Təmiz ətraf mühit və yaşıl iqtisadiyyat Azərbaycanın gündəliyində əsas priopritetlərdəndir və ölkə bu sahədə qlobal səylərə qoşulur.
Bunu Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev çıxışında deyib.
O bildirib ki, Azərbaycanda yoxsulluq dərəcəsi 49 faizdən 5 faizə düşüb. Ötən ilin yekununa dair hesabata əsasən, Azərbaycanın xarici borcu ÜDM-in 10 faizini təşkil edib. Biz artıq orta gəlirli ölkələr sırasında yer alırıq.
Nazir müavini deyib ki, Azərbaycan yaşıl enerji sahəsində ambisiyalıdır.
"Yaşıl enerji mənbələrindən əldə olunan enerji istehlakı 24 faizə çatıb. Azərbaycanın 2050-ci ilə qədər karbon tullantılarını 40 faizə qədər azaldılması öhdəliyi var. Azad olunmuş torpaqlarımız yaşıl enerji zonası elan olunub. Bu ərazilərdə günəş və külək enerjisi ilə bağlı infrastruktur qurulur. Azərbaycanın qlobal səviyyədə yaşıl enerji istehsalçısı olmaq kimi ambissiyası var", - deyə E.Əliyev əlavə edib.