Son günlərdə ölkədə qohum evliliklərinin ləğvi məsələsi müzakirə edilir. Qohum evlilikləri zamanı cütlüklərin fiziki qüsurlu uşaqlarının dünyaya gəlməsi, doğulan uşaqların sağlamlığında problemlər yaranması gündəmə gəlib.
Mütəxəssislərin fikrincə, tibbi nöqteyi-nəzərdən qohum nikahları uşaqların genetik xəstəliklərlə doğulması riskini artırır, qadınların fiziki və bioloji sağlamlığına ciddi təhdid yaradır. Qohum nikahları zamanı talassemiya, hemofiliya, psixi xəstəliklər, karlıq, qlaukoma, dayaq-hərəki sistemin qüsurları, inkişafdan qalan hamiləlik, ürək qüsurları olan uşaqların doğulması və nəticədə uşaq ölümləri, bir yaşa qədər körpələrin qəfil ölümü və s. kimi xəstəliklər meydana çıxır. TƏBİB (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) sosial media hesabında vətəndaşlara sağlam gələcək naminə irsi və genetik xəstəliklər barədə məlumatlı olmağı tövsiyə edir. Bildirir ki, dünyaya gələcək körpənizin və ailənizin sağlamlığı üçün qohum nikahlarından uzaq olun!
“Qan qohumluğu evliliklərində daha çox rast gəlinən xəstəliklər bölgə və regionlara görə dəyişir”.
“Sherg.az” xəbər verir ki, bu barədə 10 nömrəli Qadın Məsləhətxanasının həkimi mama-ginekoloqu Xanım Məhərrəmova deyib.
Ginekoloqun sözlərinə görə, qohum evlilikləri nəticəsində irsi və genetik xəstəliklərin yaranma riski çox böyükdür. Şəkərli diabet, arterial hipertenziya, şiş xəstəlikləri, həmçinin onkoloji xəstəliklərə meyllilik irsi xəstəliklər sayılır və daha çox yayılan növlərdir:
“ Genetik xəstəliklər isə genin mutasiyaya uğrayan forması ilə meydana çıxan xəstəliklərdir. Ana və ata geni ilə keçən xəstəliklər də müxtəlifdir. Hemofiliya, alkoqolizm kimi xəstəliklər ana geni ilə, şizofreniya, mərkəzi sinir sistemi xəstəlikləri isə ata geni ilə körpəyə ötürülür. Ailənin və doğulacaq körpələrin sağlam olması üçün vətəndaşlara tövsiyə edirik ki, qohum nikahlarından uzaq olsunlar”.
Həkim mama-ginekoloqun fikrincə, qan qohumluğu olan nikahlar nəticəsində şizofreniya, ürək qüsurları, əqli zəiflik, albinizm, fiziki qüsurlu körpələrin dünyaya gəlməsi müşahidə olunur:
“Əgər ata və ana eyni xəstə qanın daşıyıcısıdırsa, genetika qanununa əsasən, fəsadların və xəstəliklərin yaranma riski daha da yüksəkdir. Bu zaman talassemiya, hemofiliya, psixi xəstəliklər, karlıq, qlaukoma, dayaq-hərəkət sisteminin qüsurları yaranır. Bəzən olur ki, ailələr eyni nəsildən qohum evliliyi həyata keçirirlər. Nəticədə, daha çox qan qohumları ilə ailə quran qadınların orqanizmində ciddi problemlər əmələ gəlir. Bununla yanaşı, körpənin xəstə doğulma ehtimalı da yüksək olur”.
X.Məhərrəmova vurğulayıb ki, qohum evlilikləri, əsasən, qadına psixo-emosional, mənəvi və tibbi baxımdan zərbə vurur:
“Şübhələr, gözləntilər, hər dəfə həkimə müraciət zamanı neqativ xəbər gözləntisi qadının mərkəzi sinir sistemini zədələyən amillərdən sayılır. Əsasən, inkişafdan qalmış hamiləlik, düşüklər, ölü döllə və ya xəstə uşağın doğulduqdan sonra tələf olması ilə nəticələnən hamiləliklər olduqda, bu zaman cütlüklərdə və ələlxüsus da qadında ciddi sarsıntılar, psixi pozuntular və orqanizmdə sonrakı dövrlərdə meydana çıxacaq xəstəliklər yaranır”.