Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması
M.Zeynalova: “Bu çox ciddi problemdir, hüquqi çərçivə dəqiqləşməlidir”
Cəmiyyətin aktual məsələlərindən biri kimi dövlət qurumlarının, millət vəkillərinin, vətəndaş cəmiyyəti institutlarının, sahə üzrə mütəxəssislərin və media nümayəndələrinin iştirakı ilə qohumlar arasında nikahlarla bağlı geniş tərkibdə ictimai müzakirə keçirildi. Müzakirələr Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Sosial Tədqiqatlar Mərkəzi və “Xalq” qəzetinin birgə təşkilatçılığı ilə keçirilib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova ailənin cəmiyyətin və dövlətin nüvəsi olduğunu vurğulayıb və Azərbaycanda haqqında danışılan mövzuda ənənələrin hər zaman üstün tutulduğunu bildirib. O, ailədəki mühit və münasibətin sonradan cəmiyyətə də daşındığını əlavə edərək, qarşıya qoyulan məqsədlərə çatmaq üçün bu məsələlərin ciddi şəkildə müzakirə olunmağını və həyatımıza mane olan cəhətlər kimi arxa plana keçməli olduğunu qeyd edib. Ailə Məcəlləsinin 12-ci maddəsi ilə yaxın qohumlararası nikahın qadağan edildiyini bildirən Komitə sədri əlavə edib: “Bu istiqamətdə dövlətin apardığı siyasətin əsas məqsədlərinə çatması üçün qanunvericiliyimizə, bu qanunların icrası mexanizmlərinə, onları həyata keçirən dövlət orqanlarının fəaliyyətinə, ictimaiyyətin bu məsələdə iştirakı və mövqeyinə zaman-zaman baxış etməli və onları aradan qaldırmağın yollarını araşdırmalıyıq”. Sözügedən məsələnin Komitənin fəaliyyət istiqamətlərinə aid olduğunu əlavə edən sədr, eyni zamanda aidiyyəti dövlət orqanlarının hər birinin bu istiqamətdə öz öhdəlikləri və vəzifələri olduğunu qeyd edib. Qeyd edib ki, Komitə uzun müddətdir bu məsələlərin əlaqələndirilmiş müzakirəsi prosesinə başlayıb. B.Muradova cəmiyyətin imkanlarını bu məsələnin həllinə yönəltməyin və bundan sonrakı addımları atarkən mövqeyini nəzərə almağın vacibliyini qeyd edib. Məsələnin hökumətin də diqqətində olduğunu vurğulayan sədr, 2015-ci ildə Ailə Məcəlləsinə dəyişiklik edildiyini və nikahdan əvvəl hər kəsin tibbi müayinədən keçdiyini, hazırda bu addımın çox gözəl nəticələr verdiyini söyləyib. O, Nazirlər Kabinetinin “Erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nı xatırladaraq, bu qaydanın tətbiqinin də müəyyən müsbət nəticələr verdiyini deyib. B.Muradova bildirib ki, Dövlət Komitəsi bununla bağlı bütün dövlət orqanlarının fəaliyyətinə dair məlumatları toplayır və ildə 1 dəfə NK-ya təqdim edir. Son iki ilin rəqəmlərini diqqətə çatdıran sədr, həmin nəticələr əsasında Komitənin sifarişi ilə tədqiqatlar aparıldığını da deyib. Komitə sədri qeyd edib ki, əsas məsələ qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsidir və dördüncü dövrə qadağalar qoyulması müəyyən nəticə verə bilər: “İnanıram ki, biz həm qanunverici aspektdən, həm də effektiv icra mexanizmlərinin yaradılması ilə bağlı müəyyən təkliflərlə çıxış edəcəyik. Bu istiqamətdə həyatımıza mane olan hər bir məsələni müzakirə edərək, həm onların ictimaiyyətə çatdırılması, həm də tarixləşdirilməsi işinə töhfə verəcəyik. Uzaq olmayan dönəmdə qanunvericiliyimizə qohum nikahları ilə bağlı dəyişikliklər edək və hüquqi çərçivəni ciddiləşdirək”. Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc dünya əhalisinin təxminən 20 faizinin sosial faydalarına görə qohum evliliklərinə üstünlük verdiyini və daha çox iqtisadiyyatı qapalı, savadsızlıq səviyyəsi yüksək olan və məlumatlı olmayan cəmiyyətlərdə baş verdiyini qeyd edib. O, ailəni milli varlığın qoruyucusu adlandıraraq, qeyd edib ki, ailə institutu xüsusi transformasiyaya uğrayır, ona yalnız xaricdən basqı edilmir, eləcə də tarixi ənənələr, dini və digər amillər ailələrin dayanıqlıq və möhkəmliyinə təsir edir: Bu prinsipdən çıxış edərək, yaxın qohumlar arasında nikahın ən mühüm fəsadlarından biri məhz bu nikahların sağlamlıq problemlərinə səbəb olmasıdır. Belə ki, bu tip evliliklər qan qohumluğuna əsaslanır və bu, həmin nikahdan doğulan şəxslərə müəyyən genetik xəstəliklərin ötürülməsi riskini artırır.” Çıxış yolları istiqamətində fikirlərini diqqətə çatdıran Z. Oruc bildirib ki, ailənin maliyyə vəziyyətinin yaxşılaşdırılması, səhiyyə sahəsində ictimaiyyətin məlumatlandırılması və qadınlar üçün ali təhsil qohumluq nisbətlərini azalda bilər. Digər tərəfdən, ən çox rast gəlinən genetik pozuntuları müəyyən etmək üçün nikahdan əvvəl genetik müayinə təklif edilməlidir. Risk altında olan ailələr üçün genetik məsləhət xidmətləri təmin edilməlidir. Ən vacib addımlardan biri qohumluq və onun fəsadları haqqında dini müzakirələrin geniş aparılmasıdır. Qohum evliliklər üçün genetik test yönləndirmə mərkəzləri yaradıla bilər. Genetik xəstəliklərlə bağlı araşdırmalar təşviq edilməlidir. Daha sonra "Xalq" qəzetinin baş redaktoru Əflatun Amaşov qeyd edib ki, yaxın qohum evliliklərinin qarşısını almaq üçün qanunvericilik sərtləşdirilməlidir. Onun sözlərinə görə, dinləmədə iştirak edənlər arasında sorğu keçirilsə, 50 faizə qədər insanın ailəsində və ya yaxınında öz qohumu ilə evlənən şəxslərin olduğu ortaya çıxar: “Belə bir söz var, əmiqızı ilə əmioğlunun nikahını Allah göydə kəsir. Bax, biz bu problemlərin qurbanı oluruq. Mütləq qanunvericiliyi sərtləşdirməliyik. Yaxın qohumların nikaha cəhdinin qarşısı ciddi alınmalıdır. Burada cərimələr belə rol oynamayacaq. Maarifləndirmə məsələsində isə əsas güc jurnalistlərin üzərinə düşür. Media ilə birgə müxtəlif layihələr, konkurslar keçirilə bilər", - deyə o qeyd edib. Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin Qanunvericiliyin inkişafı sektorunun müdiri Rüstəm Qasımov ailənin bütövlükdə həm cəmiyyətin, həm dövlətin sağlamlığının göstəricisi olduğunu vurğulayıb və qeyd edib ki, bu həm strateji bir problemdir, həm cəmiyyətin problemidir, həm də fərd səviyyəsində problemdir. Əgər bizdə bu kimi halların yayılma dərəcəsi artsa, genefondumuza və gələcək nəsillərimizə təsir edər: “Dövlət və cəmiyyət arasında bir münasibət var. Bəzən dövlət cəmiyyətin arxasıyca getməlidir. Bəzi hallarda isə dövlət önə çıxaraq cəmiyyəti öz arxasıyca çəkməlidir. Bu məsələdə vəziyyət göstərir ki, uzun illərdir maarifləndirmə aparılsa da, məsələ hələ də qalır. Bu baxımdan bəlkə də bu məsələdə dövlətin daha qabağa keçməsi, bunu qadağan etməsi zəruri ola bilər”.
"Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin Qanunvericiliyin inkişafı sektorunun müdiri Araz Poladov qeyd edib ki, ailə dəyərlərinə, eləcə də cəmiyyətin və fərdlərin sağlamlığına xələl gətirən müəyyən faktorlar var. Onlardan biri də qohum evlilikləridir. Bu bizim qədimdən qalan adət-ənənəmizdir. Biz adətə, ənənəyə hörmət etməliyik, onları inkişaf etdirməliyik, lakin eyni zamanda da yanlış stereotiplərə söykənən adət-ənənələrdən imtina etməyi bacarmalıyıq. Cəmiyyətin sağlamlığı naminə proqressiv addım atmağı bacarmalıyıq. Qanunvericilik çərçivəsində atıla biləcək ilk addım 3-cü və 4-cü dərəcəli qohumların yaxın qohumlar siyahısına daxil olunması və bununla da onlar arasında nikahın qadağan olunmasıdır. Maarifləndirmə işlərinin aparılmasına baxmayaraq, görünən odur ki, bu yolla məqsədlərə çatmaq tam mümkün deyil.
Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova bildirib ki, qohum nikahlarına münasibətin öyrənilməsi məqsədilə 1354 respondent arasında sorğu keçirilib. Əksəriyyət mənfi yanaşsa da, müsbət yanaşanlar da olub: Erkən nikahları qəbul etmədiyimiz kimi, qohum nikahlarını da qəbul etməməliyik. Qanunvericilik sərtləşdirilməli, baba və nənələri eyni olan şəxslərin nikahı qadağan edilməlidir”.
Qohum nikahları probleminin ictimai müzakirəyə çıxarılmasını alqışladığını deyən “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova "Sherg.az”a açıqlamasında ənənələrin hələ də güclü olduğunu söylədi:
- Müzakirələr zamanı da göründü ki, hər nə qədər maarifləndirmə işləri aparılsa da, adət-ənənələr hələ də güclüdür. Qohum evliliklərində ilk növbədə valideynlər, ailənin böyükləri israr edir. Analar oğullarına qız axtaranda, ilk növbədə yaxın qohumların ailələrinə göz qoyur, kimin qızı oğlumun yaşına uyğundur. Bəzən yaş uyğun gəlməyəndə də evlilikdə israr edirlər, elçi düşürlər. Valideynlər övladlarını evləndirmək istəyəndə birinci qohum-qardaşdan soraqlayırlar. Bu bizim xalqın adətidir. Məsəl var, “niyə öz balamız başqasının çırağını yandrısın?!”, “xeyir özümüzə qalsın” və sair. Ailələri də anlamaq lazımdır. Qohum-qardaş evində böyümüş qız və ya oğlana bələd sayılır. “Gözümüzün qabağında böyüyüb”, deyirlər. Amma bu evliliyin hansı nəticələri ola bilər, onların övladları sağlam olacaqmı, bu məsələni arxa plana keçirirlər. Yenə də əsrlərdir davam edən ənənəyə söykənərək; əmiqızı ilə əmioğlunun kəbini “göydə” kəsilir”. 21-ci əsrdir, hələ də bəzi insanlar qohum evliliklərinin necə ağır nəticələrə gətirib çıxardığını qəbul etmək istəmir. Keçmişdə elm, tibb indiki qədər inkişaf etməmişdi. İnsanlar məlumatlı deyildilər. Amma indi hər cür informasiyaya çıxış imkanları var. Ailələr özləri də qohum evlilikləri lə bağlı statistikaya baxıb mənfi cəhətləri görə bilər. Tibb elmi də öz sözünü deyir. Burada əsas problem gələcək nəslin qeyri-sağlam olmaq ehtimalıdır. Anlamaq çətindir ki, bəzi ailələr niyə reallığı görmək istəmir, övladlarının və onların dünyaya gələcək övladlarının taleyini məhv edirlər. Biz sonradan ailələr arasında yaranan düşmənçilikdən danışmırıq. Düşmənçiliklə problem aradan qalxmır. Uşaqlar xəstə doğulur, həyatları məhv olur. Xəstəliklər nəsildən-nəslə ötürülür. Dövlətimizin əsas məqsədlərindən biri sağlam gələcəyin təmin edilməsidir. Biz valideynlərsə buna mane olur. Müzakirələrdə bir çox məsələlərə toxunuldu, qohumlar arasında baş verən evliliklərin fəsadları sadalandı. Sonsuzluq, vaxtından əvvəl doğuşlar, bətndaxili ölüm halları, irsi xəstəliklərin davamı, fiziki və əqli qüsurlu uşaqların doğulması... Bunun qarşısı mütləq alınmalıdır. İnsanlarla geniş, əhatəli izahat işləri aparılmalıdır. Reallıq başa salınmalıdır. Qohum evliliyi nəticəsində əlil doğulan uşaqların statistikası açıqlanmalıdır. Bəlkə bununla ailələri zərərli adətlərdən çəkindirmək mümkün olar. Gənclər özləri də bu cür evliliklərlə razılaşmamalıdır. Deyək ki, valideynlər adət-ənənədən keçə bilmir. Gənclər daha açıqfikirli olmalıdır. Və gənclər bu zərərli adətləri məişətimizdən çıxarmalıdırlar. Hesab edirəm ki, bu çox ciddi problemdir, ona görə də hüquqi çərçivənin dəqiqləşməsinə ehtiyac var.