Deputat: Oruc yalnız ac qalmaqla yerinə yetirilməməlidir

"Oruc sırf Allaha ibadət məqsədilə edilən ibadətlərdən biridir. Oruc tutan insanın əsas niyyəti Allaha ibadət olmalıdır. Arıqlamaq oruc tutarkən əsas yox, ikinci dərəcəli məqsədlərdən biri ola bilər".

"Sherg.az"ın xəbərinə görə, bu barədə millət vəkili, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov deyib. 

Deputat bildirib ki, oruc ibadəti yalnız ac qalmaqla yerinə yetirilməməlidir: 

"Oruc sözü ərəb dilində tutmaq mənasını ifadə edir. Oruclu insan günah əməllərdən də özünü tutmalıdır. İnsanların haqqına girməkdən, qeybətdən, dedi-qodudan, insanları ələ salmaqdan və digər müsəlmana yaraşmayan əməllərdən uzaq olmalıdır. Oruc tutan insan hətta beynini belə pis fikirlərdən təmiz saxlamalıdır. Əgər oruc tutan insan günah əməllərə davam edirsə, insanları incidirsə, onların haqqına girirsə və digər günah əməllərə yol verirsə, bu, orucun ona heç bir faydası yoxdur. Çalışaq ruhən və cismən oruc tutaq".



Parlament üzvü vurğulayıb ki, Azərbaycanda ən çox müzakirə olunan və sual verilən mövzulardan biri də namaz qılmayan şəxsin oruc tutması ilə bağlıdır: 
"Təəssüf ki, biz özümüzdən daha çox başqalarının əməllərini təftiş etməyə meylliyik. İslam müsəlmanlara bütün ibadətləri yerinə yetirməyi tövsiyə edir. Bu baxımdan oruc tutan şəxsin namaz qılmaqla yanaşı, digər ibadətləri də yerinə yetirməsi daha doğrudur. Çünki dinimizdə hər iki ibadəti yerinə yetirmək vacibdir. 
Ancaq namaz və oruc ayrı-ayrı ibadətlər olduğuna görə namaz qılmayan şəxsin oruc tutmasında heç bir problem yoxdur. Bəlkə də, bu il oruc tutan şəxs növbəti günlərdə namaz qılmağa da başlayacaq. Ona görə dəyərli müsəlman qardaş və bacılar, daha çox başqalarının deyil, özümüzün əməllərini təftiş edək. Qiyamət günü biz başqalarının deyil, öz əməllərimiz barədə sorğu-sual olunacağıq".

Ceyhun Məmmədov əlavə edib ki, orucu yalnız qida və maye qəbul etmək pozmur: 

"İnsanların haqqına girmək, yalan danışmaq, insanları aldatmaq, dedi-qodu ilə məşğul olmaq, xəbər aparıb-gətirmək və digər günah əməllər də orucu pozur. Oruc cismən, fikrən və əmələn tutulmalıdır. Məhəmməd Peyğəmbər buyurub: "Kim yalan danışmaqdan və bu yalana əməl etməkdən əl çəkməsə, yeməyini və içməyini tərk etməsinə Allahın ehtiyacı yoxdur". İslam ibadətlərinin əsas məqsədlərindən biri insanların mənən saflaşması, paklaşması və günahlardan arınmasıdır. Bir sözlə oruc yalnız mədə ilə deyil, əməllə də tutulmalıdır. Əgər bir insan oruc tutursa,  ancaq bu onun əməllərində özünü göstərmirsə, onun bütün günü ac qalmasına Allahın ehtiyacı yoxdur".