nəvələrində ola bilər. Yəni bu, birmənalı olaraq tibb elminin də isbat etdiyi, statistikanın da göstərdiyi bir şeydir. Digər tərəfdən, əxlaqi və mənəvi cəhətdən də bu, yaxşı əməl deyil. Çünki uşaqlıqdan hər birimizin xalası, əmisi, dayısı qızı olub. Biz hamımız onlara öz bacımız kimi baxmışıq. Birdən-birə bacın kimi baxdığın adamla evlənməyin özü də insanda, mənəviyyatında müəyyən bir gərginlik, qeyri-adi bir hisslər yaradır. Əgər Azərbaycanda insanları maarifləndirməklə, deməklə başa salmaq mümkün deyilsə, o işlərə qadağa qoymaq lazımdır”.