“İstisnalar yalnız plastik əməliyyatlara şamil edilməlidir, burada da şərtlər olmalıdır”
Milli Məclisin ötən toplantısında Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov onkoloji xəstəliklərin icbari tibbi sığorta paketinə daxil edilməsinin vacibliyini bir daha vurğulayıb. Bu, millət vəkilinin neçənci çıxışı, müraciətidir ki, onkoloji xəstəliklər icbari tibbi sığortaya aid edilsin, lakin məsələ hələ də həllini tapmayıb. Ə.Əmiraslanov tibb elmləri üzrə professor, akademikdir. Və şübhəsiz ki, onkoloji xəstəliklərin ağırlıq dərəcəsini, xəstəliyin müalicəsinin çətinliyini və böyük vəsaitlər tələb olunduğunu da bilir. Millət vəkili qeyd edib ki, İcbari Tibbi Sığorta Fondunun maliyyə vəsaiti hesabat ilində 2 milyard manata yaxınlaşıb. O, icbari tibbi sığorta ilə əhatə olunan cərrahi əməliyyatlara qoyulan say məhdudiyyətinin aradan qaldırılacağına ümid etdiyini deyib: “Ümumiyyətlə, çox az sayda tibbi xidmətlər istisna olmaqla, bütün xidmətlər sığorta ilə əhatə olunmalıdır. Onkoloji xəstəliklərin sığorta ilə əhatə olunmaması anlaşılan deyil. Səbəb bu xəstəliyin müalicəsinin çox maliyyə tutumu olması göstərilir. Təxirə salınmadan onkoloji xəstəliklərin icbari tibbi sığorta ilə əhatə edilməsi təmin olunmalıdır, dərman vasitələri sığorta ilə qarşılanmalıdır”. Qeyd edək ki, bundan əvvəl də millət vəkili eyni problemə dəfələrlə toxunub və “bu gün onkoloji xəstəliklərin müalicəsinə 50 milyon manat vəsait ayrılıb. Lakin bu, xəstələrin tam müalicəsi üçün yetmir", söyləyib.
Problemlə bağlı “Sherg.az"a danışan təcili tibbi yardım həkimi, terapevt Şahvələd Məmmədov qeyd etdi ki, əlbəttə, bütün xəstəliklərin icbari tibbi sığorta paketinə daxil edilməsi arzulanır:
- İstisnalar, yalnız plastik əməliyyatlara şamil edilməlidir, burada da şərtlər olmalıdır. Əgər plastik əməliyyat sadəcə gözəllik, arıqlamaq xatirinədirsə, icbari tibbi sığortaya aid edilməməlidir. Amma ola bilər ki, kimsə qəza keçirsin, sahibsiz heyvanların hücumuna məruz qalsın, müxtəlif bədbəxt hadisələr nəticəsində bədəninin hansısa əzası zədələnsin və plastik əməliyyata həkim təyinatı olsun, bəli, bu vəziyyətdə həmin əməliyyatların da icbari tibbi sığortayla əhatələnməsi lazımdır. Onkoloji xəstəliklərin icbari tibbi sığortaya daxil edilməsi isə çox vacibdir. Onkoloji xəstələr illərdir bunu gözləyir. Onkoloji xəstəliklərin icbari tibbi sığorta paketinə daxil edilməsi böyük savab iş olar. Burada əsas məsələ təkcə onkoloji xəstələrin maliyyə yükünün azaldılması deyil, eyni zamanda onlara mənəvi dəstəyin təmin edilməsidir. Xəstə biləndə ki onun müalicəsi, dərmanları dövlət hesabına qarşılanacaq, bu ona əlavə güc, ruh yüksəkliyi verəcək. Onkoloji xəstəliklərə mənəvi dayaq, müalicənin tən yarısıdır. Onkoloji xəstəliklərdə ölüm göstəriciləri böyükdür. Bu xəstəliklər böyük məsrəf tələb edir. Təsəvvür edin ki, onkoloji xəstəliyin müəyyənləşməsi birdən-birə ailə faciəsinə çevrilir. Xəstə bilmir, sağalacaq, ya yox. Özü də əziyyət çəkir, ailə üzvləri də. Müayinələr, müalicə kursu, şüa terapiyası, kimya terapiya, əməliyyatlar... bunlar hamısı böyük xərc, böyük vəsait hesabına başa gələn müalicələrdir. Hər xəstənin buna maddi imkanı çatmır. Hepatit D xəstəliyi də həmçinin, böyük məsrəf tələb edən xəstəlikdir. Məhz məsrəf nəzərə alınmaqla bu xəstəlik də icbari tibbi sığortaya daxil edilməlidir. Ümumilikdə, səhiyyə komitəsi sədrinin də dediyi kimi, bütün xəstəliklər icbari tibbi sığorta zərfinə daxil edilməlidir. Yəqin ki, zaman-zaman biz bunun şahidi olacağıq. Həllini gözləyən əsas məsələ həm də icbari tibbi sığorta fondunun artırılmasıdır. Maliyyə artsa, çox iş görmək olar, icbari tibbi sığorta zərfinə daxil ediləcək xəstəliklərin siyahısı da genişlənər.