“Tikinti şirkətləri binaların 8-9 ballıq zəlzələyə davamlı tikildiyini bildirir. Amma bunu yoxlamaq lazımdır”
Baş nazir Əli Əsədov Milli Məclisin plenar iclasında Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatı təqdim edərkən qəzalı binalar barədə məlumat verib. Baş nazir bildirib ki, Bakı, Gəncə və Sumqayıt kimi iri şəhərlərdə ən təhlükəli vəziyyətdə olan 69 bina var. Ölkə ərazisində qəzalı binalarla bağlı problemlərin həlli üçün son illərdə respublikanın 12 şəhər və rayonlarında qəzalı binaların sökülərək yeni binaların tikintisinə və ya sakinlərə maddi yardımların verilməsinə 44,7 mln. manat vəsait ayrılıb. “26 binada yaşayan 971 ailənin mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Bu istiqamətdə prezidentin tapşırığına uyğun olaraq, Bakı, Gəncə və Sumqayıt kimi iri şəhərlərdə ən təhlükəli vəziyyətdə olan 69 bina (2886 ailə) ilə bağlı tədbirlərin həyata keçirilməsi üçün 50 mln. manat vəsait ayrılıb. Növbəti 3 ildə bu istiqamətdə işlər davam etdiriləcək”, - Əli Əsədov əlavə edib.
Son illərdə Azərbaycan da daxil nəinki regionda, dünyada zəlzələlərin xeyli aktivləşdiyi nəzərə alınarsa, qəzalı binalarla bağlı xəbərdarlıq ciddi əhəmiyyət daşıyır. Qardaş Türkiyədə ötən ilin fevralında baş vermiş dəhşətli zəlzələ zamanı binaların necə yerlə-yeksan olduğunu, məhz bu səbəbdən böyük ölçüdə insan tələfatının yaşandığı reallıqdır. Xatırladaq Türkiyədəki zəlzələdən sonra Azərbaycanda da yeraltı təkanlar artıb. Bakıda ötən ilin dekabrında baş vermiş 5.6 ballıq zəlzələ əhalini təşvişə saldı. Bundan sonra da müxtəlif vaxtlarda, müxtəlif dərəcəli yeraltı təkanlar baş verməkdədi. Bütün bunlarsa yaşayış binalarının təhlükəsizliyi, binaların möhkəmliyi məsələsini aktuallaşdırır. Baş nazirin qəzalı binalarla bağlı açıqladığı rəqəmlər narahatedicidir. Baş nazir ən təhlükəli vəziyyətdə olan 69 binadan danışır. Tədbirlərin görülməsi üçün maliyyə ayrıldığını deyir. Amma bu, rahatlığa əsas verirmi?
Təhlükəsizlik məsələləri üzrə eskpert Elmar Nurəliyev “Sherg.az"a açıqlamasında qeyd etdi ki, ən təhlükəli binalar müəyyənləşibsə, ilk növbədə onlarla bağlı ölçü götürülməlidir:
"Paytaxtda köhnə evlər, binalar sökülür. Biz bilmirik, sökülən bu evlər nə dərəcədə təhlükəlidir. Söküntü işləri aparılarkən qeyd edilmir həmin evlər, binalar istifadəyə yararsız olduqlarına görəmi sökülür, yaxud qəzalı vəziyyətdədirlər, ona görə? Sahibkar, hansısa MTK ərazini satın alır, sakinlər köçürülür, onlara ya kompensasiya ödənilir, ya da tikiləcək yeni yaşayış binasında mənzil təklif edilir, ərazidə tikinti başlayır. Əgər söküntü işləri başlayanda bir lövhə vurulsa və qeyd edilsə ki bu bina, bu evlər qəzalı olduqlarına görə sökülür, vətəndaş da xəbərdar olar. Əmin olar ki, qəzalı binalar, qəzalı evlərin sayı getdikcə azalır. İndiki şəraitdə söküntü işləri daha çox sahibkarların marağına xidmət edir".
E.Nurəliyev qeyd etdi ki, qəzalı binalar sökülməlidir, lakin:
"Hamıya məlumdur ki, paytaxtda və ətraf ərazilərdə 500 mindən çox sənədsiz, qeyri-qanuni tikilmiş fərdi evlər var. Adətən belə bir fikir formalaşıb ki, həyət evləri təhlükəsizdir, möhkəmdir, zəlzələ zamanı dağılmaq ehtimalı azdır. Amma kimsə, hansısa qurum gedib yoxlayıbmı, həyət evlərinin möhkəmliyini? Bu evlərin əksəriyyəti adi insanlar tərəfindən inşa edilir. Ev sahibi dostunu, tanışını cəlb edir, uzaqbaşı “fəhlə bazarı”ndan 1-2 fəhlə tutub gətirir, günəmuzd işlədir. Sadəcə, bu evlər alçaq tikililər olduğundan yeraltı təkanlar o qədər də hiss olunmur. Yeraltı təkanların hiss olunmamasının evin möhkəmliyinə dəxli yoxdur. Evlər keyfiyyətsiz tikinti materialından da tikilə bilər, tikinti zamanı qaydalara riayət olunmaya da bilər. Ona gorə də biz həmişə bu məsələni vurğulayırıq ki, sənədsiz evlər problemi həll edilməlidir. Sənədləşmə aparılmalıdır və mütəxəssislər həmin evlərə konkret rəy verməlidir. Həmçinin hündürmərtəbəli binalarla bağlı da ciddi yoxlamalar aparılmalıdır. Tikinti şirkətləri binaların 8-9 ballıq zəlzələyə davamlı tikildiyini bildirir. Amma bunu yoxlamaq lazımdır, həqiqətənmi binalar zəlzələyə davamlıdır, ya yox. Təhlükənin dərəcəsi evin və ya binanın nə dərəcədə sağlam inşa olunmasından asılıdır. İstər həyət evi olsun, istərsə də yaşayış binası, tikinti normalarına uyğun tikilməyibsə, təhlükəlidir. Nəinki qəzalı binalar, yeni tikilmiş bəzi yaşayış binaları da təhlükəlidir. Binaların toplanış meydançaları, qəza çıxışları yoxdur. Zəlzələ zamanı qayda budur ki, sakin mənzili tərk edib açıq sahəyə çıxmalıdır. Əks halda beton plitələr, daş-kərpic altında qalıb həlak olmaq ehtimalı böyükdür. Bakıda isə binaların həyəti yoxdur. Hara çıxacaq, hara axışacaq sakinlər? Bir qədər güclü təkanlar olsa, nələrin baş verə biləcəyini, hətta təxmin etmək dəhşətdir. Binalar biri-birinə çox sıx inşa edilir. Belə vəziyyətdə həyətə çıxmağın mənası nədi? Həyətdə oturub gözləməyin özü böyük təhlükə olacaq. Allah göstərməsin, bina camaatın başına uçular. Yaşayış binalarının fövqəladə vəziyyət üçün toplanış meydançaları olmalıdır. Toplanış meydançalarını geniş həyətlər təşkil etməlidir. Binaların yaxınlığında parklar olmalıdır. Parklar təkcə yaşıllıq, istirahət funksiyası daşımaq üçün deyil. Həm də fövqəladə vəziyyətlərdə insanların təhlükəli ərazidən uzaqlaşıb toplaşmaları üçündür. Qəzalı vəziyyətdə olan, istismar müddətini başa vurmuş, sakinlərinin real təhlükə altında yaşadığı binalar ilk nöbbədə sökülməlidir. Yeni binalar layihələndirilərkən də təbii fəlakətlər nəzərə alınmalıdır".